Nazim faytonunu taksiyə dəyişir - FOTO

16 Aprel 2011 17:40
Müğənni Nazim Pişyarinin Milli.Az xəbər portalına müsahibəsi


"İstəməzdim olsun... amma o vaxt belə bir şey olmuşdu"


Özünün də dediyi kimi, bu gün şou-biznesdə o, həm var, həm də yoxdur. Söhbət "Faytonçu" Nazimdən gedir. Milli.Az xəbər portalına müsahibəsində müğənni ürəyini açıb, dilə
gələn Nazimlə söhbətimiz də yeni klipinin çəkilməsi ərəfəsində oldu.

- Nazim, uzun müddətdir hardasan?

- Vallah, nə deyim? Şou-biznesdə bu gün həm varam, həm yoxam - desəm, düzgün olar. Ümumiyyətlə, mən nə qədər şou-biznesdə olsam da, özümü heç vaxt şou insanı hesab etməmişəm. Bu, mənim xarakterimdə yoxdur. Qaldı niyə görünməməyimə, tamaşaçı qarşısına elə-belə çıxmağın nə mənası var? Uzun müddətdir layihə üzərində çalışırdım, artıq demək olar ki, bitmək üzrədir. Elə siz də klip çəkilişinə bir gün qalmış qonağım olduz. Dediyim odur ki, isti məlumatları ilk dəfə sizə bildirirəm.

- Eşitdiyimizə görə, retro mahnılardan birinə müraciət etmisən. "Gün keçdi" filmindəki mahnının sauntrikini hazırlayırsan. Niyə məhz klipi bu mahnıya çəkdirirsən?

- Mənim repertuarımda klassik retro musiqilər üstünlük təşkil edir. Klassik mahnıları dinləməyi də, oxumağı da çox sevirəm. Sadəcə, belə mahnılara məsuliyyətli yanaşmaq lazımdır. Bu mahnını uzun müddətdir beynimdən keçirirdim. Özümü hazır hiss etdikdən sonra oxumağa qərar verdim. Belə mahnıları ifa edərkən mütləq o musiqi mənim ruhumun süzgəcindən keçməlidir. Belə də oldu. Bu mahnıya daxili aləmimdə tələbat yarandı, oxudum. Məsələ burasındadır ki, mən indiyə qədər Oqtay Rəcəbovun, Ələkbər Tağıyevin mahnılarını oxumuşam. Baxmayaraq ki, Emin Sabitoğlunu çox sevmişəm, onun mahnılarının xəstəsi olmuşam, ancaq ilk dəfədir ki, onun musiqisinə müraciət etmişəm.  

- Rejissor kimi Ülviyyə Könülə müraciət etməyin necə oldu? Səhv etmirəmsə, ondan əvvəl başqa bir rejissora da müraciət etmisiz....

- Hə, maşallah, mətbuatdan da heç nəyi gizlətmək olmur (gülür). Əvvəla, onu deyim ki, bu, Ülviyyə xanımla mənim üçüncü işbirliyimdir. Həqiqətən, əvvəlcə Aqil M.Quliyevə müraciət etmişdim. Bilirsiz ki, Aqillə də buna qədər çalışmışıq. Üslubunu çox bəyənirəm. Ancaq Aqil razı olmadı. Daha doğrusu, zaman məhdudiyyəti üzündən bildirdi ki, klipin çəkilişi gecikə bilər. Sonra da mətbuat yenə yazacaq ki, Aqil klipi gecikdirir. Ona görə də işbirliyimiz alınmadı. Açığını desəm, ikinci dəfə Fuad Əlişova müraciət etdim. Ancaq onun tələb etdiyi maddi vəsait məni qane etmədi.

- Sirr deyilsə, nə qədər sizdən pul istədi?

- Onu açıqlamaq düzgün olmazdı. Sadəcə, onun dediyi vəsait məni qane etmədi. Ona görə də Ülviyyə Könülə müraciət etdim. Ülviyyə Könül rejissor olaraq həm keyfiyyətli iş görür, həm də üslubu, rejissor fantaziyası başqalarından fərqlənir.

- Klipin çəkilişi üçün Azərbaycanda model tapmadız ki, Rusiyadan model dəvət etdiniz?

- Bilirsiniz, mənim klipimdə çəkiləcək xanım təkcə model deyil. Rusiya şou-biznesində o, həm tanınmış model, həm də aktrisa olaraq fəaliyyət göstərir. Bir çox seriallarda çəkilib. Yəni bu sahədə professionaldır. Bir də ki rejissorun parametrlərinə tam cavab verən sima idi. Onunla internetdə skayp vasitəsilə tanış olduq. Məni də qane etdi, razılaşdıq.

- Model sizdən nə qədər pul istədi?

- Bunu mütləq açıqlamalıyam?

- Hər halda maraqlıdır. Axı siz bahalı klip çəkdirməyi sevirsiz. Bir klip üçün Rusiyadan model dəvət olunursa, demək, o qədər də ucuz klip olmayacaq...
 
- Düzünü desəm, modelin iki günlük çəkilişi üçün üç min dollar pul ödəməliyik. Ancaq bura gedib-gəlmək və qalmaq xərcinin qonorara aidiyyəti yoxdur. İstəmədik tamaşaçıya tanınan sima olsun. Onun aktyor olaraq professionallığı da diqqət çəkdi. Bir neçə suallar da ünvanladıq. Aldığımız peşəkar, professional cavablar fikrimizi qətiləşdirməyə imkan verdi. Allah qoysa, bazar günü çəkilişlərə başlayırıq. Çəkiliş meydançasından ən isti məlumatları da elə "milli.az" xəbər portalına açıqlayacağımıza da söz veririk.  

- Nazim, nə qədər şou-biznesdə olmadığını desən də, əslində müəyyən zamanlarda qalmaqallarda sənin də adın çəkilib. Sənin şou-biznesdə sevmədiyin insan var? Bildiyim qədər səni də sevməyənlər var...

- Bu, təbiidir. Bir insanı hamı sevə bilməz. Mənim də bəyənmədiyim kimsə ola bilər. Məni də bəyənməyə bilərlər. İndi bunların adını açıqlasam, siyahı böyük olar.

- Onda kim səni qıcıqlandırmırsa, bəlkə onların adını çəkəsən?

- Hə, bax onların adını çəkə bilərəm. İlqar Muradovun, Eyyub Yaqubovun, Brilliant Dadaşovanın ifası məni qıcıqlandırmır. Onlara bir insan kimi hörmətim var. Zülfiyyə xanımın repertuarını çox bəyənirəm. Cavanlardan isə Ayaz Qasımovu, Eltonu bəyənirəm.

- Sənət aləmində eləsi var ki, səsini bəyənirsən, ancaq şəxsiyyətinə hörmətin yoxdur?

- Bu suala belə cavab verim də... Bayaq dedim e, sənət aləmində həm varam, həm də yox. Sənət aləmində demək olar ki, dostum yoxdur. Sadəcə, həmkarlarım var. Yaxşı münasibətim olanlar var. Onların insani keyfiyyətlərini görmürəm ki, fikir də bildirim.

- Görmürsən, ya görmək istəmirsən?

- Ən azı, onları görmək üçün onlarla yaxından ünsiyyətdə olmaq, görüşmək lazımdır. Efirdə çox şeylər baş verir. Küsüb gedənlər də olur, təhqir də edirlər, təhqir də olunurlar. Mən də olub ki, efiri tərk etmişəm. Elarizlə olan gərginliyi deyirəm. "İstəməzdim olsun, amma o vaxt belə bir şey olmuşdu". O zamanlar üçüncü şəxs münasibətlərimizi pozmuşdu. İndi münasibətlərimiz yaxşıdır.

- Nə baş verir ki, şou-biznesdə yox olub, yenidən varlığını göstərirsən?

- Mənə sual verirlər ki, niyə klip çəkdirirsiz? İndi klipə tələbat yoxdur. Klipə o qədər vəsait sərf edəcəksiz. Buna nə ehtiyac var? Səmimi cavabım var: ola bilər, klip kimin üçünsə bu gün aktual deyil. Ancaq mənim üçün bunu görmək tələbatım, istəyim varsa, bunu həyata keçirəcəm. Bayaq dediyim kimi, buna tələbat duydum, bu mahnıya klip çəkdirmək istərdim və başladım. Klipi dostlarım üçün, pərəstişkarlarım üçün hazırlayıram. Bu, mənim onlara hədiyyəmdir. Bəzi müğənnilərimiz var ki, ilə 8-10 mahnı oxuyurlar. Mənə belə gəlir ki, bu, düzgün deyil. Müğənni ola bilməz ki, bir ildə 10 mahnı oxusun. Möhür məsələsi var da... Oxuduğun on mahnı möhür vura bilməz.

- Bəs axı Röya hansı mahnını oxuyur, deyirlər ki, "tutdu". Bəlkə müğənnidən asılıdır?

- Deyirlər ki, tutur. Ancaq bu, o demək deyil ki, bütün mahnıları tutur. Bir mahnı gündə radio dalğalarında "rasskrutka" olunursa, yenə də o demək deyil ki, bu mahnı tutulub, sevilir. Röyaya böyük hörmətim var, ifasını də bəyənirəm, yaradacılığını da. Amma elə mahnılar var ki, düşünürəm Röya onu indi oxumamalı idi.

- Səncə, sənətçilərimiz retro musiqilərə müraciət etməkdən niyə qorxurlar?

- Bu, bir qanundur da. Retro mahnılarını vaxtilə oxuyan böyük sənətkarlar bu mahnıya möhür qoyublar. Onlardan sonra belə mahnılara müraciət etmək həqiqətən cəsarət tələb edir. Əgər o mahnıya, oxumaq xatirinə müraciət edirsənsə, yaxşı olar ki, toxunmayasan. Çünki Mirzə Babayevdən, Şövkət Ələkbərovadan, Rəşid Behbudovdan sonra onların oxuduğu mahnılara müraciət etmək heç də asan deyil. Mən belə mahnıları 5-10 günə hazırlamıram. Ən azı, belə mahnı üçün bir il vaxt sərf edirəm. Mənim klipimdə də iki sevənin baş tutmayan məhəbbətindən bəhs edəcək.

- Klipin ssenarisi kimə aiddir?

- Klipin ssenarisi Azər Baxşəliyevlə, mənə məxsusdur. İkimizin birgə təxəyyülünün məhsuludur.

- Nazim, sanki kliplərində bir obraz təkrarlanır. İntelligent, kübar, imkanlı şəxs obrazı. Və bu obrazdan kənara çıxa bilmirsən. Xüsusilə də şlyapada olan Nazim obrazı diqqət çəkir. Mənim üçün maraqlıdır, bu klipdə həmin ampluadan çıxacaqsan?

- Hə, həqiqətən kübar görünüş əslində mənim xarakterimdən xəbər verir. Ancaq budəfəki klipdə həmin ampluadan çıxıram. Bu klipdə mən taksi şoferini oynayıram.

- Mənə çatan məlumata görə, deyəsən, bu taksi şoferi elə də ucuz maşın sürmür axı? Əminsən ki, "dəbdəbəli taksi" şoferi deyilsən?

- (Gülür) Hə, məlumatınız deyəsən, dəqiqdir. Elə-belə maşın sürmürəm. "S-Klass" sürən taksi şoferiyəm.

- Hər halda şan-şöhrət yenə də özünü göstərdi?

- Mən kliplərimdə hardasa 60-70-ci illərin obrazını yaratmışam. Ən çox sevdiyim aktyor Robert de Nirodur. Onunla bağlı bir çox məqalələr oxumuşam, yaradıcılığı ilə maraqlanmışam. Onun görünüşü, yaratdığı obrazlar mənə daha yaxındır. Mənim atam rəhmətlik də, həmişə şlyapa taxardı. Ona baxırdım, xoşuma gəlirdi. Ümumiyyətlə, şlyapa taxmağı çox sevirəm. Geyimimdə, qarderobumda şlyapa ayrılmaz bir aksessuardır.

- Şlyapa taxanda kübar görünürsən deyə, bu sənə rahatlıq verir? Həyatda da taxırsan?

- Əsl şlyapanı səhnəmizdə iki nəfər tam taxa bilir. Üstündə türklər demiş, şık qalır. İlqar Muradov, bir də mən. O birilər də taxır e, elə-belə, səhnə xatirinə. Şlyapada görünsünlər deyə taxırlar. Əsl kişi şlyapa taxmalıdır da...

- Nazim, nəyə görə həmişə bahalı, dəbdəbəli kliplərə müraciət edirsən? Ümumiyyətlə, xarakterində şöhrətpərəstlik var sanki...

- Mahnı dəbdəbə tələb edirsə, bundan qaça bilmərəm. İndiyə qədər bir çox retro mahnılar çəkdirmişəm. "Necə unudum səni", "Gözləyəcəyəm". İndi də "Bir axşam taksidən". Yəni yaşanmış sevgidən bəhs edən musiqiləri sevdiyim üçün onlara çəkdiyim xərcə də heyfsilənmirəm. Hə, düz deyirsiz ki, bəlkə də müəyyən mənada bahalı maşın, yaxşı görkəm mənim üçün əhəmiyyət kəsb edir. Bir də ki, sevgidən bəhs edən mahnını ucuzlaşdırmaq yaxşı deyil.


"O sevgimin həsrəti ilə yaşayıram"


- Deyəsən, həyatında böyük sevgin olub, ancaq ona çatmamısan?

- Açığını desəm, gizlətmirəm. Mənim həyatımda məhəbbətim olub ki, onu unuda bilməmişəm. Bu sevgi alınmayıb. Mən bu gün də o sevginin həsrətini hiss edirəm. Bunu yoldaşım da bilir.

- Belə bir açıqlama vermək ailədə, yoldaşınla münasibətində problem yaratmayacaq ki? Hər halda böyük etirafdır.

- Yox, problem yaratmır. Yenə də qeyd edirəm ki, yoldaşım bunu bilir. Həyatdı da, alınmayıb. Bu, olan bir şeydir, niyə gizlətməliyəm? Hələ gənc yaşlarımda, məktəbdə oxuyanda bu sevgi olub.

- İndi o xanım hardadır?

- İnanın ki, indi harda olduğunu bilmirəm. O insan mənim üçün bu gün maraqlı da deyil. Sadəcə, mən o vaxtkı sevgimin həsrəti ilə yaşayıram. Bəlkə də bu gün o xanımı görsəm, deyərəm ki, mən bu qadını necə sevə bilmişəm? Mən sadəcə, o təmiz hisslərimin həsrətindəyəm. O sevgi, o hiss mənim içimdə hələ də yaşayır.

- Ümumiyyətlə, yoldaşınla qısqanclıq üzündən mübahisələriniz olmayıb? Səhv etmirəmsə, kliplərinin birindən sonra ailənizdə ciddi problem yaranıb.
 

- Hə, həqiqətən, bir dəfə belə bir şey oldu. Bu da əslində mətbuatın şişirtməsi oldu. O qədər məsələni şişirtdilər, yazdılar ki, evdə də narahatlıq yarandı. Hətta mətbuat nümayəndələrindən biri, bilmirəm kim idi, evimə zəng vurmuşdu. Yoldaşıma müəyyən açıqlamalar vermişdi. O da böyük söz-söhbət yaratdı. Müəyyən mənada, yoldaşım da inanmışdı. Elə oldu ki, bir dəfə də mənim barəmdə telefonda ona yalan məlumat verdilər. Halbuki həmin dəqiqə mən evdə idim. Ondan sonra inandı ki, bu, boş dedi-qodudur. Yoldaşımla söhbətimiz zamanı dedi ki, mən səndən ayrılmazdan öncə, oturub düşünürəm ki, gedirəm, ancaq hara? Cavab gəlir: atamın evinə. Müəyyən vaxtdan sonra həyat yoldaşım Nazim gələcək mənim dalımca ki, qayıt evə. Növbəti sual gəlir: gələcəkmi? Cavab gəlir ki, şübhəsiz, gələcək. Ailəsinə, mənə görə arxamızca gələcək. Məni hamı başa salacaq ki, evini dağıtma. Mən də qayıdacam. Bəs onda niyə gedirəm ki, niyə də qayıdım? Ona görə mən heç yerə getmirəm. Bu onun düşüncəsi idi, mənimlə bölüşdü, məsələni həll etdik. Ailəmdir deyə demirəm, mənim həyat yoldaşım geniş dünyagörüşünə, intellektə malikdir.

- Bizim sənət aləmində son illər çox şey baş verdi. Kişi müğənnilərin görkəmi çox dəyişib. Şou-biznesdə kişi müğənnilərin kişi olaraq görünməsi də son vaxtlar problemdir. (Sualımız Nazimi və prodüsseri Raufu əməlli-başlı qəhqəhə çəkməyə vadar etdi)

- Mən çox heyfsilənirəm ki, bizim cəmiyyətimizdə də, səhnəmizdə də kişi adını daşıyanlar ad alıb. Söhbət şalvar geyinməkdən getmir. Zahirən, görürsən ki, kişidir. Ancaq daxilən, kişi olmaq lazımdır. Əməlinlə, sözünlə. Görüşəndə də kişi kimi görüşəsən. Kiminsə əlini sıxanda hiss etsin ki, kişi ilə görüşür. Bir də var ki, əzilib-büzülərək salam verən "kişilərimiz". Adam onlara kişi demək istəmir.

- Şou-biznesdə elələri varmı ki, görüşəndən sonra əlini yuyursan?

- Düzünü deyim, elələri var ki, onlara əllə salam vermək istəmirəm. Elə iyrənməmək üçün də uzaqdan əlimi göyə qaldırıb, "öpürəm" deyib salamlaşıram. Yəni elə şərait yaradıram ki, əllə görüşməyək ki, sonradan əllərimi yumaq məcburiyyətində qalmayım. Çalışıram, o boyda da hiss etdirməyim. Bu, onun problemidir, özü bilər.

- Bir az da uşaqlarından, ailəndən danış...

- İki övladım var. Uşaqlarımın hər ikisi həm Azərbaycan, həm də rus dilini mükəmməl bilirlər. Oğlum 18 yaşındadır. Qərb Universitetində təhsil alır. Qızımın isə 19 yaşı var. İqtisad Universitetinin tələbəsidir.

- Ərköyün deyillər, sözünə baxırlar?

- Şükür Allaha ki, bu günə qədər sözümdən çıxmayıblar. Ümumiyyətlə, bizdə qarşılıqlı hörmət var.

- Hər halda, bir-iki ildən sonra övladların ailə quracaq. Oğlun sənət aləmində olan müğənni ilə ailə quracağını bildirsə, reaksiyan necə olar? Razı olarsan ki, gəlinin müğənni olsun?

- Əgər səmimi danışsaq, istəmərəm ki, oğlum sənət aləmindən olan bir xanımla ailə qursun. Bir ata kimi bunu nə arzulamıram, nə də gözləmirəm. Ancaq həyatdır. Belə bir problemlə qarşılaşsam, ilk növbədə oğlumu qarşıma qoyub məsləhət verərəm. Ancaq konkret olaraq qadağadan söhbət gedə bilməz. Çünki bu, onun həyatıdır. Mən bir ata olaraq onunla dost kimi söhbət edə bilərəm. Həyatına müdaxilə etmək istəmərəm. İnşallah, belə bir problemlə üz-üzə qalmaram. Ola bilər ki, oğlumun seçdiyi xanım jurnalist olsun, müəllimə olsun, ya da elə müğənni. Əgər oğlum o qızı sevirsə, mən konkret qadağa qoymaram. Demirəm ki, sənət aləmində olanların hamısı pisdir, əxlaqsızdır. Şou-biznesdə olan xanım sənətçilərimiz arasında çox gözəl ailəsi olan xanımlarımız da var. Samira, Lalə Məmmədova, onlarla ailəvi dostam. Baxmayaraq ki, bayaq dedim sənət aləmində dostum yoxdur, ancaq bu sənətçilərlə ailəvi dostuq. Bəzən bir yerdə toplaşıb istirahət edirik. Ancaq bu heç kimə sirr deyil və mənim dediyim də ilk dəfə səslənmir ki, sənət aləmində pozğunlar var.
 
- Səncə, niyə çoxları bunu etiraf etməkdən çəkinir?

- Mən, nə varsa, onu deyirəm. Kimin xoşuna gəlir, gəlmir, öz işidir. Konkret ad da çəkmirəm ki, kimisə narahat etsin. Bu, faktdır ki, sənət aləmində qeyri-sağlam həyat tərzi keçirənlər çoxdur. Şərəfsizləri də var, səhnəyə yaraşmayanları da.

- Bir çox müğənnilər gələcəklərini sığortalamaq üçün başqa bir sektorda da çalışırlar. Yəni bizneslə məşğuldurlar. Nazimin başqa bir biznesi var?

- Yox. Başqa bir biznesim yoxdur. Heç bir əlavə sektorda çalışmıram. Təbii ki, gələcəyimi düşünürəm. Ancaq nə qazanıramsa, sənətimlə qazanıram. Yaşlananda da istirahət edəcəm, necə deyərlər, qocalığımı yaşayacam. Yəqin övladlarım da kömək edəcək. Mənə elə gəlir ki, bizim evdə valideynlərinə hörmət edən layiqli övladlar böyüyür. Dövlətə vergi verirəm, yəqin ki, nə vaxtsa pensiya alacam, onunla da dolanacam.
 
- Dəbdəbəli həyat yaşayan Nazimə pensiya yetərli olacaq?

- Həyatdan köçəndə hamı tək kəfənlə gedir. Hər şey Allahın əlindədir. Bir də ki, yaxşı dostlarım var, onların canı sağ olsun. İnsan var, yaşlandıqca müdrikləşir, insan da var "düdükləşir". Yəqin ki, mən müdrikləşməyə üstünlük verəcəm. Heç kim sabahı barədə təminat verə bilməz ki, çətinlik yaşamayacaq. Ən dəhşətli bilirsiz nədir? Bir çox tanınmışlar olub ki, həyatlarının son illərini maddi sıxıntı, aclıq içərisində keçiriblər. Necə deyərlər, mənim dostlarım mənim üçün müəyyən faizlər ayırıblar.

- Dostlara həmişə güvənməyə dəyər ki?

- Yox, həmişə güvənməyə dəyməz, ancaq yaxşı dosta güvənmək olar. Mənim dostlarım güvəndiyim insanlardır.

(Söhbətimizin sonunda Nazim bizə piano arxasında bir neçə maraqlı musiqi parçası səsləndirdi. Düzünü desək, onun piano arxasında oturub səssiz ifasını ilk dəfə idi ki, seyr edirdik. Hətta sonunda bir məlumatı da öyrəndik. Sən demə, Nazim oxumaqdan əlavə, mahnı da yazırmış. "Yağış" adlı bəstəsini də bizim üçün ifa etdi. Ancaq ifadan qabaq peşəkar bəstəkarlardan üzr də istədi)

Tahirə
Milli.Az












Foto Milli.Az