İslami radikalizmin səbəbləri

3 İyul 2016 22:15

Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. İstər islami dini cərəyanlar arasında, istərsə də Protestanlıq, Hinduizm kimi qeyri-islami dinlərdə radikallaşma meyilləri XX əsrin sonlarından etibarən xeyli artmışdır. Bu prosesi sadəcə müasir dövrə aid etmək düzgün deyil, əksinə tarixin hər dövrundə dini radikalizm fenomeni müşahidə olunmuşdur. Din uğrunda edilən müharibələr, və ya din pərdəsi altında aparılan işğançılıq fəaliyyətləri dini radikalizmin bariz örnəklərini təşkil etmişdir. Günümüzdə isə dini radikalizm məzhəblər və dinlər arası dözümsüzlük və zorakılıq və ya dini motivlərlə törədilən terror aktlarında təzahür edir. Təəssüf doğuran hal isə, son on illikdə islami radikalizmin kəskin surətdə yüksəlişə keçməsidir.
Milli.Az sunna.az-a istinadən bildirir ki, islami radikalizmin səbəblərini təhlilə keçməzdən əvvəl, dini radikallığın mahiyyəti ve meyarlarını izah etmək lazımdır. Çünki müəyyən bir dini cərəyanın radikal olub-olmamasını təyin etmək hər zaman asan deyildir. Bəzən ənənəvi cəmiyyətlərdə formalaşmış stereotiplər yeni ortaya çıxmış dini təşkilatlara şüphə ilə yanaşmağa səbəbiyyət verir. Buna görə də, adətən qeyr-ənənəvi təriqətlər radikallıqla eyniləşdirilir. Amma bir dini cərəyanı radikal hesab etmək üçün onun qeyri-ənənəvi olma xarakterindən daha çox, onun  ehtiva etdiyi radikal inanç və praktikalar əsas təşkil etməlidir. Yəni ənənəvi və ya qeyri ənənəvi olmasından asılı olmayaraq yuxarıda qeyd edilən radikal elementlərdən birini ehtiva edən din və ya məzhəb radikaldır. Hərçənd qeyri-ənənəvi təriqətlər arasında radikal qrupların daha çox olduğunu da unutmamaq gərəkir.

Radikalizm müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquqlarına hörmət göstərməyən; başqalarının hüquqlarını pozmaq bahasına məqsədə çatma fəaliyyətinə deyilir. Dini radikalizm də bu mənada, özündən olmayan dini qruplara qarşı barışmaz mövqe mənimsəyən, başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli növünü təşkil edən terrorist qrupların fəaliyyətlərə şamil edilir. Qərbdə radikal dini qruplar "yeni dini hərəkatlar" kategoriyası arasında müzakirə edilir. Din sosiologiyası sahəsində bu mövzuda geniş bir ədəbiyyat yaranıb.Yeni dini hərəkatlar ənənəvi dinlərin xaricində inkişaf edən və ya sonradan ayrılan cərəyanlar üçün istifadə olunan termindir. Təhlükəli dinlər arasına daxil edilən bu dini hərəkatlar yeni üzvlər qazanmaq üçün beyin yuma kimi qeyri-etik üsullara müraciət etmələri, dini qrupun quruluşu cəhətindən isə xarizmatik liderlik və cəmiyyətdən təcrid olunma kimi xüsusiyyətlərə görə tənqidlərə məruz qalmışdır.

İslam dininə aid edilən radikalizm təmayülünün səbəbləri isə fundamentalizm və iqdisadi-siyasi məhrumiyyətlər amili ilə əlaqələndirilir. İslami fundamentalizm müxtəlif şəkilərdə izah edilir. Birinci növbədə fundamentalizm müqəddəs kitabın literal (hərfi mənada) yozumunu müdafiə etməkdir. Literal izahların yaratdığı problem, belə bir yanaşmanın dini mətinlər ilə müasir elmi nəzəriyyələri, bəzi hallarda isə mövcud hüquqi və etik dəyərlər ilə ziddiyyət təşkil etməsindədir. Dinin fundamental əsaslarına qayıtma və ya bunları günümüzdə olduğu kimi tətbiq etmə ideyası islami fundamentalizmin digər aspektini təşkil edir.

İqtisadi məhrumiyyətlər dini radikalizmə zəmin hazırlayan ən mühüm amildir. Diqqətlə nəzər edəndə radikalların cərgəsinə daha çox gənclərin cəlb edildiyini görürük. İqtisadi cəhətdən təmin edilməyən gənc nəslin radikal və ekstremist ideyalara meyl etməsi yayqın bir fenomendir. Cihad, "şəhid olma" və ya "əbədi qurtuluş"a çatma kimi ekstremist ideyalar, bu halda dünyəvi məhrumiyyətləri konpensasiya etmə rolunu oynayır. Buna görə də, radikalizmlə mübarizə edərkən sadəcə mötədil dini marifləndirmə ilə yetinməyib, gənclərin və ümumi olaraq cəmiyyətin iqtisadi fürsətlərini artırmaya da əhəmiyyət verilməlidir.
Ümumiyyətlə dini inanc sistemi əxlaqi ve mənəvi dəyərlər çərçivəsindən çıxıb, siyasi bir ideologiyaya çevriləndə və geniş bir kütlə tərəfindən dəstəklənən siyasi bir teskilatlanma şəklində təzahur edəndə dini radikalizm ilə qarşı-qarşıya olduğumuzu bilməliyik. Din ve siyasətin birləşməsi birinci növbədə dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsinə gətirib çıxarır. Dinin ilkin hədəf və məqsədi insanların ruhi saflığı və mənəvi tərbiyə vasitəsi olduğuna görə, onu siyasətə alət etməyə yol vermək olmaz. Buna görə də liberal demokratik siyasi quruluşlar, inanc və etiqad azadlıqlarını qanunlarla təminat altına alır, digər tərəfdən isə dini siyasətdən və dövlətdən ayırmaqdadır.

Milli.Az