Qanama, sidik axması və qusma kəsilmirsə, həddindən artıq ishal, tez-tez yelin çıxması kimi dəstəmazı pozan narahat edici hallara "üzr (mazərət)", belə olan şəxslərə də "üzrlü (mazur-mazurə)" deyilir.
İslam dini ibadətlər üçün müəyyən vaxtlar qoymuşdur. Bunların öz vaxtlarında yerinə yetirilməsi həm bir vəzifə, həm də bir haqdır. İslam dini, insana gücünün üstündə bir yük yükləməz. Çətinliklə qarşılaşılan hər bir vaxtda asanlıq prinsipi tətbiq edilir. Buna görə də üzrlü şəxslər üçün xüsusi hökmlər gətirərək, onların da ibadətlərini vaxtlı-vaxtında yerinə yetirmələri üçün fürsət verilmişdir.
Milli.Az sunna.az-a istinadən bildirir ki, dəstəmazı pozan hər hansı bir halın üzr ola bilməsi üçün zaman şərti vardır. Belə ki, üzr namaz vaxtının başından etibarən dəstəmaz alıb namaz qılacaq qədər bir müddət kəsilməmək şərtiylə, tam bir namz vaxtı davam edərsə və daha sonra da hər namaz vaxtında ən azı bir dəfə təkrar edərsə, bu halın sahibi üzrlü sayılır. Ancaq belə bir üzr, tam bir namaz vaxtı içində bir dəfə belə olsa baş verməzsə artıq kəsilmiş və bu halın sahibi də üzrlü hesab edilmir.
Məsələn, bir şəxsin burnu, bir gün günorta namazı vaxtının başından sonuna qədər yəni ikindi namazının vaxtı girincəyə qədər, dəstəmaz alıb namaz qılacaq bir müddət kəsilmədən aramla qanamağa davam edərsə və bundan sonra da hər namaz vaxtında bir dəfə belə olsun qanayarsa, o şəxs üzrlü sayılır.
Üzrlü bir şəxs hər fərz namaz vaxtı üçün dəstəmaz alar, bu üzr halının dəstəmazı pozmadığını qəbul edərək, həmin dəstəmazla, onu pozan yeni başqa bir hal meydana gəlmədikcə, istədiyi qədər fərz, vacib, sünnə, əda və qəza namazı, cümə və bayram namazı qıla bilər. Kəbəni təvaf edə bilər, müshəfi tuta bilər. Namaz vaxtının çıxmasıyla üzrlü şəxsin dəstəmazı pozulmuş olar. Dəlili isə bu hədisdir: "Üzr qanı görən qadın (müstəhaza) hər bir namaz vaxtı üçün dəstəmaz almalıdır. Digər üzr sahibləri də buna qiyas edilmişdir. Üzrün xaricində, dəstəmazı pozan başqa bir hal meydana gəlməsiylə də dəstəmaz pozular.
Bir üzrlü səhər namazı üçün tam vaxtında dəstəmaz alsa, bu dəstəmaz səhər namazının vaxtının çıxmasına qədər davam edər. Bu dəstəmaz vaxtın çıxmasıyla, başqa bir ifadə ilə günəşin doğulmasıyla sona çatmış olar. Artıq bu dəstəmazla başqa bir namaz qıla bilməz. Ancaq üzrünün müvəqqəti olaraq kəsilmiş olduğu bir vaxtda dəstəmaz alar və hələ üzr halı ortaya çıxmadan və dəstəmazı pozan başqa bir hal da meydana gəlmədən vaxt çıxmış olarsa, bu vəziyyətdə, namaz vaxtının çıxmasıyla bu dəstəmaz pozulmuş olmaz.
Ancaq bu üzrlü şəxs, günəşin doğulmasından sonra alınan bir dəstəmazla, günorta namazının vaxtı çıxıncaya qədər, dəstəmazı pozan başqa bir hal gəlmədiyi müddətcə, dilədiyi qədər namazları qıla bilər. Çünki günorta vaxtının girməsi üzrlü üçün dəstəmaz pozucu hal deyildir. Eyni şəkildə bayram namazının vaxtının çıxması da üzrlünün dəstəmazını pozmaz. Çünki bu bir fərz namaz vaxtı deyildir.
Üzrlünün dəstəmazı Əbu Hənifəyə görə, vaxtın çıxmasıyla, Əbu Yusifə görə isə, həm namaz vaxtının girməsiylə, həm də çıxmasıyla pozulur. Vaxtın girməsiylə dəstəmazın pozulması, təkcə günorta namazının girməsində fərqli nəticə meydana gətirir.
İmam Şafeiyə görə üzrlünün, hər namaz üçün ayrıca dəstəmaz alması lazımdır. Üzrlünün dəstəmazı, qıldığı namaz qurtaran kimi, pozulmuş olar.
Bir üzr sahibi, üzrü kəsilmiş olduğu halda, dəstəmazı pozan başqa bir haldan ötrü dəstəmaz alar və daha sonra əvvəlcədən düçar olduğu üzrü təkrar ortaya çıxarsa, dəstəmazı pozulmuş olar və təkrar dəstəmaz alması lazımdır. Çünki əvvəlki dəstəmazı bu üzr halından ötrü alınmamışdır. Ancaq üzrü kəsildiyi halda, namaz vaxtının içində üzründən və ya dəstəmazı pozan başqa bir haldan ötrü dəstəmaz alar və o vaxt içində üzrü ortaya çıxarsa, bu dəstəmazı pozulmaz. Çünki bu dəstəmaz həm üzrü, həm də o dəstəmazı pozan başqa hal üçün alınmışdır.
Üzrlü bir şəxs oturaraq namazını ima ilə qılar və ya üzrünün bədəndəki meydana gəldiyi yerinə sarğı sarımaq kimi müxtəlif üsullarla üzrün ortaya çıxmasına mane olarsa, artıq üzrlü olma hökmündən çıxmış olar.
Üzrlü bir şəxsin paltarına üzr yerindən çıxıb bulaşan qan, irin və axıcı mayelər üzr davam etdiyi müddətcə, namazının səhhətinə mane olmaz. Bərkimiş pisliyin bir dirhəmə çatması, mayenin isə ovuc içindən çox bir yerə yayılması da eyni nəticədir. Ancaq bu pisliklərin axması kəsilmişsə, bunların yuyulması lazımdır.
Nəticə etibariyə, İslam dini asanlıq dinidir. Üzr sahibləri haqqında hər cür asanlıq göstərmişdir. Sarğı və məstlər üstünə məsh etmək və su tapmayan üçün təyəmmümün alınması bunlara daxildir.
Milli.Az