Ağ atli şahzadə... xaricdən gələrsə...
19 Aprel 2011 08:44
Azərbaycanlı qızlar əcnəbilərlə nikaha meyl edir
"Yatsam, yuxuma da girməzdi ki, nə vaxtsa bir portuqalla ailə quracam. Hərdən belə şeyləri seriallarda, kinolarda görəndə təəccüblənirdim. Amma adam sevəndə sərhəd-filan tanımır".
Milli.Az xəbər portalının müsahibi - 28 yaşlı ingilis dili müəlliməsi Şəhla Abdulovanın "ağ atlı oğlan"ı 3 il bundan əvvəl beynəlxalq biznes təşkilatına dəvət aldığı üçün Bakıya gəlib. Həmin ərəfədə firma ilə əməkdaşlıq edən Şəhla xanım da gələcək ömür-gün yoldaşı Rui Aleksandre ilə tanış olub. Bir illik iş yoldaşlığından sonra Rui doğulduğu ölkəyə - Böyük Britaniyaya qayıdıb və sevgisini virtual şəkildə elan edib: "Mən də onu bəyənirdim deyə yox demədim. Yenidən Bakıya qayıdıb valideynlərimlə tanış oldu, bir neçə ay sonra isə evləndik. Əslində biz Britaniyada yaşamaq istəyirdik, amma orda hüquqi prosedurlar mürəkkəb olduğu üçün Bakıda qalası olduq".
Şəhla əcnəbi ilə ailə quran yüzlərlə, hətta minlərlə azərbaycanlı qızdan sadəcə biridir. Son illər Azərbaycanda dəb halını almış əcnəbi izdivacı isə onunçün bir qədər fərqli anlam daşıyır: "Bizdə qızların çoxu əcnəbiyə pulu olduğu üçün və ya xaricdə yaşamaq üçün ərə gedirlər. Mənimsə pul problemim yoxdur, sadəcə arzularıma, prinsiplərimə uyğun insanla evlənmək istədim.
Azərbaycanlı oğlanlarda olmayan bir çox cəhətlər Ruidə var. Müstəqillik, azad fikirli olması mənim xoşuma gəlir, bizim oğlanlar kimi hər şeyi söz etmir. Bir sözlə, özümüz üçün yaşayrıq".
Əcnəbiyə ərə gedən qızların sayı artır
Dövlət Miqrasiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycana gündə 4-5 min əcnəbi gəlir. Miqrantların yalnız 25 faizi Azərbaycana işləməyə, qalanları isə təhsil, istirahət və ölkə vətəndaşları ilə ailə qurmağa gəlirlər. Azərbaycan vətəndaşları ilə ailə quran əcnəbilərin əksəriyyəti isə Gürcüstan və Rusiya vətəndaşıdır. Bunu isə Bakı Nikah Evindən öyrəndik. Məlumata görə, əvvəlki illərdə İran və Türkiyə vətəndaşları ilə bağlanan nikahlar üstünlük təşkil edirdisə, son illərdə Gürcüstan və Rusiya vətəndaşları ilə bağlanan nikahların sayı daha çoxdur.
Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin ötən ilin yekunları ilə bağlı mətbuata verdiyi məlumatda isə bildirilirdi ki, Azərbaycanda 2010-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahların sayı artıb. Ötən il Azərbaycanda qeydə alınan 78 min 73 nikahdan 2221-də tərəflərdən biri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olub. 2009-cu illə müqayisədə belə nikahların sayı 366 fakt artıb.
Aazərbaycanlı xanımlar hansı millətləri seçirlər?
Statistikaya görə, 2009-cu ildə Azərbaycan Respublikasının vətəndaşı olan 1720 qız əcnəbilərlə nikaha girib. 2005-ci ildə ölkədə 71 min 619 nikahdan 1134-ü azərbaycanlılarla xaricilər arasında bağlanmışdısa, 2006-cı ildə bu rəqəm 1476 olub. Ümumiyyətlə isə Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurub. Statistika göstərir ki, əcnəbilərə ərə gedən azərbaycanlı qadınlar daha çox Türkiyə vətəndaşları ilə beynəlxalq izdivac bağlayıblar. Sonrakı sıraları isə İran, Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları paylaşır. Son bir neçə ildə əcnəbilərlə nikaha girən qızların sayı, xarici qız alan oğlanlardan daha çoxdur.
"Əcnəbi ər ideal olmur, onlar hər şeyi alman hesabı ilə
edirlər"
Girişdə yazdığımız hekayə - Şəhla Abdulovanın izdivacı özünün dediyinə görə, ilk vaxtlar problemsiz ötüşməyib. "Yabancı damat"a Azərbaycanı sevdirmək, qəbul etdirmək çətin olub: "Mənim xariciyə ərə gedən bir neçə rəfiqəm var. Hamıda eyni situasiyadır. Xarici ərə adətlərimizi qəbul etdirmək çətindir. Bundan başqa, onlarda ailə saxlamaq xasiyyəti yoxdur. Hər şey alman hesabı ilə həll olunur. Az qala evin bazarlığını da yarı-yarı edirik. Amma onlar azərbaycanlı qadınların qayğıkeş, ailə-uşaqcanlı olmasını çox xoşlayırlar. Çünki xarici qadınlarda artıq belə cəhətlər azdır".
Əcnəbi kürəkən də narazıdır: "Sizdə xariciyə ərə
gedən qıza pis yanaşırlar"
Medalyonun o biri üzünə baxmaq, yəni, azərbaycanlı xanımla ailə quran əcnəbi kürəkənin fikirlərini də dinləmək maraqlı olar. Nigeriyali Nik Novolisa isə həyat yoldaşı ilə toyda tanış olub, 4 ildir ki, evlidirlər. Deyir ki, onunçün öz ölkəsindən olmayan biri ilə evlənmək fikri əcaib görünməyib: "Əsas məsələ insanların bir-birini anlamasıdır. Öz dilimdən olan elə insanla evlənə bilərdim ki, o, heç məni anlamazdı və biz yola getməyib, boşana bilərdik".
Nik üçün də azərbaycanlı qadınların sədaqətli olması, evə, uşaqlarına bağlılığı müsbət keyfiyyətdir. Dediyinə görə, hazırda dünyada qadınların daha çox modernləşdiyi zamanda ailələrdə iş bölgüsü aparılır, qadınlar öz vəzifələrini ərləri ilə bölüşdürürlər: "Bunlar demkokratik məsələlərdir. Kişi də qab yuya, uşağı yedizdirə bilər. Amma qadının evdəki yeri xüsusi olmalıdır, o, öz funksiyalarını yerinə yetirməlidir. Azərbaycanlı qadınlar bu məsələdə idealdır".
Amma Nik deyir ki, Azərbaycan cəmiyyəti bu sayaq evliliyə o qədər də müsbət yanaşmır. Onun sözlərinə görə, bəzən xanımı ilə təkbaşına gəzintiyə çıxanda ətrafadkıların onlara neqativ baxışlarını hiss edir: "Biz qanuni evliyik, amma camaat elə qəribə nəzərlərlə baxır ki. Hərdən zarafatla deyirik ki, bəlkə hər ikimiz alnımıza "biz evliyik" deyə yazaq? Gənclər daha çox anlayışlı olurlar belə nikahlara qarşı, nəinki yaşlı nəsil".
"Qızlar elə bilir ki, bütün əcnəbilər varlıdır"
Psixoloq Həqiqət Salamova deyir ki, hazırda Azərbaycan qızlarının əcnəbi nikaha meyl etməsinin yeganə səbəbi onların azadlıq axtarışında olmasıdır: "Müasir dünyada yaşayırıq, qızlar internet, televiziya vasitəsilə xaricdəki həyat haqda təsəvvürlər qazanır. Onlar hesab edir ki, əcnəbi ilə evlənərlərsə, xaricdəki həyat tərzinə qovuşmuş olacaqlar. Bundan başqa, maddi faktor məsələsi də var. Bizim qızlarda bütün əcnəbilərin varlı olması ilə bağlı yanlış qənaət formalaşıb. Bəzən əcnəbilərlə nikahın əsasında bu məqamlar da dayanır".
Psixoloq həm də bu nikahların sayının artmasında müharibədən sonra Azərbaycanda kişi sayının azalmasını da səbəb kimi görür. H.Salamova deyir ki, müasir dünyada qadınların feministləşməsi və ailə qayğıları, ərə sevgi kimi məqamlarda kobudluq nümayiş etdirməsi xarici kişilərin də öz ölkəsindən kənara, xüsusən Şərqə meylə etməsinə səbəb olur.
Nikah agentliklərində əcnəbi ər təklifləri
Bu arada onu da deyək ki, hazırda paytaxtda fəaliyyət göstərən əksər nikah agentliklərində əcnəbi ər namizədləri də var. Araşdırmalarımız zamanı məlum oldu ki, agentliklərdəki kataloqlarda əcnəbi ər namizədlərinin fotosu, barəsindəki məlumatlarla tanış olan azəri xanımlar bəyəndikləri şəxslə agentliyin vasitəsilə öncə virtual(skyp vasitəsilə, əgər əcnəbi xaricdə yaşayırsa), sonra isə üzbəüz tanış olub danışırlar. Nikah agentliyi isə qadının başına sonradan hər hansı təhlükə gəlməməsi üçün ər namizədi barədə köklü araşdırma aparmağa söz verir. Nikahın bağlanmasında, sənədləşmənin həyata keçirilməsində isə ödənişə uyğun olaraq agentlik özü iştirak edir.
Əcnəbinin öz ölkəsində evli olub-olmamasını müəyyənləşdirmək
çətindir
Sənədləşmədən söz düşmüşkən, əcnəbi ilə nikah Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənir. Amma bu zaman yaranmış bir çox əngəlləri də yaddan çıxarmaq olmaz. Belə ki, əcnəbi şəxsin başqa şəxslərlə rəsmi nikahda olub-olmamasını müəyyənləşdirmək çətindir. Bunun üçün həmin şəxsin vətəndaşı olduğu ölkənin ədliyyə orqanlarından onun nikahda olub-olmaması barədə arayış almaq lazımdır. Bundan başqa həmin şəxs rəsmi nikahda olmaya da bilər, lakin faktiki nikahda ola bilər. Bəzən də olur ki, əcnəbi şəxs Azərbaycan vətəndaşı ilə evlənir və bir müddət sonra öz ölkəsinə gedir. Bu halda azərbaycanlının öz hüquqlarını müdafiə etməyi çətin olur. Əgər onların övladı olarsa, onun üçün aliment alınması problem olur. Həmçinin əcnəbinin Azərbaycanda əmlakı olmadığına görə, nə əmlak mübahisəsi başlana bilir nə də övladı üçün aliment ala bilir.
Bundan başqa, əcnəbi ilə ailə quran ilk növbədə həmin ölkənin qanunlarından xəbərdar olmalıdır. Buna görə də əcnəbi vətəndaşla ailə qurmaq istəyən şəxs ailə quracağı insan barədə həmin ölkənin səfirliyi və yaxud başqa vasitələrlə araşdırma aparmalıdır. Bəzən xarici vətəndaşlar məqsədli evlilik həyata keçirirlər. Bu evliliklər onların ölkədə qalma işini asanlaşdırmaq məqsədi də daşıya bilər.
Avropaya gəlin gedən zorakılıqdan sığortalanırmı?
Qadın Krizis Mərkəzinin hesabatlarından da aydın olur ki, əcnəbi kişilərlə ailə quran azərbaycanlı xanımlar dərin araşdırma aparmadan belə bir qərar verirlərsə, sonda əziyyət çəkən tərəf olurlar. Neyçün ki, onların insan alveri qurbanı olması və ya əmək hüquqlarının pozulması ehtimalı yox deyil. Amma azəri xanımların avropalı kişilərlə ailə qurması gələcəkdə doğulan uşağın təhsil perspektivinə müsbət təsir edir. Bundan başqa, Avropada əgər hansısa bir qadın hüquq pozuntusu ilə qarşılaşırsa, xüsusi qurumlar var ki, ailədə münaqişəni həll edirlər. Avropa ölkələrində zorakılığa məruz qalan qadın şikayət edəndə həyat yoldaşı bu problemi aralarında həll etməyə çalışır. Əks halda məhkəmə qaçılmaz olur.
Bir sözlə... Xaricdən ağ atlı şahzadələr hər zaman gəlir. Amma onun tərkinə minmədən öncə mütəxəssis rəyinə, yəni, böyük sözünə qulaq asmanız məsləhətdir. Yoxsa ki.. Məşhur filmdə deyilən kimi, o at da, sahibi də sizi çoooox uzaqlara apara bilər...
Atilla
Milli.Az