Nazirlər Kabineti məzunlar üçün qızıl və gümüş medalların təsvirini təsdiqləyb - FOTO
15 Aprel 2011 18:19
Milli.Az xəbər portalının məlumatına görə, qərar Nazirlər Kabinetinin internet saytında yerləşdirilib. ""Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.30-cu bəndinə əsasən hökumət qərara alır ki, ""Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri" təsdiq edilsin.
"Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri:
- Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş medallar diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanır.
- Medalların üz tərəfində Azərbaycan Respublikasının Dövlət gerbi, gerbdən yuxarıda "Azərbaycan Respublikası" sözləri simmetrik yerləşdirilməklə həkk olunur.
- Medalların arxa tərəfində çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində "Təhsildə xüsusi nailiyyətlərə görə" sözləri həkk edilir. Bütün yazılar və təsvirlər qabarıqdır.
- Qızıl medalın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL MEDAL, gümüş medalın yan səthində GÜMÜŞ MEDAL sözləri nəqş olunur.
- Medallar bürünc metaldan hazırlanır. Qızıl medalın səthinə qızıl, gümüş medalın səthinə gümüş suyu çəkilir.
- Medallar qırmızı rəngli plastik qutulara qablaşdırılır.
Milli.Az

