“Vətəni tanı" Ümumrespublika Kampaniyası başlandı - FOTO

15 Aprel 2011 16:26
Milli.Az xəbər portalı bildirir ki, 132-134 saylı tədris kompleksində baş tutan tədbirdə ilk olaraq çıxış edən Gənclər Təşkilatları Milli Şurasının baş katibi, eyni zamanda kampaniyanın rəhbəri və müəllifi Orxan Ərəbov bildirib ki, "Vətəni tanı" Ümumrespublika  Kampaniyası 14-18 yaşlı gənclər arası bütün respublika üzrə  rayon və şəhərlərdə 85 auditoriyanı ( hər bir auditoriyada minimum 150 nəfər iştirakçı olmaqla) əhatə edəcək. Bakının rayonlarındakı seçim turlarının hər birində isə 300 nəfər gənc olacaq. Kampaniya üçün xüsusi ekspertlər tərəfindən hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin  (inzibati ərazi vahidlərinə bölünməklə) xüsusi elektron proqram və material keçməcə variantları istehsal edilib.

74 regional turlarında keçiriləcək hər bir rayondan 2 nəfər təmsilçi seçiləcək. Həmçinin paytaxt Bakının 11 rayonu arasından 2 nəfər Bakı təmsilçisi seçiləcək. Təmsilçilərin biri elektron digəri isə material keçməcə variantları üzrə Bakıda keçiriləcək final mərhələsində iştirak edəcək.
Kampaniyanın məqsədi ölkə başçısı Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin aktiv  təbəqəsi olan gənclər  tərəfindən mövcud güclü dəstəyin aydın şəkildə nümayişinin təşkili, bir daha dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun, çatdırılması, Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı, ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaq.

Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Elmar Qasımov, Rabitə və İnformasiya nazirinin müavini Elmir Vəlizadə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov çıxış edərək kampaniyanın əhəmiyyətindən bəhs ediblər.

Bildirib ki, Milli Şuranın təşəbbüsü ilə həyata keçirilən bu tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması, vətənimizin bütövlüyü və gənclərimizin milli ruhda böyüməsinə çox güclü təkan verəcək.

Milli Şuranın sədri, millət vəkili Fuad Muradov isə kampaniyaya dəstək verən bütün təşkilatlara öz təşəkkürünü bildirib. Qeyd edib ki, burada əsas məqsədlərdən biri də Azərbaycanın ərazi bütövlüyü  məsələsidir. F. Muradov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam dövlətin bu sahəyə olan diqqətinin növbəti təzahürü olmaqla, bu sahəyə qayğını bir daha təsdiqlədi və sözügedən kampaniya da buna dəstək olacaqdır.

Qeyd edək ki, kampaniyada interraktivlik , innovativlik,  gənclər və cəmiyyət üçün yararlılıq əmsalı kimi göstəricilər önə çəkilmişdir. Kampaniya çərçivəsində əhatə olunacaq aktiv iştirakçılarının sayı ölkə üzrə 12.000 (on iki min)  gəncdən çox olacaq.

"Vətəni tanı" ümumrespublika kompaniyası çərçivəsində Kütləvi İnformasiya vasitəli üçün də bir sıra layihələr nəzərdə tutulub. Məqsəd kampaniya haqqında məlumatların KİV-də geniş işıqlandırılmasına nail olmaqdır. Odur ki, jurnalistlər üçün müsabiqə elan  olunub. Müsabiqə çərçivəsində layihə haqqında ən geniş və dolğun informasiya verən jurnalist Təşkilat komitəsi tərəfindən mükafatlandırılacaq.  Həmin jurnalistlər xüsusi akkreditasiya kartı ilə təmin ediləcək. Məhz bu kartın vasitəsi ilə onlar kompaniya çərçivəsində keçirilən müsabiqədə iştirak etmək imkanı qazanacaq. Demək olar ki, Azərbaycanda mövcud olan bütün gündəlik və bəzi həftəlik qəzetlər, bütün internet xəbər portalları (azərbaycan, rus, ingilis dilli), bütün informasiya agentlikləri, radiolar və televiziyalar bu kampaniyaya cəlb edilib.

Milli.Az