Prezident Administrasiyası: Neftin bahalaşması davam etsə, Azərbaycanda inflyasiya 10%-i keçə bilər
15 Aprel 2011 14:09
Dünyada neftin qiymətinin kəskin artacağı ilə bağlı proqnozlar özünü doğrultsa, Azərbaycanda inflyasiyanı birrəqəmli həddə saxlamaq çətin olacaq. Bu barədə APA-ya Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov bildirib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın "Bank of America" və "Merrill Lynch" kimi nüfuzlu maliyyə qurumları bu il ərzində neftin qiymətinin 160 dollara çatması ehtimalının böyük olduğunu bildirib. Bahalaşmanın əsas səbəbi olaraq neftə tələbatın artması və Liviya hadisələri göstərilir. Bəzi proqnozlarda isə neftin qiymətinin hətta 200 dollara çatacağı bildirilir.
M.Rəhimovun sözlərinə görə, hökumət inflyasiyanı birrəqəmli həddə saxlamağa çalışır, lakin neftin bahalaşması davam etsə, inflyasiyanın qarşısını almaq çətin olacaq: "Çünki bu bizdən asılı olmayacaq. Xaricdən gələn idxal mallarının qiyməti artsa, hökumət nə edə bilər?"
Milli.Az