Baş prokuror: ““Qaynar xətt”ə daxil olan müraciətlər əsasında 7 nəfər həbs olunub”

15 Aprel 2011 11:44
Korrupsiyaya qarşı mübarizə çərçivəsində 2011-ci ildə 32 şəxs barəsində 18 cinayət işi başlanıb. Hazırda ümumilikdə icraatda 84 cinayət işi var. APA-nın məlumatına görə, bunu Baş prokuror Zakir Qaralov "Korrupsiyaya qarşı mübarizə forumu"ndakı çıxışında deyib.

Z. Qaralov bildirib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 2005-2011-ci illərdə 700 şəxs barəsində 388 cinayət işi başlanıb: "Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən cinayət təqibi tədbirləri çərçivəsində Baş Prokurorluqda "161" nömrəli "Qaynar xətt" yaradılıb. Bu xəttə 2011-ci ilin birinci rübü ərzində 3700 zəng daxil olub, 1200 müraciət isə qəbul edilib".

Baş prokuror bildirib ki, "Qaynar xətt"ə daxil olan 1200 müraciətin 237-si müsbət həllini tapıb, 7 nəfər barəsində cinayət işi başlanıb, 7 nəfər isə artıq həbs olunub".

Baş Prokuror deyib ki, ciddi cinayət pozuntuları Korrupsiyaya Qarşı Mübarizə İdarəsində, az əhəmiyyətli cinayətlər, xırda pozuntular rayon prokurorluqlarında və aidiyyəti qurumlarda araşdırılır.

Milli.Az