İran ərazisi vasitəsilə Qarabağ münaqişəsinin həlli yolları...
14 Aprel 2011 13:19
Preambula
1. Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə ətrafında baş verənlər müasir, qloballaşmış dünyada əlavə mahiyyət əldə etmişdir. Bu münaqişə konfliktogenlik baxımından təkcə keçmiş və gələcək timsalında tarixi deyil, həm də müxtəlif coğrafi əraziləri birləşdirmək qabiliyyəti əldə etmişdir. İndiki dövrdə bu münaqişə müxtəlif coğrafi istiqamətlərə, o cümlədən İrana meyllənə bilər.
Bəhreynə, dünya şiəliyinin böhranına gedən yol 20-25 il bundan qabaq Dağlıq Qarabağdan başlamışdır.
2. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində baş verənlər optimizmə əsas yaratmır. Mövqelərini müdafiə etməyən və ya etmək istəməyən ATƏT MQ vasitəçiliyi dəyişiklikləri qeydə alan notarial kontora çevrilmişdir. Dəyişikliklər isə çoxdan yoxdur. Fransa, Rusiya və ABŞ kimi dünyanın üç nəhəngini birləşdirmiş bu vasitəçiliyin effektsiz olmasının əsas səbəbləri səlahiyyətsizlik və qərarların konsensus mexanizmi əsasında qəbul edilməsidir. Vasitəçi dövlətlərin hər üçünün və Ermənistanın xristian olması xristian faktorunu gündəliyə daxil etsə də bəzi əlamətlər, o cümlədən bəzi müsəlman dövlətlərinin Ermənistana xüsusi münasibəti bu tezisə möhkəm söykənməyə imkan vermir.
3. Dağlıq Qarabağ münaqişəsi regionunun yeganə bir qonşusu var. Bu, İran İslam Respublikasıdır. Münaqişənin dinc və ya hərbi yolla tənzimlənməsinə İran qədər təsir etmək imkanı olan ikinci dövlət yoxdur. DQ münaqişəsini tənzimləmək üçün ABŞ və Qərbə illərlə, Rusiyaya aylarla vaxt tələb olunduğu halda, İrana saatlarla ölçülə bilən vaxt kifayətdir. Bunun üçün İran İslam Respublikasının DQ münaqişəsini həll etməklə bağlı iradəsi səhnəyə gəlməlidir. DQ münaqişəsinin tənzimlənməsi ilə bağlı İranın iradəsinin ortalığa gəlməməsi yaddan çıxmış və ya təsadüfi addım deyil. İranda ali dini rəhbərlik, prezidentlik və parlament arasında kifayət qədər ciddi fikir ayrılığı var. Bu fikir ayrılıqları hətta İslam inqilabına münasibəti əhatə etmişdir. Çox azsaylı məsələlərdə, məsələn, dini ayinlərin icra olunmasında, Azərbaycan ərazilərinin işğal altında qalmasında, antiazərbaycan və antitürkiyə mahiyyətli Ermənistana dəstək verilməsi və sair kimi məsələlərdə bu üç qurum arasında heç bir fikir ayrılığı yoxdur. Ali dini liderin və ya prezidentin hansısa birinin DQ məsələsinə kömək etmək niyyəti olsaydı, bunu bacarardılar. Çünki İranın hərbi strukturu tam paralel olaraq iki rəhbər arasında bölünmüşdür.
4. İranın DQ münaqişəsinin tənzimlənməsindəki mövqeyinin sonadək aşkarlanması və sübut olunması Dağlıq Qarabağ münaqişəsinin gələcək tənzimlənməsi baxımından çox vacibdir. İranda Ermənistanın bu gün DQ münaqişəsinin tənzimlənməsinə razılıq verməyəcəyinə tam əmindirlər. Türkiyə ilə normallaşma protokollarını imzalayan Ermənistanın dinc yolla tənzimləməyə razılıq verməsi də nəzəri cəhətdən mümkündür. Tənzimləmə ilə bağlı saziş imzalanacaqsa, bu sazişin minimal fəaliyyət müddəti yeddi ildir. Yeddi il ərzində İranın sakit dayanacağına istinad etmək qeyri-ciddilik olardı. Ali dini rəhbərlik strukturunda dəyişiklik və ya yeni prezidentin seçilməsi DQ münaqişəsinin tənzimləməsində İranın mövqeyini yeniləyə bilər. Bu zaman İran mahiyyəti ermənipərəstlik olan azərbaycanpərəst mövqe ortalığa qoyacaqdır. Belə olarsa, Ermənistanla Azərbaycan arasında imzalanmış sazişin şərtlərini pozmağa məcbur olan Azərbaycan DQ tənzimlənməsində diplomatik və başqa itkilərə məruz qala bilər.
5. Hərəkətlərin baş verməsi, addımların atılması DQ münaqişəsinin dinc və ya qeyri-dinc yolla tənzimlənməsi üçün zəruridir. Hərəkətləri məhdudlaşdırmaqla, addımlar atmamaqla DQ münaqişəsinin tənzimlənməsini daha da mürəkkəbləşdirmək olar. Ermənilərin əsas ümidlərindən biri də DQ münaqişəsi ilə bağlı hərəkətsizliyin olmasındadır. Hər hansı aktivlik, hətta ilk baxışda antiazərbaycan görünən aktivlik DQ münaqişəsinin tənzimləməsində Azərbaycanın xeyrinədir; hərəkətsizlik, DQ münaqişəsinin yaddan çıxması isə ermənilərin xeyrinədir.
DQ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün İran İslam Respublikası ərazisindən edilməsi zəruri olan hərəkətlərin və ya islami qayıdış hərəkətlərinin təsnifatı:
1. Azərbaycanın işğal altında olan ərazilərinə İran ərazisi vasitəsi ilə keçən bir qrup müsəlmanın bu ərazilərdə namaz qılması. Namaz qılma ayinində iştirak edənlərin Azərbaycan Respublikası və ya İİR vətəndaşı və ya din xadimi olmasının qətiyyən fərqi yoxdur; birlikdə icra etsələr, çox gözəl olar.
2. İşğal altında qalmış ərazilərdəki müsəlman qəbiristanlıqlarının ziyarəti. Burada əvvəlki hərəkətdə iştirak etmiş insanlara əslən işğal olunmuş ərazilərdən olan insanların da qoşulması zəruridir. Məzarların ziyarəti prosedurasına qoşulanların sayını getdikcə artırmaq zəruridir. Nəzərə alınmalıdır ki, BMT-nin mandatı əsasında reallaşdırılmış son monitorinqin nəticələrini əhatə edən, ATƏT MQ-nin hazırladığı Sahə Qiymətləndirmə missiyasının yaydığı rəsmi sənəddə də məzarların ziyarət olunması məsələsi tövsiyə edilmişdir.
3. Azərbaycan ordusunun hərbi hissələrinin Horadizdən tutmuş Qubadlı rayonundakı bəlli əraziyədək dislokasiyasına nail olmaq. Çünki namazqılma və məzarların ziyarəti proseduraları o qədər kütləviləşə bilər ki, bu erməniləri dinc əhaliyə qarşı hərbi güc işlətməyə təhrik edə bilər. Ermənistan İrana arxayın olduğu üçün işğal etdiyi Azərbaycan ərazilərinin İranla həmsərhəd hissəsində heç bir hərbi istehkam qurğuları qurmamış, minalanma aparmamışdır. Minalanmış sahələr olsa da, epizodikdir; İran və ya Azərbaycan hərbçiləri qısa müddət ərzində bunu aradan qaldıra bilərlər.
İranın köməyi ilə işğal olunmuş Azərbaycan ərazilərinə keçmiş Azərbaycan hərbçiləri İranın sülhməramlı imicinə zərbə vurmamalıdır. Bunun üçün Azərbaycan hərbçiləri erməni hərbçilərinə qarşı ilk olaraq atəş açmamaq barədə İran hərbçiləri qarşısında öhdəlik götürürlər. Yalnız erməni hərbçiləri Azərbaycan hərbçilərinə hücum etdikdən sonra işğal olunmuş ərazilərdəki dislokasiya olunmuş hərbçilərimiz özünü müdafiə etməyə başlayır və bu müdafiəni uğurlu hücuma çevirirlər.
4. Kütləvi gəzintilərə şərait yaradılır. Əslən işğal olunmuş ərazilərdən olan minlərlə azərbaycanlı sərbəst şəkildə həmin əraziləri gəzməyə, ziyarət etməyə başlayır. Digər azərbaycanlıların da onlara qoşulması məqsədəuyğundur. Kütləvi gəzintilər Azərbaycan ordusunun hərbi hissələrini həmin ərazilərdə yerləşdirdikdən sonra baş tutmalıdır.
5. Sərhəd hərəkətləri də faydalıdır. İran Azərbaycan ilə birlikdə işğal olunmuş ərazilərdən keçən sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirə bilər; narkotiklərin dövriyyəsinin qarşını almaq üçün müxtəlif hərəkətlər reallaşdıra bilərlər. Sərhəd hərəkətləri dinc əhalinin və hərbçilərin həmin ərazilərə daxil olmasına maneçilik etmək məqsədi ilə icra olunmamalıdır.
İslamı qayıdışın iştirakçıları və ya subyektləri:
1. Azərbaycan Respublikası və İİR vətəndaşları. Bu vətəndaşların ibadət əhli olması vacibdir.
2. Dünya azərbaycanlıları.
3. Türkiyə cəfəriləri və ələviləri.
4. Türkiyənin baş naziri R.T.Ərdoğanın dini ritorikası və ya dini siyasi erudisiyası. İyun seçkiləri ərəfəsində bir qrup AKP-çi İranın ərazisi vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərinə keçərək namazqılma mərasimi təşkil edə bilərlər. Türkiyənin digər partiyaları da bu variantdan istifadə edə bilərlər.
5. İslam Konfransı Təşkilatı. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ATƏT-in Sahə missiyasının yaydığı sənəddəki məzarları ziyarətlə əlaqəli tövsiyəsini əsas götürərək İKT ilə ATƏT MQ-ni əlaqələndirir. İKT İİR-i bu işə rəsmən sövq edir.
6. İslam dünyasını böyük mütəfəkkiri Yusif Qərdavi. Mütəfəkkir Qərdavi bu məsələni müsəlman dünyasında xeyli aktuallaşdıra, xristian dünyasında ehtimali neqativ fonu azalda bilər.
7. Mətbuat vasitələri. Bütün hərəkətlərin əvvəldən axıradək mətbuat vasitəsi ilə işıqlandırılması zəruridir.
8. Zəruri hallarda müvafiq rəsmi strukturlar da bu prosesə dəstək verə bilərlər.
Resurslar:
1. Rus Pravoslav Kilsəsinin və ya Moskva və Bütün Rusiyanın Patriarxının bu prosesdə iştirakını xahiş etmək olar.
2. Rəsmi Bakı əlavə resurslara malikdir.
Xülasə:
Bu plan gerçəkləşəcəksə, ən azı üç fayda səhnəyə gələcəkdir:
1. Azərbaycan torpaqlarının bir qismi işğaldan qurtulmaqla DQ-nin də Azərbaycana qaytarılmasının geridönməz təməli qoyulacaqdır.
2. Region, o cümlədən İran böyük təhlükədən qurtulacaq;
3. Bütün dünya müsəlman namazının qüdrətini görəcək, çünki hərəkətlər namaz qılmaqla başlanacaq. Müsəlmanlar namaz qılmaqla dünyanın üç iri dövlətinin 20 il ərzində həll etmədiyi və ya etmək istəmədiyi münaqişəni namazla həll etdilər.
Bu plan gerçəkləşməzsə, bunun yeganə real səbəbi İİR-in yaratdığı maneçilik olacaqdır. O zaman Yusif Qərdavi də daxil olmaqla bütün islam dünyası bu torpaqların işğal altında qalmasının səbəblərini araşdıracaqdır.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri.