Nişanlısının başqası ilə ailə qurmasına dözməyən qız özünü öldürdü

14 Aprel 2011 11:55
Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 24 yaşlı Ləman Sadıqova özünü asaraq intihar edib.

Baş vermiş intiharla bağlı polisə məlumat daxil olan kimi, hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları gəlib. Mərhumun anası qızının intihar etməsi faktını gizlətməyə çalışıb. O, qızın intihar etdiyi zaman istifadə etdiyi kəndiri gizlədərək istintaqçıların işinə mane olub. Uzun sürən araşdırmalardan sonra L. Sadıqovanın intihar etməsi təsdiqlənib.

Araşdırmalar zamanı məlum olub ki, L. Sadıqova dörd il əvvəl nişanlanıb. Lakin qızın nişanlısı aprelin 9-da başqa bir xanımla ailə qurub. Bundan xəbər tutan L. Sadıqova özünə qəsd edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanıb, araşdırmalar davam etdirilir.

Milli.Az