Ədalət Partiyasındakı qalmaqalın arxasında nə durur?

14 Aprel 2011 11:30
Milli.Az xəbər portalı "Bizim Yol"a istinadən bildirir ki, Ədalət Partiyasında İctimai Palatanın keçirdiyi aksiyalara münasibətdə ikitirəlik yaranıb. Bu partiyanın sədri, millət vəkili İlyas İsmayılov mətbuata müsahibəsində İctimai Palatanın aksiyalarının daha çox xaricdən qaynaqlandığı və ölkədə gərginlik yaratmağa xidmət etdiyi fikri üzərində dursa da, onun müavini Elxan Şükürlü tamam əks fikirlər söyləyib.

O deyib ki, partiya rəhbərliyində heç də hamı İlyas İsmayılov kimi düşünmür: "Yəqin, İlyas müəllim İctimai Palatanın keçirdiyi aksiyaların qətnaməsi ilə tanış deyil. Bu qətnamədə irəli sürülən tələblərin əksəriyyəti partiya üzvlərimizin, elə onun özünün də ürəyincədir. Heç olmasa başqalarının fəaliyyətinə kölgə salmamalıyıq. İctimai Palatada mənim də xoşlamadığım, müxalifətçiliklərinə şübhəylə yanaşdığım şəxslər var. Ancaq bu, o demək deyil ki, həmin adamlara görə oradalı insanlara kölgə salmalıyam. Əksinə, sevinməliyik ki, belə insanlar var".

E.Şükürlü bildirib ki, sədri İlyas İsmayılovdan fərqli olaraq, o, İctimai Palatanın keçirdiyi aksiyaları təqdir edir.

O, Ədalət Partiyasının kursuna zidd addımlar atacağı halda partiyadan uzaqlaşdırıla biləcəyinin mümkünlüyü haqda suala da maraqlı cavab verib: "Əgər belə bir hal baş versə, bu, partiya rəhbərliyinin göstərişlə hərəkət etdiyi mənasına gələr. Odur ki, öz istəyim olmadan "Ədalət"dən çıxarıla biləcəyimi heç ağlıma da gətirmirəm".

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, Elxan Şükürlü müstəqil insandır və müstəqil mövqe bildirə bilər.

"Onun dediklərində heç bir faciə görmürəm. Dünəndən bəri jurnalistlər mənə zəng vurur, münasibət bildirirlər. Elxan Şükürlü deyibsə, desin də. Onun xarakteri elədirsə, danışsın. Mən isə mövqeyimi tamamilə düzgün hesab edirəm. Partiyamız da heç bir qüvvəyə yox, Azərbaycan xalqına xidmət edir. Jurnalistlər də bəzən demədiyimiz sözləri yazırlar. Məndən soruşdular ki, son mitinqlərin xaricdən maliyyələşdirilməsi ilə bağlı iddialara münasibətim necədir. Bilmədiyim məsələ barədə danışa bilməyəcəyimi söylədim. Bununla belə, qanunsuz mitinqlərin əleyhinəyəm. Siyasi mübarizə tək küçələrdə getmir ki... Bəzən danışmamaq da mübarizənin bir formasına çevrilir", - İlyas İsmayılov dedi.

Orxan Hun
Milli.Az