Fantastik film üçün fantastik effektlər hazırlandı - VİDEO-FOTO
15 Aprel 2011 05:29
Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, 1960-cı illərdə ekranlara çıxan və milyonlarla pərəstişkarı olan "Meymunlar planeti" filminin rimeyki çəkilir. Dünən həmin filmin internetdə ilk tizer reklamları peyda olub.
Görüntülərdən məlum olur ki, "Meymunlar planetinin şəfəqi" (Rise Of The Planet Of The Apes) filmindəki kompüter qrafikası indiyədək bəlli olan ən yüksək səviyyəni də keçib. Filmdəki meymun obrazlarına baxdıqda onların kompüter qrafikasının məhsulu olduğuna inanmaq çox çətindir.
1960-cı illərdəki filmlərdə aktyor Roddi Makdüvalın yaratdığı Sezar obrazı üzünə rezin meymun maskası geyinmiş adam təsiri bağışlayırdısa, yeni filmdəki obrazlar həddən ziyadə realistdir.
Filmdəki kompüter qrafiksını Yeni Zelandiyadakı "WETA Digital" studiyası yerinə yetirib. Bu studiya ötən il Ceyms Kemeronun "Avatar" filmindəki vizual effektlərə görə "Oskar" mükafatı almışdı.