Azərbaycanda utancverici reklam: hərbi xidmətdən yayınmaq təklif olunur - FOTO

22 İyun 2016 17:09

"Şərqi Avropada Təhsil Almış Tələbə və Məzunlar" İctimai Birliyinin "No limits education" brendi ilə tanınan layihəsi çərçivəsində Azərbaycanda gənclər müxtəlif ölkələrdə təhsil proqramlarına cəlb edilir. "No limits education" komandası 2010-cu ildə qurulub, baş ofisi ABŞ-da yerləşir.

Bu günlərdə "No limits education"ın sosial şəbəkələrdə azərbaycanlı gənclərin xaricdə təhsilə cəlb edilməsi üçün reklamı yayılıb. Reklamın yayılmasında hər şey normaldır, təkcə bir şeydən başqa - gənclərə xaricdə təhsil Azərbaycanda hərbi xidmətdən canını qurtarmaq üçün fürsət kimi təqdim edilir. Bu isə heç də xoşagələn deyil.

Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" Qanunun tətbiqi haqqında prezidentin müvafiq fərmanı qüvvəyə minəndən sonra istər Azərbaycanda, istərsə də xaricdə Təhsil Nazirliyi tərəfindən tanınan və ya tanınmayan istənilən ali təhsil ocağında magistrant və doktorant kimi təhsil alan gənclər hərbi xidmətə çağırışdan möhlət hüququ əldə edirlər.

Amma adıçəkilən qanuna düzəliş gənclərdə məhz elmə maraq yaratmaq üçün qəbul edilmişdi, daha müharibə şəraitində olan Azərbaycanın gənclərinin kütləvi şəkildə hərbi xidmətdən canını qurtarması məqsədi ilə yox...

"No limits education"ın reklamında isə açıq şəkildə deyilir: "Bizimlə 2 gün içində magistratura üçün qəbul alın! Və əsgərlikdən azad olun". Yəni reklamda onların müxtəlif təhsil imkanlarından istifadə edə, elm və bilik əldə edə bilmək imkanları yox, canlarını hərbi xidmətdən qurtara bilmələri qabardılır.


Gənclərin diqqətinin niyə məhz bu formada, yəni əsgərlikdən yaxa qurtarmağı qabartmaqla çəkməyə cəhd etdikləri ilə bağlı Milli.Az-n sorğusuna cavab olaraq "No limits education"ın ofis menecerı Həcər Kəlbiyeva bildirib: "Bu, əsgərlikdən azad olunma ilə bağlı prezidentin qərarıdır və biz də onu, sadəcə, icra edirik".

İlkin İzzət
Milli.Az