Bakıda qadın sürücünün çaşqınlığı zəncirvari qəzaya səbəb oldu
14 Aprel 2011 09:57
Ötən gecə Bakının Səbail rayonunda 4 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ANS telekanalının məlumatına görə, Bağırova Nigar Novruz qızının idarə etdiyi "Volkswagen Tiguan" markalı avtomobillə Bayıl qəsəbəsindən şəhər istiqamətində hərəkət edərkən yolun əks istiqamətindən gələn Məmmədov Füzuli Yəhya oğlunun idarə etdiyi "Hyundai Tukson" markalı avtomobillə toqquşub. Avtomobillər toqquşmadan sonra Rzayev İmran Kərim oğlunun idarə etdiyi "Mercedes-Benz" və Əliyev Tural Kamal oğlunun idarə etdiyi "VAZ 2106" markalı maşınlara da çırpılıb.
Əhəd Yaqubov küçəsində baş vermiş qəza nəticəsində yolu keçməyə çalışan piyada 26 yaşlı Hüseynov Qaroğlan Məhəmməd oğlu ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Başından ciddi xəsarət alan yaralı həkimlər tərəfindən müayinə olunan zaman ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu təyin edilib. Hazırda yaralının müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Səbail Rayon Dövlət Yol Polisi Şöbəsi müfəttişlərinin verdiyi məlumata görə, qəzaya piyada Qaroğlan Hüseynov səbəb olub. Belə ki, qarşısına qəfil çıxan piyadanı vurmamaq üçün idarə etdiyi avtomobili yolun sol hissəsinə sürmək istəyən xanım sürücü qəza törədib.
Milli.Az