Liviya və Yaponiya hadisələri “Azərbaycan Hava Yolları”nın gəlirlərini kəskin artırıb
13 Aprel 2011 13:34
Liviyada davam edən vətəndaş müharibəsi Azərbaycan üzərindən həyata keçirilən beynəlxalq təyyarə reyslərinin sayının və milli aviasiya operatorunun gəlirlərinin əhəmiyyətli şəkildə artmasına səbəb olub. "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Sabir İlyasov APA-ya açıqlamasında bildirib ki, Liviyadakı müharibə və koalisiya qüvvələri tərəfindən bu ölkənin hava məkanının bağlanması nəticəsində bəzi beynəlxalq uçuşlar artıq Azərbaycan hava məkanına yönəldilib.
Qeyd edək ki, müharibə nəticəsində beynəlxalq aviasiya şirkətləri uçuşların istiqamətini dəyişməli olub. "Onların Azərbaycanı seçməsinin səbəbi həm ölkəmizin əlverişli mövqe tutması, həm də burada göstərilən xidmətlərin yüksək səviyyəli olması ilə bağlıdır. Nəticədə, vaxtilə Liviya üzərindən keçən demək olar ki, Asiya-Avropa və əks istiqamətdə uçan bütün yük təyyarələri Bakı aeroportundan keçir", - deyə S.İlyasov vurğulayıb.
S.İlyasovun sözlərinə görə, son vaxtlar bu istiqamətdə uçan təyyarə reyslərinin sayı xeyli artıb və bunun əsas səbəblərindən biri Yaponiyada baş verən zəlzələdir.
Nəticədə, ümumilikdə fevralın sonundan etibarən uçuşların həcmi 30% artıb. AZAL uçuşların artımından böyük gəlir götürür. Vitse-prezident bildirib ki, təyyarələrə vurulan hər 1 ton yanacaq QSC-yə 230 manat gəlir gətirir.
S.İlyasovun sözlərinə görə, uçuşların sayı o qədər artıb ki, Bakıya enən təyyarələrə yanacaq çatdırmaq olmur: "Biz uçuşların sayını bir az da artıra bilərdik, amma yanacaq verməyə imkan yoxdur. Bizim zavodların gücü buna imkan vermir".
Milli.Az