AMİP bundan sonra nə edəcək?
13 Aprel 2011 14:59
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) təşkilatlanma işini sürətləndirib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, son vaxtlar partiya sıralarını onlarla üzvün tərk etməsi barədə deyilənlər həqiqətə uyğun deyil.
"Partiyamızın müxalifətin aparıcı qüvvələrindən biri kimi status və funksiyasını itirdiyini iddia edənlər yanılırlar. Tam əksinə, son vaxtlar partiya sıralarına güclü axın var. AMİP-in rayon təşkilatlarından istefalarla bağlı məlumatların dezinformasiya olmasına dəlalət edən bircə məqamı deyim ki, son ayda partiyamıza üzv olmaqla bağlı 173 nəfər bizə müraciət edib. Həmin şəxslərin müraciətlərinə İdarə Heyətində baxılacaq və qərar veriləcək. O insanlar partiyamıza qoşulmaq niyyətini bəyan ediblərsə, onların niyyətlərinin gerçəkləşdirilməsinə imkan veriləcək", - Ə. Orucov dedi.
Onun sözlərinə görə, AMİP müxalifət düşərgəsindəki yerini qorumaqla yanaşı, fəaliyyətinin miqyasını daha da genişləndirmək fikrindədir və bu istiqamətdə konkret addımlar atacaq.
Orxan
Milli.Az