Nazir: "Bu ilin ilk rübündə dövlət büdcəsinin mədaxili ötən illə müqayisədə 13,2 % çox olub"

13 Aprel 2011 00:30
Bu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 2 milyard 768 milyon manat və ya 118,0 faiz yerinə yetirilmiş, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çox olmuşdur. Milli.Az xəbər portalı AzərTAc-a istinadən bildirir ki, bu məlumatı Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2011-ci ilin I rübünün yekunlarına dair iclasında maliyyə naziri Samir Şərifov bildirib.
 
Nazir deyib ki, Vergilər Nazirliyi büdcəyə 1 milyard 161 milyon manat, ötən ilin eyni dövrünə nisbətən 151,0 milyon manat və ya 15,0 faiz çox vəsaitin daxil olmasını təmin etmişdir. Bu vəsaitin 58,7 faizi və ya 681,0 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 132,0 milyon manat və yaxud 24,0 faiz çoxdur.
Qeyri-dövlət sektorunda iqtisadi fəallığın artması və iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin real nəticəsi kimi bu sektor üzrə daxilolmaların həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,9 faiz, vergi daxilolmalarında xüsusi çəkisi isə 2010-cu ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 67,6 faizdən 71,1 faizə çatmışdır.

Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl olunmaqla büdcəyə 241,0 milyon manat vəsaitin daxil olması təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz çoxdur.

Dövlət Neft Fondundan büdcəyə 1 milyard 330 milyon manat vəsait transfert edilmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 36,0 milyon manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,0 milyon manat çoxdur.
Cari ilin birinci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,3 faiz və ya 2 milyard 87 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 108,0 milyon manat və ya 5,5 faiz çox icra olunmuşdur.
2011-ci il dövlət büdcəsinin gəlirləri üzrə faktiki daxil olan vəsaitdən səmərəli və məqsədyönlü istifadə edilməklə dövlətə məxsus əsas sosial vəzifələrin stabil maliyyələşdirilməsi təmin edilmiş, təşkilatlardan daxil olan bütün xərc sifarişləri öz maliyyə təminatını tapmış, əmək haqqı, pensiya, müavinət, daxili və xarici borc və digər xərclər üzrə borc yaranmamışdır.
İqtisadi təsnifata uyğun olaraq birinci rübdə dövlət büdcəsinə daxil olan vəsaitin 47,9 faizi və ya 1,0 milyard manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 129,0 milyon manat və ya 14,9 faiz çox olmuşdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin 1-ci rübündə sosial təyinatlı xərclərə aid olan təqaüdlər və sosial müavinətlərin ödənişinə 17,2 faiz və ya 57,0 milyon manat çox, əməyin ödənişi fonduna 14,2 faiz və ya 70,0 milyon manat çox, ərzaq və dərman xərclərinə 3,8 faiz və ya 1,6 milyon manat çox vəsait sərf edilmişdir.

Nazir bildirib ki, məcburi köçkünlərə, müavinət və yardım alan vətəndaşlara nəzərdə tutulan ödənişlər üzrə öhdəliklərin icrası tam təmin edilmiş, növbəti rüblər hesabına ayrılan vəsait də nəzərə alınmaqla cari ilin 1-ci rübündə sosial müdafiə və sosial təminat xərclərinə 408,0 milyon manat və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çox vəsait ayrılmışdır.
Funksional təsnifata uyğun olaraq 2011-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 21,9 faiz, səhiyyə xərclərinə 21,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinə 18,3 faiz, təhsil xərclərinə 12,4 faiz, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 11,9 faiz çox vəsait yönəldilmişdir.
Möhtərəm Prezident, cari ilin birinci rübündə dövlət investisiya xərclərinə 546,0 milyon manat vəsait yönəldilmiş, əsas investisiya layihələrinin maliyyələşdirilməsi təmin edilmişdir.
Həmin vəsaitdən 78,0 milyon manat təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına xərclənmişdir. Müharibə əlilləri, şəhid ailələri üçün yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 9,4 milyon manat, regionlarda idman komplekslərinin və digər idman təyinatlı obyektlərin tikintisi və yenidənqurulmasına 5,5 milyon manat vəsait yönəldilmişdir.
Ölkənin əsas enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidənqurulması üçün 363,0 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturunun tikintisi və yenidən qurulması üçün 144,0 milyon manat, Bakı Metropoliteninin stansiyalarında tikinti və yenidənqurma işlərinə 24,0 milyon manat, "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasına 17,0 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturunun bərpasına 10,0 milyon manat, "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinə 20,0 milyon manat, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə 143,0 milyon manat, digər dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 5,0 milyon manat vəsait sərf edilmişdir.

S.Şərifov həmçinin bildirib ki, dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan Hökuməti tərəfindən xaricdən 206,0 milyon manat məbləğində vəsait cəlb olunmuşdur.
Cari ilin birinci rübündə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə nəzərdə tutulmuş 63,0 milyon manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən rayon və şəhərlərin yerli xərclərinə nəzərdə tutulmuş 181,0 milyon manat dotasiya tam ayrılmışdır.
2011-ci ilin birinci rübündə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrin həyata keçirilməsi, abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün 31,0 milyon manat vəsaitin ayrılmasına dair ölkə Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanmışdır.

Nazir deyib ki, hesabat dövründə dövlət büdcəsinin Ehtiyat Fondundan büdcədə əvvəlcədən nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 14,3 milyon manat vəsait ayrılmış, ondan 7,0 milyon manat vəsait artıq istifadə olunmuşdur.
Dövlətin xarici və daxili borclarının idarə olunması, beynəlxalq səviyyədə və ölkə daxilində borc öhdəliklərinin yerinə yetirilməsi diqqətdə saxlanılmış, cari ilin birinci rübündə həmin məqsədə büdcədən 154,0 milyon manat vəsait yönəldilmişdir.
2011-ci ilin birinci rübündə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinin fəaliyyəti üçün dövlət büdcəsindən 15,0 milyon manat, ölkəmizdə keçirilmiş bir sıra beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsinə 3,5 milyon manat vəsait yönəldilmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilmiş, hesabat dövründə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası üçün 25,0 milyon manat vəsait yönəldilmişdir.
Sahibkarlığın inkişaf etdirilməsi üçün cari ilin 1-ci rübündə iqtisadiyyatın müxtəlif sahələri üzrə 322 sahibkara 27,5 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 10,0 milyon manatını dövlət büdcəsindən sahibkarlığın inkişafı ilə bağlı ayrılmış vəsait təşkil etmişdir.
İnvestisiya layihələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə, verilmiş güzəştli kreditlərin məbləği isə 1,4 dəfə artmışdır.

Güzəştli kreditlər hesabına müasir texnologiyaların tətbiqinə əsaslanan 25 böyük və iri həcmli layihə, o cümlədən tutumu 29,5 min ton olan 5 müasir soyuducu anbar kompleksinin, illik istehsal gücü 78,1 min ton olan 5 müasir çörək istehsalı müəssisəsinin, illik istehsal gücü 13 milyon ədəd damazlıq yumurta və 0,6 min ton quş əti olan 3 quşçuluq (broyler) təsərrüfatının, illik istehsal gücü 19,8 min ton olan 2 ət kəsimi fabrikinin, 500 başlıq südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq kompleksinin və digər müəssisələrin yaradılması və ya yenidən qurulması üzrə investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
Cənab Prezident, Bakı qəsəbələrində əhalinin məşğulluğunun daha da yaxşılaşdırılması sahəsində verdiyiniz tapşırıqların icrası ilə əlaqədar Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına qəsəbələrdə 24 sahibkara üst-üstə 2,2 milyon manat kredit verilmişdir. Bu güzəştli kreditlər hesabına Bakı qəsəbələrində yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Sahibkarlıq subyektlərinin formalaşması üçün yaradılmış münbit mühit, o cümlədən sahibkarlıq fəaliyyətinə başlama üçün sərf edilən müddətin, prosedurların və sənəd sayının azaldılması nəticəsində "bir pəncərə" sistemi üzrə cari ilin birinci rübü ərzində 14 mindən çox sahibkar dövlət qeydiyyatına alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyatdan keçənlərin sayının 46,1 faiz artması deməkdir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının həyata keçirilməsinin nəticəsi olaraq 2011-ci ilin 1-ci rübündə qeydiyyata alınmış sahibkarların 61,2 faizi regionların payına düşmüşdür.
Aqrar sektora dövlət qayğısının daha da artırılması məqsədi ilə fermer təsərrüfatlarına kreditlərin verilməsi, lizinq xidmətinin yaxşılaşdırılması, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 14,0 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 4,5 milyon manat vəsait yönəldilmişdir.

S.Şərifov diqqətə çatdırıb ki, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına əlavə stimul olaraq cənab Prezident tərəfindən içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə əhalinin 2011-ci il 1 fevral tarixinə qədər yığılıb qalmış 294,2 milyon manat məbləğində borcu silinmişdir. Bununla əlaqədar, dövlət büdcəsində də müəyyən dəqiqləşmələr aparılacaqdır.
Əhalinin sosial müdafiəsində xüsusi əhəmiyyət kəsb edən bir sıra sosial və infrastruktur layihələrin maliyyə təminatı üçün də dövlət büdcəsinin dəqiqləşməsi nəticəsində formalaşacaq əlavə gəlirlərdən vəsait ayrılacaqdır.
Öncə bu mənbədən qəza vəziyyətində olan bir sıra məktəblərdə əsaslı təmir, tikinti və bərpa-gücləndirmə işlərinin yerinə yetirilməsinə, tələbələr üçün müasir yataqxanaların tikintisinə vəsait ayrılacaqdır.
Respublikanın şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsi və bu işlərin sürətləndirilməsi, elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılması, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidənqurulmasına vəsaitin ayrılması da dəqiqləşmə zamanı diqqətdən kənarda qalmayacaqdır.
Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi və yeni proqramın hazırlanması, o cümlədən Bakı kəndlərinin yollarının tikintisi, respublikanın digər regionlarında kəndlərarası yolların tikintisi və əsaslı təmiri üçün də nəzərəçarpacaq məbləğdə vəsait ayrılacaqdır.

Milli.Az