«Əsas odur ki, qadını sındırmasınlar… gözəllik təşnəsi kimi baxmasalar da olar» - FOTO
14 Aprel 2011 09:00
"Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızının Milli.Az xəbər portalına müsahibəsi
Müsahibimlə söhbətim onun redaktoru olduğu qəzet redaksiyasında, qaynar bir iş şəraitində baş tutdu. Bu, işgüzar bir xanımın özünə arzuladığı həyatın bir məqamıdır. Müsahibə zamanı həmkarım gah bizimlə danışır, gah gələn zənglərə cavab verir, gah da televiziya işləri ilə bağlı zənglər edirdi. Maraqlıdır, televiziya məkanı 14 illik qəzetçilik təcrübəsi olan bir jurnalistin qarşısında hansı mübahisəli məqamları ortaya çıxarıb?
"Televiziya ilə bağlı uşaqlıq arzuma çatmışam"
- Əslində qəzetin də, televiziyanın da məqsədi birdir. Sadəcə olaraq, biri elektron, biri yazılıdır. Bu baxımdan mənim üçün televiziya ilə əməkdaşlıq heç bir çətinlik yaratmadı. Artıq ikinci ildir ki, televiziyadayam və həmişə də qəzetdə işləyən həmkarlarıma deyirəm ki, televiziya işi daha çətindir. Televiziya kənardan bizə asan gəlir.
- Xoşqədəm xanım, qəzetin sizə verə bilmədiyi hansı tələblərinizi bu gün televiziya ödəyir?
- Uşaqlıqdan ən böyük arzum televiziyada işləmək olub. Bu gün mən o arzuma çatmışam. Mən bundan böyük zövq alıram.
- Verilişlərinizdə axıdılan göz yaşlarından ağırlaşmırsınız ki?
- Düz buyurdunuz, mən əvvəlki layihədə çox yüklənmişdim. Deyəcəksiniz ki, axı bu layihə, o biri layihədən daha ağırdır. "Sən tək deyilsən" verilişində o qədər problemli insanlarla qarşılaşırdıq ki, belə şeylərdən yorulmuşdum. Həqiqətən də "Səni axtarıram" verilişinin bir az gec başlaması mənə bir az rahatlıq verdi. İndi daha rahatam, heç olmasa sonda sevinc göz yaşları olur.
- Problemləri araşdıran veriliş olaraq, insanların daha çox nədən şikayətçi olduğunu müşahidə edirsiniz?
- Problemli insanlar çoxdur. Xüsusən də boşanmaların sayının artması diqqət çəkir. Bilirsiniz, bizə ən çox müraciət edənlər tənhalar, boşanandan sonra uşaqlarına aliment ala bilməyən analardır. Bu problem məni çox düşündürür. Bu günlərdə televiziyadan çıxanda gördüm ki, bir qadın həyətdə oturub ağlayır. Hamı onu atıb - həyat yoldaşı, atası, qardaşı. O, öz hüquqlarını müdafiə etməyin yollarını bilmir ki, harasa müraciət edib, heç olmasa özünə gələnə qədər uşağını internata versin.
Bu cür verilişlər lazımdır. Mən özüm də "Sən tək deyilsən" layihəsinə qədər bu cür verilişlərin əleyhinə idim. Düşünürdüm ki, xəyanət, zorakılıqla bağlı mövzuları müzakirəyə çıxara bilmərəm. Amma sonradan bizə məktublar, şikayətlər gələndə gördüm ki, bu cür verilişlərə ehtiyac var.
- Deməli, insanlara daha çox hüquqlarını öyrətmək lazımdır.
- Baxır onu tamasaçıya necə catdırırsan. Yəni format elə olmalıdır ki, tamaşaçı ona baxsın.
- Yeni layihəniz barədə nələri söyləyərdiniz?
- Sadəcə onu deyim ki, çox müsbət nəticələr əldə edirik. Uzun illərdi yaxınlarını itirənləri bir araya gətirməkdən, o həyəcanlı anları yaşamaqdan böyük zövq ola bilməz mənim üçün. Dünyanın bir çox ölkələrindən - Rusiyadan, Türkiyədən, Almaniyadan, Gürcüstandan - təbrik zəngləri almışam.
- Bəs daxildən?
- Daxildən... Düzünü desəm, mən daxildən zəng gözləmirəm
"Bizdə qadınların uğurunu qısqanırlar"
- Qadınlara qarşı qəbul edə bilmədiyiniz münasibət nədir?
- Bəzi kişilər - elə həmkarlarımızın da sırasında var - qadınların uğurunu qısqanırlar. O qısqanclığı hiss edirəm. Ümumilikdə deyim ki, bizdə qadınların fəaliyyətini qəbul etmirlər, belə bir şey yoxdur. Amma çox böyük qısqanclıq var. Bilmirəm niyə. Bu qadın işləyir də, sən də çox işlə.
- Bir qədər əvvəl, erkən nikahların qarşısının alınması üçün ciddi maarifləndirməyə ehtiyacın duyulduğunu bildirdiniz. Sizcə bu istiqamətdə ixtisaslaşan QHT-lərin rolunu qənaətbəxş saymaq olar?
- Mən bir çox QHT-lərlə işlədim. "Sən tək deyilsən" verilişini hazırlayarkən işlədiyim bəzi QHT -lər var idi ki, onların iç üzünü gördüm. Heç kəsin xətrinə dəymək istəməzdim. Bu işi görmək üçün ürək lazımdır. Qrant, nə bilim digər maraqlara görə layihələr həyata keçirmək lazım deyil. Sözün əsl mənasında ortaya iş qoymaq lazımdır.
Bu problem boş-boş, pafoslu çıxışlarla bitmir. Fərqli yollar arayıb tapmaq lazımdır.
- Xoşqədəm xanım, münasibətlərinizdən belə aydın olur ki, siz cəmiyyətin qadına gözəllik təşnəsi kimi yanaşmasını tələb edirsiniz.
- Qadına hörmətlə yanaşmaq lazımdır. Yolunu qapatmaq yox, əksinə, kömək etmək gərəkdir. Gözəllik təşnəsi kimi baxmasalar da olar. Əsas odur ki, qadını sındırmasınlar.
- Bu sualı mütləq verməliyəm. Müsahibə verdiyiniz ərəfədə nə qədər zənglərə cavab verdiniz, anında problemləri çözdünüz və s. Maraqlıdır, bu qədər gərgin iş rejimində formada qalmağı necə bacarırsınız?
- İş rejimim ağırdır. Bir də ki, hər gün səhər idmandayam. Tennis oynayıram, qaçıram, evdə də idman eləyirəm. Amma səhər 10.00-da işimdə oluram. Axşam 11-də evimə gedirəm, uzağı 12-də yatıram.
- Şəxsi həyatınız barədə necə, danışırsınız?
- Məncə bu, mənə aiddir (Gülür). Sadəcə onu deyə bilərəm ki, şəxsi həyatım - oğlum, ailəm, atam, anamdır. Onlar mənə çox dəstək verirlər. Hər uğurumda, uğursuzluğumda yanımda olurlar. Belə ailəyə, ata-anaya sahib olduğum üçün Allahıma min şükür edirəm.
"Elə təklifləri oğluma görə qəbul edə bilmərəm"
- Yenidən ailə qurmaq barədə düşünmürsünüz?
- Tahirə xanım, mən oğlumu evləndirməyi düşünürəm, mənim o yaşım deyil.
- Amma evlilik verilişlərinə hansı yaşda desəniz evlənmək üçün gələnlər olurdu. Məsələn, elə sizin çalışdığınız kanalda...
- Əvvəla ATV-də "Onun yarısı" verlişi çoxdan efirə getmir. İkincisi, bizim kanala daha cox gənclər evlənmək üçün gəlirdilər. Bir də mən buna normal yanaşıram. O insanlar bu yaşda özlərinə yar axtarmaq istəyirlərsə, kim onların qarşısını ala bilər? Bunu normal qarşılamaq lazımdır. Əgər düşünərəmsə ki, yenidən evlənmək mənim üçün arxada qalıb, bunu da normal qarşılamaq lazımdır. Mən nənə olmaq istəyirəm. (Gülür) 1-2 ildən sonra insallah ən gənc nənə olacağam.
- Belə deyirlər ki, gözəl qadınlar həmişə cəmiyyətdə "məhəbbət dolu təkliflərin" hədəfində olurlar. Belə problemlərlə üzləşməli olmursunuz?
- Xeyr. Nə belə təkliflər alıram, nə də o təkliflərlə uğraşacaq vaxt var.
- Belə deyirlər ki, qadın karyerada uğur qazanırsa, mütləq nəyisə qurban verməli olur. Sizin qurbanınız oldu?
- Xeyr.
- Gələcəkdə deputat olmaq istəmirsiniz?
- Yox. Mən mətbuatda uğurla öz işimi davam etdirməyi düşünürəm. Həm qəzetdə, həm televiziyada çalışmaqdan zövq alıram. Bu, mənə yetər.
- Televiziyaya bu qədər xüsusi məhəbbət qəzetinizi sizdən küsdürməz ki?
- Yox... Mən qəzetimi ikinci övladım sanıram, onu heç vaxt atmaram. Mən qəzetimdə də oluram, televiziyada da oluram, paralel olaraq iş gedir. Sadəcə olaraq, çox çalışıram.
Tahirə Qafarlı
Milli.Az








Foto Milli.Az