2012-ci il Olimpiadasının medalı Azərbaycanda qalacaq

12 İyun 2016 17:29

Azərbaycan 2012-ci il London Olimpiadasında ağırlıqqaldıran Valentin Xristovun qazandığı bürünc medaldan məhrum edilməyəcək.

Virtualaz.org-un məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, Xristovun adı həmin Olimpiada ilə bağlı təkrar dopinq-testdən keçməyən idmançılar arasında olmayıb.

Xatırladaq ki, təkrar test Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşəbbüsü ilə keçirilmişdi.

Bir müddət əvvəl xarici KİV-lər belə bir məlumat yaymışdılar ki, Valentin Xristovun, eləcə də Avropa və dünya çempionu, London Olimpiadasında 5-ci yeri tutan Boyanka Kostovanın və orada 6-cı yeri tutan İntiqam Zairovun dopinq-test nəticələri müsbət olub.

Ancaq mənbə dəqiq bildirib ki, Xristovun adı həmin siyahıda yoxdur. Azərbaycan idmançılarından orada kimin adının olub-olmamasına gəlincə, bu hələlik məlum deyil.

Tezliklə BOK-un təkrar testdən keçməmiş idmançıların adını elan edəcəyi gözlənilir. Çox istərdik ki, Kostova da dopinqdə ilişməsin. Çünki o, qarşıdakı Olimpiadada medal qazanacaq ən iddialı namizədlərdəndir (əlbəttə, əgər Azərbaycan yığması həmin yarışlara buraxılacaqsa).

Xatırladaq ki, Xristov və Zairov 2015-ci ildə ABŞ-da keçirilən dünya çempionatı ilə əlaqədar dopinq-testdə müsbət nəticə göstərdiklərinə görə 8 illik diskvalifikasiya alıblar.

Onlardan başqa daha 4 atletimiz də uzun müddətə idmandan uzaqlaşdırılıb.

Milli.Az