Sumqayıtda ana azyaşlı övladlarının gözü qarşısında öldürüldü - YENİLƏNİB

12 Aprel 2011 17:12
Həyat yoldaşını qətlə yetirən Taleh Hüseynov ANS telekanalına açıqlama verib. O, bildirib ki, hadisəni qısqanclıq zəminində törədib: "Gülnarəni parkın içində bir oğlanla gördüm. Yaxınlaşıb oğlanı təpiklə vurdum. Yıxıldı yerə. Gülnarəni isə uşaqların yanından kənara çəkib bıçaqla vurdum. Neçə zərbə endirdiyim yadımda deyil. Onun bir nəfərlə görüşdüyünü bilirdim. Görəndə dözə bilmədim. Etdiyi hərəkəti özümə sığışdırmırdım".

---------
12:44

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıt şəhərində baş verən qətllə bağlı məlumat yayıb. Milli.Az xəbər portalının DİN-in internet səhifəsinə istinadən verdiyi məlumata görə, aprelin 11-də Sumqayıt şəhəri 9-cu mikrorayondakı istirahət parkında Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Hüseynov keçmiş həyat yoldaşı Gülnarəni bıçaqla qətlə yetirib, onunla birgə olan Sumqayıt şəhər sakini Teymur Məmmədovun isə bud nahiyəsinə xəsarət yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Hüseynov tutulub.

---------
11:34

Ailə məişət münaqişəsi növbəti dəfə qətl hadisəsinə səbəb olub. ANS telekanalının məlumatına görə, bədbəxt hadisə Sumqayıt şəhərində, 9-cu mikrorayon ərazisində yerləşən parkda baş verib. Sumqayıt şəhər sakini 1982-ci il təvəllüdlü Gülnarə Vahid qızı Nəsirova keçmiş həyat yoldaşı Taleh Əmirağa oğlu Hüseynov tərəfindən çoxsaylı bıçaq zərbələri alıb. Yaxınları onu xəstəxanaya çatdırmaq istəsələr də, çox gec olub. Çünki bıçaq xəsarətlərindən ən azı ikisi Gülnarənin ürəyinə dəyib və onu parçalayıb. Ən dəhşətlisi də budur ki, baş verənlərə Gülnarə Nəsirovanın 2 və 4 yaşlarında olan iki azyaşlı övladı da şahid olub. Əlini azyaşlı övladlarının anasının qanına bulayan ata Hüseynov isə hadisə yerindən qaçıb.

Dünyasını dəyişən Gülnarə Nəsirovanın yaxınları onun əri ilə yollarını təxminən bir il əvvəl ayırdığını bildirblər. Buna isə Talehin tez-tez sərxoş halda evə gəlməsi və həyat yoldaşını, övladını döyməsi səbəb olub. Hətta bir neçə dəfə ciddi xəsarətlər alan Gülnarəyə xəstəxanada yardım göstərilib.

Bütün bunları nəzərə alan Nəsirovlar ailəsi Taleh Hüseynov barəsində Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə bir neçə dəfə şikayət ərizəsi ilə müraciət də ediblər. Buna baxmayaraq, onlar bölmənin əməkdaşlarının baş verənlərə biganə yanaşmasından gileylənirlər.

Hadisədən sonra həmin əraziyə Sumqayıt şəhər Prokurorluğunun və ərazi üzrə 3-cü polis bölməsinin əməkdaşları da gəlib. Hadisə yerinin müayinəsindən sonra meyit müayinə üçün məhkəmə tibbi ekspertizasına aparılıb. İlkin müayinə zamanı Gülnarə Nəsirovanın bədənində ən azı 14 bıçaq xəsarəti aşkar olunub.

Hadisədə şübhəli bilinən Taleh Hüseynov məsuliyyətdən yayınmaq istəsə də, polis onu tez bir zamanda ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Milli.Az