"Efirdən uzaq düşmüşəm. Televiziya ilə bağlı pis nəsə demək istəmirəm. Amma bu mövzuda məni başa düşməyənlər daha çoxdur".
Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı Aynur Talıbova deyib.
O, uzun müddətdir efirdən uzaqlaşmasının səbəbini açıqlayıb:
"Mənim kimi könüllü olaraq efirdən uzaq qalan və ona arxasını dönüb istəməyən insan barmaqla sayılacaq qədərdir. İstedadını, müəyyən potensialını göstərirsən, layihələr edirsən, yerində qalmamalısan. Normal insan çalışmalı, irəli getməlidir. Efirin daha çox əyləncə və reytinqə meyilli olması, toy janrının hələ də israrlı şəkildə davam etməsi məni ondan uzaqlaşmağa məcbur etdi. Mövcud efirin istər məzmun, istərsə də texniki cəhətdən inkişafa doğru getməsini müşayiət etmirik. Rəqamsal yayıma belə keçməmişik. Mən də efirlərdəki mövcud əyləncə aləminin içərisində yer almaq istəmirəm. Missiyam insanları əyləndirmək deyil, maarifləndirməkdir. Ona görə də indiyə qədər gördüyüm işlərdən daha vacib layihə edəcəmsə, aparıcılığı davam etdirərəm. Amma bu yoxdursa, ciddi böhran varsa, geri qayıtmayacağam".
A.Talıbova özünü başqa peşədə sınamaq istədiyini gizlətməyib:
"Bir zamanlar efirdə çalışan, indi kənarda olan insanlar çoxdur. Yaradıcı insanın hansısa rəsmi bir iş yerində otaqda oturması çox darıxdırıcıdır. Gedirsən, jurnalistikanı oxuyursan, bir az çalışdıqdan sonra başa düşürsən ki, səhv peşə seçmisən. Birinci iş yerin televiziya və radiodursa, orada özünü görmürsünsə, ikinci təhsili düşünürsən. Mən də başqa təhsil almağı fikirləşirəm. İctimaiyyətlə əlaqələr sahəsini öyrənmək istəyirəm. Efirdə olmağı tələb etməyən yaradıcı peşədir".
Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.
Milli.Az