Qəzzafinin xristian muzdluları İslamı qəbul etdi

11 Aprel 2011 21:25
Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Liviya lideri Müəmmar Qəzzafinin bilavasitə mühafizəsi ilə məşğul olan alayı tərkibindəki serb, rumın, bosniyalı, bolqar, ukraynalı, rus və belarus muzdlular arasında 340 nəfərin İslamı qəbul etdikləri iddia olunur.

Bir qədər əvvəl Qəzzafinin mühafizə alayındakı 15 qərbli muzdlu da müsəlman olublar.
Qəzzafinin oğlu Hannibalın dediyinə görə, bu şəxsləri kimsə İslamı qəbul etməyə vadar etməyib.

"Sadəcə, onlara dedik ki, əgər atamızla sonadək qalmaq və işğalçılara qarşı döyüşləri davam etdirmək istəyirlərsə, şəhidlik şərbətindən içmək imkanını itirməsinlər. Onlar da "Riyadus- Salihin" ("Cənnət bağları", - red.) qapılarından içəri keçmək üçün müsəlman olmaq qərarına gəldilər. Üstəlik, ətrafımdakı müsəlmanların aslan təki döyüşmələri də dostlarımızı sevindirir, düşmənlərimizi isə pərişan edir", - Hannibal Qəzzafi deyib.

Liviyanın hakimiyyət dairələri isə Hannibalın belə söz demədiyini, Qəzzafiyə sadiq qoşunların tərkibində də muzdluların olmadığını bəyan ediblər.

Milli.Az