AŞ PA-da azərbaycanlı deputatın "Metsamor" AES-in bağlanmasına dair sənədi yayılıb

11 Aprel 2011 18:52
AŞ PA-nın yaz plenar sessiyasının ilk iş günündə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı "Avropanın indisi və gələcəyi üçün həyati təhlükə mənbəyi - "Metsamor" Atom Elektrik Stansiyası" adlı yeni sənəd nəşr edilərək yayılıb. Bu barədə Trend-ə millət vəkili özü məlumat verib. Tövsiyə üçün qətnamə adlanan sənədi Böyük Britaniya, Fransa, İtaliya, Macarıstan, Yunanıstan, İsveç, Norveç, Slovakiya, Sloveniya, Bolqarıstan, Serbiya, San-Marino, Polşa, Andorra, ümumilikdə 20 ölkədən 30-a yaxın deputat imzalayıb.

Millət vəkili qeyd edib ki, sözügedən sənəd Yaponiyada baş verən sunami və "Fukusimo" Atom Elektrik Stansiyasındakı partlayışdan sonra aktuallaşmış bir problemə - Ermənistandakı "Metsamor" AES-ə həsr edilib və həmin stansiyanın dayandırılmasına dair indiyədək AŞ PA-da 4 sənəd hazırlayıb.

"Biz Azərbaycanın Avropa Şurasına həqiqi üzv olaraq fəaliyyətə başladığımız ilk aylardan Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzün ən qorxulu istiqamətlərindən olan ekoloji fəlakətləri daim diqqət mərkəzində saxlamışıq. "Metsamor" Atom Elektrik Stansiyasının zəhərli nüvə tullantılarını zəbt olunmuş Azərbaycan ərazilərində basdıran, həmin ərazilərdən keçərək Azərbaycana axan çaylara tökən Ermənistanın insanlığa zidd olan bu əməllərinin qarşısının alınması üçün dəfələrlə həyəcan səsimizi qaldırmışıq. Əslində fəal yeraltı təkanlar zonasında "Metsamor"un tikilməsi qərarı da vaxtilə qeyri-qanuni verilib və bu, həmin dövrdə SSRİ Atom Energetikası üzrə Komitənin sədri işləyən, milliyətcə erməni olan Andranik Petrosyanın subyektiv səyləri nəticəsində mümkün olub", - Hüseynov deyib.

"1970-ci ildə inşa edilmiş "Metsamor"u ciddi təhlükə mənbəyinə çevirən yalnız seysmoaktiv zonada yerləşməsi deyil, həm də burada başqa müasir AES-lərin heç birində istifadə edilməyən birinci nəsil VVER sovet reaktorunun quraşdırılmasıdır. 1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb. Avropa İttifaqı təkidlə "Metsamor"un 2011-ci ildən gec olmayaraq bağlanmasını tələb etsə və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də, qarşı tərəf bununla razılaşmır. Ermənistan "Metsamor"u 2016-cı, uzaq perspektivdə isə 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir. Axırıncı 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyini, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğunu nəzərə alanda "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistanın deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələrinin də məhv olması qaçılmazdır", - sənəddə deyilir.

Milli.Az