Ərəb əsgərlər fars dilini niyə öyrənir?

11 Aprel 2011 20:51
Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qoşunlarında əsgərlərlə zabitlərə fars dilini öyrətməyə başlayıblar.
BƏƏ rəhbərliyi ölkəyə daxil olan 7 əmirliklə rəsmi Tehran arasındakı münasibətləri normallaşdırmağa çalışır.

"Bizim İranla tarixi, mədəni, dini və iqtisadi əlaqələrimiz var. Tələbələrimiz, əsgərlərimiz və məmurlarımız fars dilini bilməlidir", - Əbu Dabi Universitetinin professoru Qəmel Hüseyn bildirib.

Universitetin rektoru Nabil İbrahim hesab edir ki, İran bölgənin ən iri dövləti olduğundan, BƏƏ bu ölkə ilə münasibətləri inkişaf etdirməlidir.
İranla BƏƏ arasındakı münasibətlər, Fars Körfəzindəki Əbu Musa, Kiçik və Böyük Tomb adalarının hansı ölkəyə mənsub olması məsələsi ilə bağlı, çox sərindir.

Bununla yanaşı, İran BƏƏ-nin ən iri ticarət müqabillərindən biridir: iki ölkə arasındakı alış-veriş ildə 12 milyard dollara çatıb.
Ən nəhayət, Birləşmiş Ərəb Əmirliklərində 500 min iranlı var ki, onların əksəriyyəti Dubayda yaşayır.

Londondakı Ərəb və İran Tədqiqatları Mərkəzinin əməkdaşı Musa Şərifinin dediyinə görə, ərəblər indi İranla münasibətlərində balans yaratmağa çalışırlar.

"İranın regiona necə böyük təsir etdiyini ərəb aləmi indi anlayıb. İranda nə qədər ərəbdilli telekanalın olduğu və ərəb ölkələrinə necə yayımla çıxdıqlarına baxın", - M. Şərifi söyləyib.

Milli.Az