Həmsədrlər işğal olunmuş ərazilərdən təmas xəttini keçərək Ağdama gələcəklər

11 Aprel 2011 12:29
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 13-də Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, monitorinqi Azərbayjan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Antal Herdiç və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ofis əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas olacaq.

Monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin işğal olunmuş ərazilərdən təmas xəttini keçərək Ağdam rayonunun Orta Qərvənd kəndinə gəlmələri planlaşdırılır. Məqsəd 9 yaşlı Fariz Bədəlovun həlak olması ilə əlaqədar araşdırmanı davam etdirməkdir.

Milli.Az