“Dəyirman”çıdan “Supa Dupa”
11 Aprel 2011 19:30
Milli.Az xəbər portalının məlumatına görə, "Supa Dupa" adlı albom yaxın aylarda işıq üzü görəcək. Albomdan olan ilk "Qara kofe" mahnısını tamaşaçılara təqdim edən Malik, albomun digər "Gözəl" adlı mahnısına klip çəkdirməyə hazırlaşır.
Oxuduğu mahnı janrının Azərbaycanda yenilik olduğunu bildirən Malik, yeni layihələri haqda məlumat verdi: "Mən, Miri Yusif və Elmir - "Dəyirman" qrupunun solistləri olaraq, hər birimizin özünəməxsus ifa tərzimiz var. Ümumiyyətlə, "Dəyirman" prodakşn olaraq, hər zaman çalışmışıq ki, musiqidə, səhnədə, janrda yenilik edək. Mənim ifa etdiyim - elektro hop janrı tam fərqlidir və Azərbaycanda yeni janrdır. Hal-hazırda dünyaca məşhur ulduzların çoxu - Rihanna, Kanye West, Black Eyed Peas, Fergie və digərləri məhz bu janrda mahnılar ifa edirlər. Hip-hop mədəniyyətinin bir üslubu olan elektro hopun Azərbaycanda ilk ifaçısı mənəm. Bu rep deyil, daha çox klub musiqisidir".
"Supa Dupa" albomu haqda məlumat verən Malik, bu albomda daha çox lirik mahnıların yer alacağını bildirdi: "Albomda sosial mövzular yer almayacaq. Çünki bu tip mövzular "Dəyirman" qrupunun ümumi tərzidir. Mənim albomumdakı mahnıların əsas mövzusu sevgidir. Amma sevgi mövzusuna da fərqli yanaşılıb. Sevgi, nifrət, qarışıq hisslər burada əsasdır".
Malik, "Dəyirman" qrupunun dağılması haqda söhbətlərin əsassız olduğunu da qeyd edib: ""Dəyirman" qrupu dağılmayıb, sadəcə olaraq, biz həm solo, həm də qrup şəklində fəaliyyət göstərəcəyik. "Dəyirman" prodakşnın ilk layihəsi Miri Yusifin "Karma" layihəsi idi. İndi növbədə mənim layihəmdir. Bundan sonra da Elmirin solo layihəsi olacaq. Elmirin albomu payız aylarına planlaşdırılır və onun da tərzi tam fərqlidir. Solo layihələr bitəndən sonra isə "Dəyirman" qrupunun albomu üzərində çalışacağıq."
Leyla
Milli.Az