“Nəsr” surəsinin fəzilətləri

5 İyun 2016 20:20

"Nəsr" surəsi Qurani-Kərimin 110-cu surəsidir ki, 3 ayəyə malikdir və Həzrət Peyğəmbərə (s) nazil olan son surədir.

Abdullah ibn Ömər nəql edir: "Bu surə vida ilinin ortalarında nazil olmuşdu. O zaman ki, "Nəsr" surəsi nazil oldu, Həzrət Peyğəmbər (s) buyurdu: "Mən bu il dünyadan gedirəm". Elə həmin ildə də dünyasını dəyişdi. O, həmin ildə Məaz ibn Cəbəli Yəmənə göndərən zaman buyurmuşdu: "Məni artıq görməyəcəksən".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) bu surə nazil olandan vəfatına qədər "Sübhənallah" zikrini çox deyərdi və çoxlu istiğfar edərdi. 

İmam Sadiq (ə) bu surənin fəziləti barəsində buyurur: "Hər kim "Nəsr" surəsini müstəhəb və ya vacib namazlarında oxuyarsa, Allah ona bütün düşmənlərinə qarşı yardım edər. Qiyamət günü o halda gələr ki, yanında danışan kitab olar. Allah bu kitabı onun qəbrinin dərinliklərindən çıxardar. O cəhənnəm atəşinin istiliyindən aman mənbəyidir. Qiyamət günü hər bir şeyin yanından keçib getməz, məgər o halda ki, müjdə verər və ona hər xeyirdən xəbər verər, o zamana qədər ki, behiştə daxil olar. Bu surənin qarisi üçün dünyada xeyir hazır olar, o halda ki, heç kəs görməmiş və qəlbinə düşməmişdir".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Nəsr" surəsini oxuyar, əcri o kəs kimi olar ki, Məkkənin fəthində Peyğəmbərlə (s) vuruşmuş və şəhadətə çatmışdır. Hər kəs (namazda) "Həmd"dən sonra oxuyarsa, namazı ən yaxşı şəkildə qəbul olar".

Hədislərdə oxuyuruq ki, hər kim Şəban ayının 9-cu gecəsində dörd rükət namaz qılarsa ki, hər rükətində "Həmd"dən sonra 10 dəfə "Nəsr" surəsini oxuyarsa, Allah bədənini atəşə haram edər, hər ayənin vasitəsilə Bədr şəhidlərindən on nəfərinin və din alimlərinin savabı ona verilər".

Bu surənin bərəkətləri:

1. Duanın yerinə yetməsi. Məsumlardan (ə) nəql edilir ki, hər kəs "Nəsr" surəsini nafilə namazlarından və ya cümə günü gün batan zaman oxuyarsa və dua edərsə, Allah onun duasını yerinə yetirər.

2. Allah düşmənlərə qarşı ona yardım edər. Hər kim "Nəsr" surəni vacib və ya müstəhəb namazlarında oxuyarsa, Allah ona bütün düşmənləri qarşısında yardım edər.

Milli.Az

Milli.Az