Anomal havalar bizə nə vəd edir: yayda yenə dözülməz isti olacaq?

11 Aprel 2011 08:00
Mülayim qışdan sonra necə fəsil gəlir?

Ötən il müxtəlif təbii fəlakətlər nəticəsində dünya iqtisadiyyatı 218 milyard dollar itki verdi. 2009-cu illə müqayisədə fəlakət qurbanlarının sayı da dəfələrlə artmışdı. Belə ki, 2009-cu ildə fəlakətlərdə 15 min nəfər həlak olmuşdusa, ötən ildə qurbanların sayı 304 min nəfərə çatdı.
İsveçrənin "Swiss Reinsurance" sığorta konserninin ekspertlərinin hesablamaları belədir. O da var ki, 200 mindən artıq insanın ölümünə səbəb olmuş Haiti zəlzələsi ilə yanaşı, xatirələrdə dözülməz bürkülü yay günləri də qaldı.

İsveçrəli sığortaçılarla yanaşı, Dünya Bankı və BMT-nin hesablamalarına görə, yaydakı bürkülü günlər müxtəlif ölkələrdə 56 min insanın ölümünə səbəb oldu.
Bütün bunlar iqlim dəyişikliklərinin səbəbləri sayılır.

Azərbaycanda da qış sanki yaz təki keçdi və havaların orta temperaturu normadan xeyli artıq oldu. Bu qış Bakı demək olar ki, qar üzü görmədi.
Üstəlik, ötən yayın qızmar, bürkülü olduğunu nəzərə alsaq, həmin istilərin yenidən təkrarlanması mümkündürmü?

Problemi yalnız indi anlayırıq?

Mütəxəssislərin dediklərinə görə, 2010-cu ilin iyunun 21-dən avqustun 19-a qədər Azərbaycanın müxtəlif yerlərində, xüsusilə də Abşeron yarımadası və Bakıda əsl Afrika bürküləri vardı. Ayrı-ayrı günlərdə havanın temperaturu +46-ya çatırdı.
Hidrometeoroloqlar onu da deyirlər ki, üst-üstə 20 temperatur rekordu vuruldu və 2010-cu ilin yayı son 130 ilin ən isti yayı oldu. Daha doğrusu, ötən yay bürkülər baxımından yeni, absolyut maksimum vurdu.
Ən pis isə odur ki, bizlər təbii fəlakət olan bürkülər və qızmar ünlər qarşısında tamamilə gücsüz, zəif və müdafiəsizik.
Ekspertlər də belə proqnozlar verməkdən çəkinirlər.

Almaniyanın Potsdam şəhərindəki İqlim Tədqiqatları İnstitutunun professoru Fridrix-Vilhelm Görstenqarbenin fikrincə, ətraf mühitin hədsiz çirklənməsi nəticəsində yaranmış qlobal istiləşmə və "istixana" effekti havaların normal güzarını bundan sonra da pozacaq, yay aylarının boğanaqlı bürkü, qış aylarının isə ifrat dərəcədə soyuq keçməsinə səbəb olacaq.

"Heç şübhəsiz ki, vaxt ötdükcə artan ekstremal hava şəraiti ilə dünyada iqlim dəyişiklikləri arasında birbaşa əlaqələr var. Uzun illərdən bəri ekspertlər belə əlaqələrdən bəhs edirlər. Qlobal istiləşmənin neqativ təzahürləri illər keçdikcə planetin hər yerində özünü büruzə verəcək. Cənubi Qafqazda da havaların həddən artıq isti keçməsi indiyədək nadir hallarda müşahidə olunan anomaliyadır", - iqlimşünas Görstenqarbe bildirib. Onun dedikləri ilə Kil Universitetinin iqlimşünaslıq professoru Mojib Lətif də razıdır.

"Postsovet ölkələrində indiyədək qlobal istilləşmə probleminə münasibət çox laqeyd idi. Rusiya ilə yanaşı, bir sıra dövlətlər, o cümlədən Cənubi Qafqaz ölkələrinin əhalisi bu problemlərin yalnız Qərbdəki insanların qayğı və narahatlıq obyekti olduğunu düşünürdülər. Lakin indi sabiq Sovetlər Birliyində yaşayan insanlar qlobal istiləşmə və onun fəsadlarının nə olduğunu anladılar", - Lətif "Bild"ə verdiyi açıqlamasında söyləyib.

Onun sözlərinə görə, indiyədək havaların nisbətən normal sərinlik səviyyəsində olduğu Cənubi Qafqazda da boğanaqlı bürkünün bərqərar olması iqlim ssenarilərinin ciddi dəyişikliklərə uğramasından xəbər verir.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) eksperti Naif Möhsüni əməkdaşımızla söhbətində bildirdi ki, Azərbaycanda havaların həddən ziyadə isti keçəcəyini məşhur iqlimşünas Aurel Heydelberq hələ illər əvvəl proqnozlaşdırmışdı.

"Azərbaycanın yerləşdiyi coğrafiyanın spesifikası elədir ki, buradakı iqlim mütləq şəkildə ətraf bölgələrdəki atmosfer dəyişiklikləri nəticəsində yaranır. "Hava cəbhə"lərindəki belə istiqamət və temperatur dəyişiklikləri şimal ilə cənubdan dağ silsilələri ilə əhatələnmiş Azərbaycanda "qazan" effekti yaradır. Məhz bu səbəbdən də isti hava kütlələri ölkə ərazisinə daxil olandan sonra temperatur daha da artır. Ölkədəki havaların belə dözülməz isti formasının almasının bir səbəbi də rütubət və atmosfer təzyiqi göstəricilərinin yüksək olmasıdır", - Möhsüni söylədi.

Ekspertlərin fikrincə, yayda ən isti havalar Abşeron yarımadası və Mərkəzi Aran rayonları ilə yanaşı, ölkənin digər bölgələrində də müşahidə olunacaq.

Bunun da səbəbi ətraf mühitin qorunması və ekoloji tarazlığın təminatı ilə bağlı vəziyyətin qənaətbəxş səviyyədə olmamasıdır.

Qafqaz İqlimşünaslıq Mərkəzinin hazırladığı son hesabatda bildirilir ki, başqa dövlətlərdə olduğu kimi, Azərbaycanda da enerjidaşıyıcıları və enerji resurslarından "səxavətli" istifadə, atmosferin sənaye və avtomobil qazları ilə çirklənməsi istiləşmə effektini artıran amillər arasındadır.

"Qlobal istiləşməni tam dayandırmaq artıq mümkün deyil. Lakin buna rəğmən, Azərbaycanda ətraf mühitin çirklənməsi və təbiətə qəsd səciyyəli addımların qarşısını almağa  yönəlmiş tədbirlər daha da fəallaşmalıdır. Ümid edirik ki, təbiət və iqlimdəki kataklizmlər insanların ətraf mühitin mühafizəsi problemlərinə olan münasibətinin dəyişməsinə səbəb olacaq", - hesabatda deyilir.

Ekspertlərin fikrincə, gələn yayda Azərbaycanda havanın orta temperaturu ötən yayla müqayisələ  +2 dərəcə yüksək olacaq.

İqlimin bir qədər də istiləşməsi problemlərin sayını həddən ziyadə artıra bilər. Hesablamalar göstərir ki, havaların orta temperaturunun +2 dərəcə artımı Azərbaycanda yanacaq-sürtgü materialları və elektroenerji sərfiyyatına artıra bilər.
Havaların istilik həddinin artımı iqtisadiyyatın istisnasız olaraq bütün sahələrində əmək məhsuldarlığını, istehsalı aşağı salacaq, istehlakda isə çeşid və istiqamət dəyişiklikləri yaradacaq.

İndi yaşanan istilərin iqtisadiyyata təsiri konkret hesablanmayıb.

Hər halda Dövlət Statistika Komitəsi ilə yanaşı, müvafiq nazirliklərdə belə rəqəmlər və ya göstəricilər yoxdur.

İqlimşünaslar isə bildirirlər ki, iqlim Yerdə baş verən proseslərə dərhal reaksiya vermədiyindən bundan sonrakı onilliklər ərzində də havalar istiləşməyə davam edəcək. Əgər bütün Yer kürəsində atmosferin dəm qazı ilə çirklənmə səviyyəsi kəskin şəkildə aşağı salınsa belə, belə addımların iqlimə təsiri yalnız 50-60 il sonra hiss olunacaq.

Bu gün üzləşdiyimiz çətinliklər də əvvəlki nəsillərin günahlarıdır.

Ona görə də Yerdə iqlim bəşəriyyətin hələ görmədiyi istilər, sazaqlı şaxtalar, daşqın, sellər və quraqlıqlarla müşayiət olunacaq.

"Bürkülər təkrarlanmayacaq"

Avropa Birliyinin ekspertləri isə bildirirlər ki, 2010-cu ildəki həddən artıq isti yay günlərinin təkrarlanma ehtimalı 1:15000 səviyyəsindədir.
Daha konkret olsaq, 2010-cu ildəki boğanaq istilər yalnız 5 min ildən sonra təkrarlana bilər.
Avropa Birliyinin Hidrometeorolgiya və ətraf mühitin monitorinqi komissiyasının mütəxəssisləri hesab edirlər ki, Avropa ərazisində, o cümlədən Azərbaycanda yay aylarında orta temperatur göstəriciləri ötən illə müqayisədə aşağı olacaq.
Bununla belə, onlar temperatur rekordlarının təkrarlana biləcəyini də birmənalı olaraq istisna etmirlər.

Proqnozlara inanaq, ya yox?

Bununla belə, meteoroloqların özləri də etiraf edirlər ki, uzunmüddətli, yəni iki-üç ay bundan sonrakı dövrlərə hesablanmış proqnozları dəqiq hesab etmək doğru deyil.
Rusiya Metereoloqlar Assosiasiyasının üzvü, tanınmış ekspert Aleksandr Vilfand Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, uzunmüddətli perspektivlə bağlı dəqiq hava proqnozu vermək prinsip etibarilə mümkün deyil.

"Belə proqnozlara inanmağı da məsləhət görməzdim, çünki uzunmüddətli proqnozları hazırlamaq və onları dəqiqləşdirmək çətin məsələdir. İqlimin özünün dəyişkən səciyyəli olması belə proqnozları mənasız edir. Dorğrudur, ötən ilin yayı unikal hadisə idi. Amma onu iqlim dəyişikliklərinin nəticəsi kimi təqdim etmək doğru olmazdı ", - Vilfand dedi.

Beynəlxalq Metorologiya Təşkilatının prezidenti Aleksandr Bedritski isə tam əksinə, "Reuters"ə verdiyi açıqlamasında bildirib ki, gələn yayın da hədsiz isti keçəcəyi istisna edilmir.
"Ümumiyyətlə, anomal dərəcədə isti yay günləri mütəmadi olaraq, dövri şəkildə təkrarlana bilər".

ABŞ-ın Milli Okeanik və Atmosfer Hadisələrinin İdarəetməsi Agentliyinin ekspertlərinin də mövqeyi qəti deyil. Onlar qlobal istiləşmə və yay günlərinin bürkülü keçməsi arasında birbaşa əlaqələr aşkarlamayıblar. Amerikalı ekspertlərin fikrincə, yay aylarında havanın temperaturundakı anomaliyaların yaranmasında əsas səbəblər təbii meteoroloji proseslərdir. "Həmin proseslər isə atmosferdə təm və "istixana" qazlarının miqdarının artmasından daha da sürətlənərək genişmiqyaslı olublar", - "USA Today" yazır.
Amerikalı ekspertlər hesab edirlər ki, dünyanın bir çox bölgələri ilə yanaşı, Cənubi Qafqaz da anomal iqlim şəraitinin bərqərar olmaası riskinin artdığı regionlar arasındadır.

İndi bütün dünyada olduğu kimi, Azərbaycanda da havaların fasiləsiz, hələlik kiçik templə istiləşməsi gedir. Əgər əvvələr havaların istiləhməsi təmayülü əsasən qış aylarında müşahidə olunurdusa, indi yay aylarında həmin proses xüsusilə qaöarıq, daha doğrusu, boğanaq şəkildə nəzərə çarpır.

Bütün bunların bizə nə "vəd" etdiyinə gəldikdə isə, havaların sürəkli istiləşməsinin nəticələri ən müxtəlif olsa da, Azərbaycanın yerləşdiyi regionunda iqlim dəyişiklikləri təbii fəlakətlərə səbəb olan deyil.
Ancaq ekspertlər əlavə nəticələrdən bəhs edirlər. Məsələn, əvvəlki illərdən fərqli olaraq Azərbaycanda müxtəlif xəstəliklər və infeksiyalar peyda olub. Subtropik və tropik iqlim qurşaqları üçün səciyyəvi olan bu mərəzlərə orqanizmimiz öyrəşmədiyindən, onların peyda olması ağır fəsadlar yaradır.

Ekspertlər deyirlər ki, ciddi təlaşlanmağa dəyməz: ölkənin iqlimi asta sürətlə, tədricən dəyişir və fəsadların qarşısını almaq üçün hazırlaşmağa vaxt var.

Hələ ki, vaxt var...

Orxan Hun
Milli.Az