"Bavariya" van Qalı niyə qovdu?

10 Aprel 2011 16:55
Milli.Az xəbər portalı "Goal"a istinadən bildirir ki, Lui van Qal Münhen "Bavariya"sının baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb. Klubun rəsmi saytında müvafiq bəyanat yerləşdirilib. Van Qalla yanaşı, onun üç köməkçisi də işdən çıxarılıb.

Klub rəhbərliyinin səbr kasasını dolduran son damla Almaniya bundesliqasının son turunda, dünən "Nürnberq"lə oynanan matçın 1:1 hesabla başa çatmasıdır. Bu matçdan sonra "Bavariya" bundesliqanın turnir cədvəlində 4-cü yerə düşüb.

Klub rəhbərliyinin bəyanatında deyilir ki, "Bavariya" mövsümlə bağlı minimum vəzifənin - gələn mövsümdə Çempionlar Liqasında mübarizə aparmaq üçün vəsiqəyə yiyələnmək imkanının əldən çıxarılması təhlükəsi ilə qarşılaşıb. Növbəti mövsümdə Çempionlar Liqasında Almaniyadan 4 klub mübarizə aparacaq.

Mövsümün sonuna qədər "Bavariya"nın baş məşqçisi səlahiyyətlərini Andreas Yonker icra edəcək. O, van Qalın köməkçisi idi. Növbəti mövsümdə isə baş məşqçi postuna Leverkuzen "Bayer"nin çalışdırıcısı Yupp Haynkes təyin ediləcək.

Milli.Az