Bizi yeni bəla haqladı!
10 Aprel 2011 10:09
Britaniya Səhiyyə Nazirliyi rəsmilərinin xəbərdarlığında deyilir ki, antiobiotiklərə müqavimətli infeksiyaların "misli görünməmiş dərəcədə yayılması" Avropanın mübarizə qabiliyyətini üstələyir.
Milli.Az xəbər portalı BBC-yə istinadən biğdirir ki, geniş işlədilən antibiotiklərə qarşı müqavimətli infeksiyalar hər il 25 min adamın ölümünə bais olur.
Dünya Səhiyyə Təşkilatı bakteriyalara qarşı yeni əlacın tapılmasına çağırıb.
Problemlə bağlı müştərək səylər göstərilməsə dünya müalicəsi olmayan xəstəliklərin yayılması ilə üzləşə bilər, deyilir təşkilatın proqnozunda.
"Antibiotiklər qiymətli bir kəşf olmuşdur. Lakin onları ya düzgün istifadə etməyiblər və bəzən həddən ziyadə çox işlədiblər. İndi bütün dərmanların təsirinə tab gətirə bilən bakteriyalar mövcuddur", - Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Jujanna Yakob deyib
"Qlobal səyahətin miqyası ilə ticari və iqtisadi əlaqələr nəzərə alınsa, yoluxucu xəstəliklərlə ancaq ortaq mübarizənin nəticə verəcəyini gözləmək olar", - səhiyyə məsələləri üzrə ekspert deyib.
Virus və bakteriyaların dərmanlara müqavimətini yeni peyda olan New Deli və yaxud da NDM-1 adlı ştamm misalında görmək olar.
Onların daşıyıcıları müalicə üçün Hindistanla Pakistana baş çəkən adamlar olub.
İlk dəfə Dehli şəhərində aşkar edilərək New Deli adını qazanan bakteriyanın hətta karbapenem qrupundan olan ən güclü antibiotiklərə müqavimətli olduğu təsdiqlənib.
Britaniya Kardiff Universtitetinin alimləri yeni bakteriyanın artıq Hindistan paytaxtının su kəməri sistemində tapıldığını deyirlər.
Bu isə milyonlarla adamın New Deli bakteriyasının daşıyıcısı olduğu deməkdir.
Alimlər mikroorqanizmlərin yeni modifikasiyalarının yayılmasının qarşısını almaq üçün təcili və qərarlı addımlara səsləyirlər.
Britaniya "New Deli" bakteriyası ilə 70 yoluxma halının qeydə alındığını bildirib.
Milli.Az