DİN: İtkin düşmüş qadının meyiti və qatilləti tapıldı
9 Aprel 2011 17:11
Milli.Az xəbər portalı bildirir ki, bu il aprelin 2-də Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə Bakı şəhər sakini Reyhan İsgəndərlinin evdən çıxaraq naməlum istiqamətə getməsi və bir daha geri qayıtmaması barədə məlumat daxil olub. Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilir ki, ilkin araşdırmalarla Reyhan İsgəndərlinin qətlə yetirilməsinə dəlalət edən kifayət qədər əsaslar müəyyən edildiyindən, Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçrilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 8-də R.İsgəndərlinin keçmiş həyat yoldaşının qohumu Gəncə Cəfərov və sonuncunun evində təmir işləri aparmış İlqar Ağayev şübhəli şəxs qismində saxlanılıblar.
Onlar ifadələrində aprelin 1-də Gəncə Cəfərovun evində olarkən aralarında baş vermiş mübahisə zəminində Reyhan İsgəndərlini qətlə yetirdiklərini, meyidini avtomaşınla Xızı rayonuna aparıb Altıağac qəsəbəsinə gedən yolun kənarındakı ərazidə basdırdıqlarını etiraf ediblər.
Meyit göstərilən yerdən çıxarılaraq müayinə edilməsi üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.
Faktla bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Anar Məmmədov
Milli.Az
"Azərbaycan Dəmir Yolları"nın itkin şöbə müdirinin meyiti tapıldı - TƏFƏRRÜAT-YENİLƏNİB