Türkiyədə yeni neft yataqları tapılıb
9 Aprel 2011 22:37
Milli.Az xəbər portalı "İnradio"ya istinadən bildirir ki, Qara dənizin Türkiyəyə aid hissəsində yeni neft yataqları tapılıb. Bu barədə Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətinin baş direktoru Mehmet Uysal məlumat verib. Onun sözlərinə görə, dənizdəki "Sürmene-1" quyusunda 4 min 800 metr dərinlikdən əldə edilən nümunələrdə neft aşkar edilib.
Şirkət rəhbəri digər şirkətlərlə birgə qazılan "Sinop-1" və "Yassıhöyük" quyularında hələ neft və ya qaz tapılmadığını bildirib. Lakin tamamilə TPAO-ya məxsus olan "Sürmene-1"dən çox gözəl neft nümunələri çıxıb. Tapılan bu nümunələrin Bakıda, Xəzər dənizindəki "Azəri", "Çıraq" və "Günəşli" yataqlarından çıxan neftə bənzədiyini deyən Mehmet Uysal onun yüksək keyfiyyətə malik olduğunu bildirib.
Quyuda təzyiq yüksək olduğundan hələ ki, qazma işləri təxirə salınıb. Amma müvafiq avadanlıqlar əldə edildikdən sonra işlər davam edəcək. Neft yatağının ehtiyatını qiymətləndirmək də hələ çox tezdir. Mütəxəssislər az həcmdə neft çıxarmağın mümkün olduğunu, amma bunu iqtisadi baxımdan sərfəli olmadığını bildiriblər.
Milli.Az