Ermənistan Parlamentində təmsil olunan üç qeyri-iqtidar partiyaları "hakimiyyət dəyişikliyi" prosesinə başlayırlar. Firavan Ermənistan (FEP), Erməni Milli Konqresi (EMK) və Jaranqutyun (İrs) partiyaları yaxın cümə günü Yerevanın Azadlıq meydanında mitinq keçirmək qərarına gəliblər.
Milli.Az BBC-yə istinadən bildirir ki, bu barədə bazar günü axşam başa çatmış partiya liderlərinin danışıqlarından sonra bəyan edilib.
Görüşdən sonra FEP sədri Qaqik Tsarukyan, EMK lideri Levon Ter-Petrosyan və İrs Partiyasının rəhbəri Raffi Hovhannisyan mitinqdə "mövcud problemlərin həlli yollarının" müzakirə olunacağını qeyd edərək, təfərrüatlarını açıqlamayıblar.
Lakin bazar ertəsi yayılan bəzi məlumatlara görə, FEP lideri Qaqik Tsarukyan millət vəkili mandatından məhrum edilsə, partiyanın parlament fraksiyasında aclıq və oturaq tətil keçirmək qərarına gəliblər. Tətildə bir sıra FEP parlament üzvlərinin, o cümlədən fraksiya katibi Naira Zohrabyan və sabiq xarici işlər naziri Vardan Oskanyanın, iştirak edəcəyi ehtimal olunur.
"Qeyri-iqtidar üçlüyü" 20 fevral mitinqindən sonra Azadlıq meydanında müddətsiz oturaq tətil başlayacağını da istisna etmir.
Daha əvvəl, ötən həftə FEP rəhbər heyətinin yığıncağında patriyanın lideri Qaqik Tsarukyan "ölkədə təcili həllini tələb edən vəziyyət" yarandığını və "yeganə həll yolunu növbədənkənar prezident seçkiləri ilə tam hakimiyyət dəyişikliyində" gördüyünü bəyan etmişdi.
"Hakimiyyəti mitinqlərlə dəyişmək mümkün deyil"
"Bunu [hakimiyyəti dəyişmək] xalq seçki vasitəsilə müəyyən etməlidir. Xalq öz etimad mandatını 2017-ci ilədək müəyyən siyasi qüvvələrə, 2018-ci ilədək isə mövcud prezident Serj Sarkisyana verib. Qalanı, bütün sivil ölkələrdə olduğu kimi, xalqın qərarından asılıdır", - o bəyan edib.
İqtidarın mitinqlə bağlı "narahat olmadığına" baxmayaraq, Yerevan meriyası qeyri-iqtidar qüvvələrin fevralın 20-də mitinq keçirmək haqqında bildirişinin "Yığıncaqlar azadlığı haqqında qanuna" uyğun olmadığını bildirib.
Meriyanın yaydığı bəyanatına əsasən, müxalif üçlüyün mitinqi hər hansı bir mühüm hadisəyə həsr olunmayıb ki, "təxirəsalınmaz" hesab edilsin. Qanuna əsasən, yalnız təxirəsalınmaz mitinqlər aidiyyatı olan hadisə baş verdikdən 8 gün tez keçirilə bilər.
Buna baxmayaraq üçlüyə daxil olan Erməni Milli Konqresi parlament fraksiyasının rəhbəri Levon Zurabyan "qanuna görə, meriyanın mitinqi qadağan etmək üçün nə haqqı, nə də bu konkret halda bir əsası" olduğunu və mitinqin mütləq keçiriləcəyini bəyan edib.
"Siyasi məkanın təmizlənməsi" davam edir
Prezident Sarkisyanın hakim partiya rəhbər heyətinin, demək olar, tamamilə Tsarukyanın "ziyanverici fəaliyyətinə" həsr olunmuş iclasından sonra hökumət Tsarukyana məxsus müəssisələrdə yoxlama keçirmək üçün Maliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Gəlirlər Komitəsinə sifariş göndərib.
Bu müəssisələrdə əvvəllər də təftiş edilib və hər hansı pozuntu haqqında məlumat verilməyib. Lakin əvvəllər Qaqik Tsarukyanın partiyası ya hakim koalisiyanın üzvü, ya da müxalif fəaliyyətdən uzaq olub.
Ermənistan parlamentində, xüsusilə, hakim Respublikaçılar və sayca ikinci Firavan Ermənistan fraksiyasında bəzilərinin sahibkarlıqla məşğul olduğu sirr deyil, bunu millət vəkillərinin özləri də gizlətmir.
Bu gün artıq Firavan Ermənistan parlament fraksiyasının iki üzvü - Araqats Axoyan və Karo Karapetyan - fraksiyanı tərk etmək haqqında ərizə təqdim ediblər.
Onlar "xüsusilə Ermənistan-Azərbaycan sərhədində və Qarabağ təmas xəttində vəziyyətin pisləşməsi, eləcə də soyqırımın 100 illiyi fonunda ölkə təhlükəsizliyinə zidd və daxili siyasi gərginliyə gətirə bilən proseslərdə" iştirak etmək istəmədiklərini bildirirlər.
Tsarukyan bütün rəsmi dövlət postlarından azad edilir. Daha əvvəl o, Prezident Sarkisyanın fərmanı ilə Milli Təhlükəsizlik Şurası üzvlüyündən kənar edilib. Bazar ertəsi hələ ki Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti olan Firavan Ermənistan Partiyasının sədri Qaqik Tsarukyan Dövlət Bədən Tərbiyəsi İnstitutu Şurasının sədri vəzifəsindən azad edilib.
Son bir neçə gün ərzində müqavilə əsasında Tsarukyanın və ona məxsus ərazilərin mühafizəsini icra edən Polis Baş Mühafizə İdarəsinin 200-ə yaxın əməkdaşının istefaya göndərildiyi haqqında məlumatı Ermənistan Polisinin mətbuat xidməti də təsdiqləyib.
Polis mətbuat xidməti bunu "polis sistemində islahatlar çərçivəsində təhlükəsizlik təminatının səviyyəsini qaldırmaq məqsədilə" izah edir.
Qeyri-rəsmi mənbələr polis qismində Tsarukyanın və ona məxsus sahələrin təhlükəsizliyini təmin edən ona sadiq qalan adamların və qohumlarının azad edildiyini bildirirlər.
Milli.Az