Binəqədi rayonunda Respublika Gününə həsr edilmiş bayram tədbiri keçirilib - FOTO

27 May 2016 19:14

Mayın 27-də Binəqədi rayonunda Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Xəzər Universitetinin "Dünya Məktəbi"nin birgə təşkilatçılığı ilə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümünə həsr edilmiş bayram tədbiri keçirilib.

Milli.Az bildirir ki, İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Xəzər Universitetinin "Dünya Məktəbi"ndə keçirilən tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi RİH başçısı Aparatının şöbə müdirləri, Xəzər Universitetinin "Dünya Məktəbi"nin kollektivi, ictimai təşkilatlar, ASAN Könüllüləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar "Dünya Məktəbi"nin foyesində uşaqların əl işlərindən ibarət təşkil olunan sərgi ilə tanış olublar.

Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə Dünya məktəbinin tarix müəllimi Arif İbrahimov məruzə ilə çıxış edib.

Məruzədən sonra çıxış edən Rəfibəylilər nəslinin nümayəndəsi, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirib.

Daha sonra çıxış üçün söz alan rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov nitqində 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulayıb, 1993-cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn Ulu Öndər və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirməsindən bəhs edib və tədbir iştirakçılarını qarşıdan gələn 28 May - Respublika Günü münasibəti ilə rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik edib.

Rəsmi hissə bitdikdən sonra Xəzər Universitetinin simfonik kamera orkestri, "Dünya Məktəbi"nin məktəbliləri və Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi tərəfindən kompozisiya nümunələri nümayiş olunub.

Tədbirin sonunda "Şahin" hərbi-idman oyununun rayon mərhələsinin qalib komandası Azərbaycanın üçrəngli bayraqlarını səhnədə dalğalandırıblar.

Milli.Az