Braziliyada məktəbdə gülləbaran: 13 ölü, 15 yaralı - FOTO

7 Aprel 2011 19:44
Milli.Az xəbər portalı "Globo"ya istinadən bildirir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində tapança ilə silahlanmış kişi orta məktəbə soxularaq qarşısına çıxan hər kəsə atəş açıb. Gülləbaran nəticəsində 13 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hücum edən şəxs sonradan özünü vuraraq intihar edib.

Braziliyanın səhiyyə naziri Serhio Kortesin dediyinə görə, Rio-de-Janeyronun qərbindəki Realenqo səmtində yerləşən Takko da Silveyra məktəbində yaralananların sayının 22 nəfər olduğu deyilsə də, sonradan say dəqiqləşib.

Məktəbi gülləbaran edən şəxsin 23 yaşlı Vellinqton Menezes de Oliveyra olduğu deyilir.
Polis polkovniki Dcalma Belştrami bildirib ki, Vellinqtonun cinayətdən əvvəl yazdığı məktub da tapılıb. Məktubda o, məktəbdə qırğın törədəndən sonra intihar edəcəyini bildirib.
Həmin məktəbi bitirmiş cinayətkarda 2 tapança olub.

Milli.Az