Atları kəsib heyvanları sevindirdilər

21 May 2016 10:07

Qida təhlükəsizliyi ilə əlaqədar aparılan nəzarət tədbirləri zamanı götürülən nümunələrin müayinəsi başa  çatıb.

2016-cı il may ayının 17-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və İsmayıllı rayon Baytarlıq İdarəsinin əməkdaşları rayon ərazisində atların kəsilməsi ilə əlaqədar alınmış anonim məlumat əsasında reyd keçiriblər.

Qurumdan Milli.Az-a verilən məlumata görə, reyd zamanı rayonun İsmayıllı kənd sakinin Pünhan Mürsəl oğlu İbrahimova məxsus həyətdə atların kəsildikdən sonra tədarük edildiyi aşkar olunub. Araşdırma zamanı 10 baş atın İsmayıllı rayonu Mican kəndinin çaylaq adlanan ərazisində, gizlin şəkildə, atların kəsim qaydalarına əməl edilmədən, antisanitariya şəraitində kəsildiyi müəyyən edilib. Bununla əlaqədar kəsim aparılan əraziyə baxış keçirilərkən müxtəlif yerlərdə qan izləri, atın baş-ayaqları və daxili orqanlarının olması müəyyən edilib.

Araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhər sakini Novruzov Süleyman Əziz oğlunun sifarişi ilə İsmayıllı rayon sakini Ziriyev Vüqar Təşkilat oğlu və Bakı şəhər sakini Cəfərov Mahal Şamil oğlu tərəfindən İmişli rayonuun Ağaməmmədli kəndi ərazisindən 10 baş at tədarük olunaraq "Qazel" markalı yük avtomobili ilə İsmayıllı rayonuna gətirilib və qeyd edilən ərazidə qanunsuz kəsim həyata keçirilib. Eləcə də araşdırmalar zamanı müəyyən olunub ki, tədarükçülər tərəfindən 400 kiloqram at əti satış məqsədilə minik avtomobili vasitəsilə Bakı şəhərinə göndərilib, qalan 400 kiloqram at  əti (dərisi soyulmamış vəziyyətdə olan ətlər) isə həmin ərazidə saxlanılıb. Aşkar edilən ətlərin mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayıb.

Tədarükçülərlə aparılan danışıqlardan sonra Bakı şəhər sakini Mahal Şamil oğlu Cəfərov tərəfindən idarə olunan taksi avtomobili ilə paytaxta göndərilən at ətləri müayinə olunmaq üçün Respublika Baytarlıq Laboratoriyasına gətirilib.

Ətlərdən götürülən nümunələr laboratoriyada müayinə edilib. Bakterioloji müayinələrin nəticəsinə əsasən yoxlanılan 42 nümunə ətdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus) aşkar olunub. Biokimyəvi müayinələr zamanı isə 42 nümunə ətin keyfiyyətsiz və at ətinə məxsusluğu təsdiqlənib. Aparılan müayinələrin nəticəsinə əsasən insan qidası üçün yoxlanılan ət nümunələri baytarlıq-sanitariya cəhətdən yararsız olub. 

Həmçinin insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq aparılan nəzarət tədbirləri çərçivəsində may ayının 17-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Abşeron rayon Baytarlıq İdarəsinin əməkdaşları rayon ərazisində reyd keçiriblər. Reyd zamanı Abşeron rayonunun Şamaxı-Bakı şosesinin Hökməli kəndi ərazisində mənşəyi bilinməyən, sağlamlığına dair heç bir sənədi olmayan, qida üçün yararlığı şübhə doğuran, Göyçay rayonundan Bakı şəhərinə satış məqsədi ilə gətirilən Göyçay şəhəri, Əli Kərimov küçəsi 215, mənzil 8-in sakini İlham İsmayılova məxsus B-863 KT 77 Rusiya dövlət nömrə nişanlı "Lada-015" markalı minik avtomobilində 3 baş iribuynuzlu heyvan (cəmi 380 kiloqram) cəmdəyi aşkar olunmuşdur. 
Avtomobil Respublika Baytarlıq Laboratoriyasının həyətinə gətirilmiş və ətlərdən baytarlıq qanunvericiliyinə müvafiq müayinə üçün nümunələr götürülmüşdür. 

Laboratoriyaya daxil olan 12 nümunə ətdə və 1 nümunə daxili orqanda aparılan bakterioloji müayinə zamanı 8 nümunə ətdə və 1 nümunə daxili orqanda bakterioloji çirklənmə (BÇQB, stafilakokkus aureus) aşkar edilmişdir. Biokimyəvi müayinənin nəticəsinə görə isə 8 nümunə ətin, 1 nümunə daxili orqanın keyfiyyətsiz olması müəyyən edilmişdir. Müayinə zamanı keyfiyyətsiz ət nümunələrinin aqoniya və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan ətləri olması müəyyən edilmişdir. 
Laboratoriya müayinələri zamanı keyfiyyətsizliyi və baytarlıq-sanitariya cəhətdən insan qidası üçün yararsızlığı müəyyən edilən həm İsmayıllı rayonunda kəsilən at ətləri, həm də Göyçay rayonundan paytaxta satış məqsədi ilə gətirilən iribuynuzlu heyvan ətləri çəkilərək akt əsasında Bakı Heyvanat Parkına təhvil verilmişdir.  
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

Milli.Az