Prezident İlham Əliyev Ələt və Qobustanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Sərəncam imzalayıb

6 Aprel 2011 19:04
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı şəhəri Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Dövlət başçısı qərara alır ki, Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı şəhərinin Qaradağ rayonu İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat, o cümlədən Ələt qəsəbəsində 32 saylı şəhər poliklinikasının yenidən qurulması üçün 1,0 (bir) milyon manat və 110 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri üçün 1,0 (bir) milyon manat; Qobustan qəsəbəsində 17 saylı birləşmiş şəhər xəstəxanasının yenidən qurulması üçün 2,0 (iki) milyon manat və 800 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.

Sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsinin təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.

Milli.Az