Mais Səfərli: "Belə cəhdlər kiçik qrupun arzularının ifadəsidir"

6 Aprel 2011 12:54
"Ölkənin müxalifət düşərgəsində baş verən proseslər bir daha göstərdi ki, bu insanların geniş sosial bazası və xalq içində dəstəyi yoxdur".

Yurddaş Partiyasının sədri Mais Səfərli bu fikirləri Milli.Az xəbər portalına verdiyi açıqlamasında dedi.

"Təbii ki, Azərbaycanda hər bir vətəndaşın etiraz aksiyası keçirmək, hər siyasi təşkilatın da belə aksiya təşkil etmək hüququ var və biz də bu hüququ tanıyırıq. Həmin hüquq Azərbaycan Konstitusiyasında da təsbit olunub. Lakin həmin aksiyalar mövcud qanunvericilik çərçivəsində olmalı, qanunları pozmamalı, qaydalara uyğun şəkildə keçirilməli və ən başlıcası, heç bir halda stabilliyin pozulmasına yönəldilməməlidir", - Mais Səfərli söylədi.

Onun sözlərinə görə, ərəb ölkələrində baş verən proseslərin Azərbaycanda "təkrarlanması" cəhdləri müxalifətdəki kiçik qrupun arzularıdır və xalq da bu səyləri dəstəkləmir: "Son illərdəki proseslər, xüsusilə də Bakıdakı aksiya müxalifətin cəmiyyətdəki dayaqlarının və ictimai dəstəyinin olmadığını göstərdi".

Orxan Hun
Milli.Az