Sualtı təyyarələrin sınaqları başlanır
6 Aprel 2011 23:30
Milli.Az xəbər portalının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünyanın ilk kommersiya tipli kosmik gəmisini uğurla sınaqdan keçirmiş ABŞ-ın "Virgin Atlantic Airlines" şirkəti bu dəfə daha maraqlı və perspektivli layihənin reallaşdırılmasına hazırlaşır. Şirkətin prezidenti Riçard Bransonun sözlərinə görə, onların hazırladıqları növbəti aparat kosmosda deyil, suda, daha dəqiq desək, okeanın altı ilə hərəkət edəcək bir laynerdir. Kaliforniyanın Nyuport Biç bölgəsində düzənlənən mətbuat konfransında çıxış edən şirkət rəhbəri sualtı gəminin uzunluğunun cəmi 6 metrə çatmasına baxmayaraq, okeanın 11 min metrlik ən dərin və qaranlıq sularında hərəkət etməyə qadir olduğunu dilə gətirib. "Virgin Oceanic" adlanan layihəyə əsasən onun sınağı iki il boyunca tamamlanacaq. İlk test isə Sakit okeanının ən dərin çökəyi olan Marianada baş tutmalıdır. Əgər sınaq uğurlu keçərsə və təkmilləşdirməyə ehtiyac duyulmazsa, növbəti sınaq Atlantik okeanının Puerto-Riko adlanan dərin qatlarında gerçəkləşəcək. Bundan əlavə, digər okeanların dərinliklərində də itisürətli "sualtı təyyarə"nin imtahandan keçiriləcəyi planlaşdırılıb. "Necker Nymph" hərbi sualtı qayığının texnologiyasına bənzər olsa da, bu qurğu ekoloji təmizliyiə tam cavab verəcək və kommersiya məqsədlərindən əlavə, sualtı dünyanın canlılarının öyrənilməsində də istifadə olunacaq.
Milli.Az