Türkiyədən Argentinaya “erməni soyqırımı” etirazı
6 Aprel 2011 10:30
Türkiyə Argentinada bir erməni mənşəli vətəndaşın 2001-ci ildə qaldırdığı və keçən həftə başa çatan məhkəmə iddiası ilə bağlı bu ölkədəki hakimlərin verdiyi "Türk dövləti 1915-1923-cü illərdə erməni xalqına qarşı soyqırımı törətmişdir" qərarını kəskin şəkildə qınayır. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Səlçuk Ünal deyib. Mətbuat katibi bildirib ki, rəsmi Ankara Argentinada yerli bir məhkəmənin, beynəlxalq hüquq prinsiplərinə zidd olaraq, beynəlxalq müqavilələrə etinasızlıq göstərərək qəbul etdiyi bu qeyri-ciddi qərarı pisləyir və rədd edir.
XİN rəsmisi vurğulayıb ki, qərar erməni milliyətçi ünsürlərin güclü olduğu ölkələrdə hüquq sisteminin istismar edilməsinin bir nümunəsini təşkil edir. Bu, Argentina hüququ adına da ləkə gətirir. Bu qərar BMT-nin 1948-ci ildə qəbul etdiyi "Soyqırımı suçunun qarşısının alınması və cəzalandırılması" Müqaviləsinə də ziddir. Bəzi dairələri məmnun edən bu qərar Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, türklərin və ermənilərin keçmişi birlikdə dəyərləndirməsi ilə bağlı ədalətli bir mövqeyə nail olmaq istiqamətində səylərə də xidmət etmir.
AzərTAc