Milli.Az-da "Həftəsonu qiraət": Heç kimsə sevgidə mən olmayacaq

10 Aprel 2011 12:34
Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) [email protected] ünvanına göndərməyə dəvət edirik.
Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində və xəbər lentində yerləşdiriləcək.


Sevgi azad quşdur, uçmasına səbəbkar ola bilərsən, amma qonmasına əsla!
Nə qədər yüksəkdən uçarsa, əlçatmaz olar, aşağı enəndə isə ölüm təhlükəsi artar. Sevgi də belədir, əlçatmaq olanda müqəddəs olur, vüsala çatanda ayrılmağı düşünürsən.

Heç kimsə sevgidə mən olmayacaq

Heç kimsə sevgidə mən olmayacaq,
Səni mənim kimi oxşamayacaq.
Bir gün birisini sevmək istəsən,
Ürəyin tək məni arzulayacaq.

Sən ola bilməzsən başqasına yar,
Vicdanın, mənliyin səni qınayar.
Bir gün saçlarına yağacaqdır qar,
Məhəbbətin səni düşman sanacaq.

O təmiz sevgidən qalmadı bir iz,
Günahkar yalnızca özümüzük, biz.
Xəyanət tor qurdu səssiz-səmirsiz,
Ürək bir də eşqlə çağlamayacaq.

Təzədən sevək

Ürəyimdə min bir üsyan,
Rahat qoymur məni xülyan.
Nə mən alışım, nə sən yan,
Gəlsənə, təzədən sevək.

Dözmək olmur eşq dağına,
Çəkmə məhşər ayağına,
Nəs fələyin acığına,
Gəlsənə, təzədən sevək.

Sənlədir arzum-muradım,
Adına bağlıdır adım,
Sənsiz yox ləzzətim-dadım,
Gəlsənə, təzədən sevək.

Gəncliyə məxsusdur xata,
Tez qovuşulmaz rahata.
Olmaq üçün ana, ata,
Gəlsənə, təzədən sevək.

Ay ata

Mənimlə böyüyür qəmim, kədərim,
Bəzən isti keçir, yanır da dərim.
Mən hansı budaqdan bir ümid dərim?
Ilham ver, dözüm ver, dözüm, ay ata!

Gecə də, gündüz də gözlərimdə yaş,
Öksüz ürəyimə saplanıb bir daş.
Deyirsən sınaqdır, bu əngəli aş,
Dilimin əzbəri, sözüm, ay ata!

Könlümdə Kəbəmsən, dilimdə Quran,
Sən ey qibləgahım, orda uyuyan.
Mələyinəm sənin, yanında duran,
Dönənəm başına özüm, ay ata!     

Rübabə Sahib
Milli.Az