AFFA “Neftçi” və “Qarabağ”dan Respublika stadionuna cərimə ödəməyi tələb edir
5 Aprel 2011 15:48
AFFA İntizam Komitəsinin iclası keçirilib. Milli.Az xəbər portalının AFFA-nın internet saytına istinadən verdiyi məlumata görə, iclasda bir sıra klublara və futbolçulara qarşı cəza tədbirləri görülüb.
Aprelin 2-də XIX Unibank Premyer Liqasının XXV turunun "Qəbələ"-"Gəncə" matçı başa çatdıqdan sonra "Qəbələ" klubunun futbolçusu Yaşar Abuzərov hakimləri təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.
MOİK - "Muğan" matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 1000 (min) manat cərimə olunub. Oyunun 80-ci dəqiqəsində "Muğan" klubunun oyunçusu Angel Gutierrez simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
"Neftçi" - "Qarabağ" matçı keçrilən stadionda hər iki klubun azarkeşləri tərəfindən oturacaqlar sındırılıb. Belə ki, "Qarabağ" klubunun azarkeşləri tərəfindən 152 oturacaq, "Neftçi" klubunun azarkeşləri tərəfindən 163 oturacağın sındırıldığı aşkar edilib. Bu səbəbdən də hər iki klub dəymiş zərərə uyğun olaraq Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.
Milli.Az