Soros avronu "basdırdı"
4 Mart 2010 09:20
Avropa Birliyinin məmurlarını ən çox narahat edən məqam məşhur investorun avroya qarşı oynamasıdır. Axı Soros "İngiltərə Bankını sındıran adam", yəni Britaniya funt-sterlinqinin kursunu xeyli aşağı salmış şəxs kimi tanınır.
"The Guardian" bildirir ki, AB məmurları Sorosa məxsus "Soros Fund Management" investisiya fondu, habelə digər bir sıra iri hec fondlarını avronun kursunu aşağı salmaq üçün bu valyutanı aqressiv şəkildə satmaqda suçlayırlar.
Corc Soros ötən həftə "The Financial Times"də dərc etdirdiyi məqaləsində Avropa Birliyinin maliyyə sistemini sərt tənqid etmiş, avronun çökəcəyini bildirmişdi.
Hazırda dünyanın ən iri hec-fondları avronun ABŞ dollarına olan kursunun kəskin şəkildə aşağı düşəcəyinə stavka edirlər. "Monnes, Crespi, Hardt & Co." araşdırma-broker şirkətinin keçirdiyi toplantıda hec-fondların rəhbərləri avronun kursunun aşağı düşərək ABŞ dolları ilə paritet səviyyəyə çatacağını müzakirə ediblər.
Əgər avronun ucuzlaşması davam edərsə, onda 1/20 nisbətdəki "maliyyə çiyni"ndən istifadə edən birja oyunçuları üçün avronun $1-ə bərabər olması həyatlarının sövdələşməsi ola bilər. "Bu, çox böyük məbləğdə pul qazanmaq imkanıdır", - "Salomon Brothers"in sabiq, "GlobeOp Financial Services"in indiki rəhbəri Hans Hyufşmidt bildirib.
Bütün bunlar ekspertləri Sorosun 1992-ci ildə həyata keçirdiyi və Britaniya funt-sterlinqinin kəskin ucuzlaşmasına səbəb olan valyuta əməliyyatını xatırlamağa vadar edib. Həmin əməliyyat nəticəsində Soros $1 milyard qazanıb.
/Ekspress/