Bakıdakı Oksford Məktəbində müdhiş oğurluq - Eksklüziv

5 Aprel 2011 13:19
Milli.Az xəbər portalının məlumatına görə, Bakının Səbail rayonunda yerləşən Bakı Oksford Məktəbində müdhiş oğurluq olub.

Rayon Polis İdarəsindən Abbaszadə küçəsi 8 ünvanında yerləşən Bakı Oksford Məktəbindən içərisində külli miqdarda pul olan seyfin oğurlanması xəbərini portalımıza təsdiq edərək əlavə məlumat verməkdən imtina etdilər.

Məlumata görə, oğurlanan seyfin içərisində 200 000 manat olub. Keçirilən tədbirlər nəticəsində oğurluğu törədən şəxs müəyyən edilib. Məlum olub ki, seyfi aparan məktəbdə aşbaz işləyən gənc oğlandır. Onu tutmaq hələlik mümkün olmayıb. Aşbazın Yasamal rayonundakı evinə baxış keçirən polis əməkdaşları pulun xeyli hissəsini onun orada aşkarlayıb. O, pulları evdəki soyuducuda gizlədibmiş...

Əldə etdiyimiz məlumata görə, həmin şəxs tanışının avtomobilinin dövlət nömrə nişanından bu cinayətdə istifadə edib. O, oğurladığı pulların bir hissəni borclarını qaytarmağa sərf edib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Cinayət hadisəsi ilə bağlı məktəbdən hər hansı məlumat öyrənmək mümkün olmadı.
Ətraflı məlumat verməyə çalışacağıq.

Anar Məmmədov
Milli.Az