"Oser faciəsi" "onluq"da

11 May 2016 14:55

Azərbaycan yığmasının 1995-ci ildə Fransaya 0:10 hesablı məğlubiyyəti növbəti dəfə xatırlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu dəfə pastemagazine.com saytı "Oser faciəsi"ni yada salıb.

Belə ki, həmkarlarımız yığmaların böyük hesablı məğlubiyyətləri ilə bağlı yazı hazırlayıblar. Millimizin ağır məğlubiyyəti "onluğ"un ilk pilləsində yer alıb: "1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın yığması Avro-1996-nın seçmə mərhələsində özünü heç də pis göstərmirdi. Buna Fransa ilə ev oyununu misal göstərmək olar. Həmin görüşdə Azərbaycan cəmi 2 top fərqilə rəqibinə uduzmuşdu. Cavab matçında isə tam fərqli tarix yaşandı. Fransızların 8 oyunçusu 10 qola imza atmaqla, Azərbaycan yığmasına ilk ağır zərbəni vurdu".

"Onluq"da həmçinin, İspaniya - Malta (12:1, 21 dekabr 1983-cü il), Maldiv adaları - Monqolustan (12:0, 3 dekabr 2003-cü il), Argentina - Ekvador (12:0, 22 yanvar, 1942-ci il), Yeni Zelandiya - Fici (13:0, 16 avqust 1981-ci il), Almaniya - San-Marino (13:0, 6 sentyabr 2006-cı il), Cənubi Koreya - Nepal (16:0, 29 sentyabr 2003-cü il), İran - Quam (19:0, 24 noyabr 2000-ci il), Küveyt - Butan (20:0, 14 fevral 2000-ci il) və Avstraliya - Amerika Samoası (31:0, 11 aprel 2001-ci il) matçları da yer alıb.
 
Qeyd edək ki, yığmamıza 10:0 hesabı ilə qalib gəldikləri görüşdə Fransanın qollarına Yuri Corkaeff (2), Frank Leböf (2), Marsel Desaill, Vinsen Querin, Reynald Pedros, Kristof Duqarri, Zinəddin Zidan və Kristof Kokar imza atıblar.

Milli.Az