"Təbii, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını biz hamıdan çox istəyirik və bu istiqamətdə çalışırıq. Amma Ermənistandakı bəzi siyasətçilərdən fərqli olaraq hesab edirik ki, Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq ilk dövlət Ermənistan olmamalıdır".
MilliAz "Radio Azatutyun"a istinadən bildirir ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın müşaviri David Babayan belə deyib.
Dağlıq Qarabağdakı separatçı rejimin "dövlət müstəqilliyi"nin Ermənistan tərəfdən rəsmən tanınmasının ATƏT-in Minsk Qrupu çərçivəsindəkı prosesi və münaqişənin dinc yolla tənzimlənməsinə yönəlmiş danışıqların sonu olacağını, münaqişə zonasında genişmiqyaslı müharibənin başlana biləcəyini D.Babayan da dolayı yolla etiraf edib.
"Ermənistandakı bəzi siyasətçilərə məsləhət görərdim ki, öz maraqlarının təminatına çalışaraq Dağlıq Qarabağ problemini alver mənbəyinə çevirməsinlər", - D.Babayan söyləyib.
Ermənistanın sabiq baş naziri, keçmiş prezident Levon Ter-Petrosyanın sədrlik etdiyi Erməni Milli Konqresinin funksioneri, deputat Qrant Baqratyan isə bu açıqlamaya çox sərt reaksiya verib.
"David Babayanın "bəzi erməni siyasətçilər" dedikdə kimləri nəzərdə tutduğunu anlamaq çətin deyil. Dağlıq Qarabağın dövlət müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsinin müəllifləri mən və deputat Zarui Postancyandır. Babayan bizə deyir, "şəxsi maraqlarına görə Dağlıq Qarabağ problemi" ilə alver edirik?! O, deyəsən, bizi ələ salır", - Q.Baqratyan deyib.
Orxan Hun
Milli.Az