Dağlıq Qarabağda antiterror əməliyyatının keçirilməsi şərtdir?

4 Aprel 2011 10:53
Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyan Xankəndidə Ermənistanın müdafiə nazirinin müavini Alik Mirzabekyanla görüşüb. Milli.Az xəbər portalı "Regnum"a istinadən bildirir ki, görüşdə separatçı rejimin "baş nazir"i Ara Harutyunyan və "müdafiə naziri" Movses Hakopyan da iştirak ediblər.

Müzakirə edilən əsas məsələlər müdafiə sahəsində əməkdaşlıq, habelə Dağlıq Qarabağdakı separatçı rejimin maddi-texniki təminatının gücləndirilməsi olub.

Hərbi ekspert İldırım Məmmədov Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, Ermənistanın fasiləsiz hərbi-texniki yardımları olmadan Dağlıq Qarabağdakı separatçı rejimin mövcudluğu mümkün deyil. Belə yardımlar və əməkdaşlığın qarşısını almaq olar.

"Ancaq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin göstiərişləri ilə hərəkət etməyə davam etsək, ermənilər hərəkətlərini davam etdirəcəklər. Ermənistan bir neçə il bundan əvvəl hərbi doktrina qəbul edib. Həmin sənədin giriş hissəsində 13 dəfə Dağlıq Qarabağın adı çəkilir, qarabağlı ermənilər "müttəfiq" sayılır və xüsusi vurğulanır ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin "qarant"ıdır. Problemi həll etmək üçün Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə beynəlxalq səviyyətə daha geniş miqyaslı təsirlərə nail olmalıyıq.

Eyni zamanda, Azərbaycanın Milli Ordusu bundan sonra adaha sürətlə güclənməli, hər an döyüşə hazır vəziyyətdə qalmalıdır. Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərimizin azad edilməsi, Azərbaycan ərazisində erməni terrorçuluğu və separatçılığına son qoymaq üçün antiterror əməliyyatının keçirilməsi şərtdir", - İ.Məmmədov dedi.

Onun fikrincə, Ermənistandan zorla çıxarılmış azərbaycanlılar icma şəklində yox, sürgündə olan hökumət formatında bir təşkilatda birləşməlidir: "Eyni zamanda, erməni dilində telekanallar, radiostansiyalar olmalıdır və düşmənə qarşı bu minvalla da əks-təbliğat aparılmalı, qarabağlı ermənilərə həqiqət çatdırılmalıdır".

Orxan Hun
Milli.Az