Qlobal geosiyasi nizamın yenilənməsi: Bjezinski modelinin fərqlilikləri

5 May 2016 16:43

Görkəmli Amerika politoloqu Zbiqnev Bjezinskinin yeni məqaləsi dərc olunub. Məqalədə müasir dünya siyasətində baş verən proseslər təhlil edilir və bunun əsasında proqnozlar verilir.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, politoloq hazırda qlobal siyasətin müxtəlif sahələri əhatə edən 5 vacib probleminin olduğunu vurğulayır. Əsas məsələ isə dünyanın yeni nizamının formalaşdırılmasından ibarətdir. Z.Bjezinskinin fikrinə görə, bu prosesə Birləşmiş Ştatlar rəhbərlik etməlidir. Yeniləşmə təşəbbüsü də məhz Vaşinqtondan gəlməlidir. Bu aspektdə Amerika Rusiya və Çin istiqamətində xüsusi siyasət yeritməlidir. Ancaq bütün hallarda ABŞ-ın liderliyi təmin edilməlidir. Bu, əvvəlki modellərə bənzəməməlidir. Belə ki, artıq təkbaşına dünyanı heç bir dövlət idarə edə bilməz. Bu səbəbdən Amerika yeni qüvvələr balansını yaratmalıdır. Bunun üçün də politoloq bir neçə təklif irəli sürür. Onların sırasında müsəlmanlara qarşı tarixi haqsızlıqların nəzərə alınması diqqəti çəkir. Z.Bjezinski hesab edir ki, müsəlman cəmiyyətlərinin etirazları ilk növbədə həmin ədalətsizliklərlə əlaqəlidir. Lakin tanınmış siyasətşünas müsəlmanlara qarşı edilən haqsızlıqlarda bir sıra məqamları unudub. Məsələn, ermənilərin azərbaycanlıları qətlə yetirməsi faktı yazıda öz əksini tapmayıb.

Geosiyasi arxitektura: necə yenilənə bilər?

Dünyanın tanınmış analitik və strateqləri qlobal miqyasda geosiyasi nizamın yenidən formalaşdırılması zərurətini tez-tez vurğulayırlar. Bunun müxtəlif səbəbləri göstərilir. Tarixin keçmiş dönəmlərindən də bir-birinə bənzəməyən nümunələr gətirilir. Müasir dövrdə geosiyasi dinamikanın özəllikləri ilə bağlı müxtəlif müddəalar irəli sürülür və proqnozlar verilir. Lakin bütün hallarda fərqli baxışlar bir nöqtədə birləşir - dünya mövcud nizamlı strukturla artıq irəliləyə bilmir və yeni "geosiyasi arxitektura yaradılmalıdır" (Z.Bjezinski).

Bəli, məşhur Zbiqnev Bjezinski bu məsələ ilə bağlı olduqca aktual və maraqlı bir analitik yazı dərc etdirib. Məqalə "The American Interest" jurnalında işıq üzü görüb (bax: Zbigniew Brzezinski. Toward a Global Realignment / "The American Interest", aprel, 2016). Müəllif müasir mərhələdə qlobal siyasətin aktual problemlərinə geniş mövqedən yanaşır. Yazıda əsas məqsəd hazırda müşahidə olunan geosiyasi qeyri-müəyyənliklər kontekstində dünyada yeni balansın yaradılması yollarının təhlilindən ibarətdir.

İlk öncə Z.Bjezinski ABŞ-ın dünya liderliyi məsələsinin səmərəli həlli üsullarını göstərir. Əsas məqam ondan ibarətdir ki, artıq Vaşinqton təkbaşına dünyanı idarə edə bilmir. Müəllif yazır: "...ABŞ-ın dünya ağalığı erası başa çatır" (bax: əvvəlki mənbəyə). Bu səbəbdən dünya supergüclərinin qüvvələr nisbəti dəyişməlidir. Bunun təşəbbüskarı isə Amerika olmalıdır. Z.Bjezinski bu tezisi hazırda müşahidə edilən 5 real faktla izah edir (hər halda, analitik onları real fakt hesab edir).

Birincisi, ABŞ siyasi, iqtisadi və hərbi sahələrdə dünyanın ən güclü dövləti olaraq qalır. Lakin "regional qüvvələr nisbətinin mürəkkəb geosiyasi dəyişiklikləri nəzərə alındıqda, Birləşmiş Ştatlar artıq dünya miqyasında ali güc deyil" (bax: əvvəlki mənbəyə). Bununla yanaşı, başqa dövlətin də belə bir keyfiyyəti yoxdur. Deməli, Z.Bjezinskiyə görə, birinci reallıq ondan ibarətdir ki, indi heç bir böyük dövlət dünyanı təkbaşına idarə etmək iqtidarında deyil. Buradan belə nəticə çıxır ki, qlobal geosiyasi nizam iki və ya daha çox superdövlətin qüvvələrinin tarazlaşdırılması prinsipi üzrə tənzimləmə mexanizmi əsasında yenidən qurulmalıdır. Yerdə qalan 4 real fakt məhz bu tezisi sübut etmək üçündür.

Onlardan ikincisi belədir: "Rusiya hazırda imperiya tənəzzülünün və mərkəzdənqaçmanın axırıncı epileptik mərhələsini yaşayır" (bax: əvvəlki mənbəyə). Bunun ağrılı proses olmasına baxmayaraq, bu, Rusiyanın perspektivli dövlət olmadığı anlamına gəlmir. Çünki Rusiya birləşmiş Avropa tərkibində güclü milli dövlət ola bilər. Görünür, Moskva bunu ya dərk etmir, ya da qəbul etmək fikrində deyil. Çünki o, özündən qonşularını kənara itələyir, müsəlmanlarla dil tapa bilmir.

Z.Bjezinskinin bu fikirlərindən belə çıxır ki, Rusiya əsas diqqətini Avropa standartlarına uyğun güclü milli dövlət quruculuğuna yönəltməlidir. Bunun əvəzində, Kreml dünya lideri olmaq həvəsi ilə hərəkət edir və nəticədə, ətrafda yerləşən dövlətlərlə münasibətlərini daha da korlayır. Məsələn, Ukrayna, Gürcüstan və Baltikyanı ölkələrlə Moskvanın problemləri azalmır.

ABŞ-Rusiya-Çin "üçbucağı": ziddiyyətli konfiqurasiyanın əlamətləri

Bizcə, bu qiymətləndirmədə bir ziddiyyət vardır. Z.Bjezinskinin özü etiraf edir ki, Avropa artıq qlobal güc deyil. Bu, onun aşağıda təhlil edəcəyimiz dördüncü real faktıdır. Ancaq Moskva kontekstində ziddiyyətli məqam analitikin Rusiyanı bir tərəfdən dünyada geosiyasi balansı təmin edən tərəflərdən biri kimi təqdim etməsi, digər tərəfdən isə onu "qlobal güc olmayan Avropanın siyasi və iqtisadi çərçivəsinə" yerləşdirməsidir (bax: əvvəlki mənbəyə). Bu bağlılıqda Bjezinskinin üçüncü reallığı maraqlıdır.

Üçüncü reallıq dedikdə, analitik Çinin "dönmədən inkişaf etməsini" nəzərdə tutur (bax: əvvəlki mənbəyə). Pekin Vaşinqtonun ciddi rəqibi ola bilər. Hazırda Çin rəhbərliyi bunu büruzə verməməyə çalışır. Bu ölkə yeni nəsil silahlar istehsal etməklə yaxın gələcəkdə Amerikanı geridə qoya bilər. Belə çıxır ki, Çinin inkişafından narahat olan ABŞ onu özünə bərabər ola bilən yeganə rəqib hesab edir. Rusiya faktorundan da ilk növbədə Çinin qabağını almaq məqsədilə istifadə etməyə cəhd edilir.

ABŞ Çinin Rusiyaya təhlükə törədə biləcək səviyyədə inkişaf edəcəyi haqqında danışır və Rusiyanı inandırmaq istəyir ki, həmin təhlükədən onu ancaq Birləşmiş Ştatlar xilas edə bilər. Kütləvi informasiya vasitələrində Çinin Rusiyanın Uzaq Şərq regionlarını zəbt edə biləcəyi barədə tez-tez məlumatlar yayılır. Z.Bjezinskinin Rusiya və Çini yuxarıda təqdim edilən formada qiymətləndirməsi vurğuladığımız strategiyaya uyğundur. Çünki Rusiya Avropa tərkibində güclü və aparıcı milli dövlət olaraq təsəvvür edilirsə, Çin müstəqil, siyasi, iqtisadi, hərbi və mədəni imkanları ABŞ-a bərabər ola biləcək supergüc kimi təqdim olunur. Burada sətiraltı Çinin Rusiya üçün də təhlükə kəsb etməsi məqamı yer alıb. Z.Bjezinski keçmiş sovet respublikalarının dövlətçiliklərini getdikcə möhkəmlətməsi fonunda Rusiya-Çin-Qərb münasibətlərinin məzmunu haqqında vurğulayır: "İndi bu dövlətlər (keçmiş sovet respublikaları - müəllif) öz müstəqilliklərini möhkəmləndirirlər, Çin və Qərb isə bu yeni reallığı müxtəlif regionlarda və hər biri özünəməxsus formada Rusiyanın ziyanına istifadə edirlər" (bax: əvvəlki mənbəyə). Görünür, analitik 4-cü reallıqda bu məqamı nəzərə alaraq Avropaya geosiyasi proseslərdə yer ayırır.

Belə ki, dördüncü reallıq-fakt ondan ibarətdir ki, "Avropa hazırda qlobal güc deyil və çətin ki, gələcəkdə də olsun" (bax: əvvəlki mənbəyə). Lakin o, beynəlxalq aləm üçün olan təhlükələrə qarşı durmaqda təşəbbüsü öz üzərinə götürə bilər. Bununla yanaşı, Avropa ABŞ-ın yaxın müttəfiqi kimi gələcəkdə Rusiya-Ukrayna böhranının konstruktiv həlli üçün fəaliyyət göstərə bilər.

Z.Bjezinskinin bu fikirlərində maraqlı bir məqam vardır. Avropa qlobal güc deyil və olacağı gözlənilmir, lakin dünya miqyasında olan təhlükələrə qarşı mübarizədə fədakar davranmalıdır. Bu, məhz Vaşinqtonun Avropaya ayırdığı roldur. Aydındır ki, burada Avropadan Amerikanın geosiyasi liderliyinin təmini üçün addımlar atılması istənilir. Əsas məqsəd də geosiyasi qüvvələrin elə balansına nail olmaqdır ki, yekunda Amerikanın maraqları təmin edilsin. Görünür, Vaşinqton hələ də ən yaxın müttəfiqlərindən belə öz məqsədlərinə çatmaq yolunda istifadə etmək kursundan imtina etməyib.

Özlüyündə belə bir sual yaranır: ABŞ, Rusiya və Çin münasibətlərinin mürəkkəb sxemini qurmaq nəyə lazımdır? Bu sualın cavabını Z.Bjezinski 5-ci reallıq-faktda verir. Analitik vurğulayır: "Beşinci reallıq postmüstəmləkə müsəlman ölkələrində siyasi oyanmanın onların, əsasən, Avropa ölkələri tərəfindən edilən sərt təsirlərə müəyyən qədər gecikmiş reaksiyasıdır" (bax: əvvəlki mənbəyə). Doğrusu, başqa bir Qərb analitikindən bu cür etirafı duymamışdıq. Z.Bjezinski, faktiki olaraq, nəinki dərin düşünən analitik, həm də ədalətli olmağa çalışan insan olduğunu bir daha sübut edir. Şərqdə bu fikir çoxdan səsləndirilir.

O cümlədən Azərbaycan və Türkiyə prezidentləri islamofobiyadan, müsəlman dövlətlərinə olan haqsız təsir və təzyiqlərdən, onların uydurma faktorlar əsasında suçlandırılmalarından, ikili standartlar siyasətindən dəfələrlə danışıblar. Müsəlman dövlətinin sürətlə inkişaf etməsini qəbul etməyənlərdən söz açıblar. Qərb dövlətlərinin və onların nəzarətində olan beynəlxalq təşkilatların müsəlman ölkələrində problemlər axtarması, əsassız olaraq müxtəlif məsələlərdə ittiham etməsi, siyasi oyanışı terror formasına salmaq cəhdləri - bütün bunlar günümüzün reallıqlarıdır.

İndi Z.Bjezinski kimi analitiklər etiraf edirlər ki, bu proses dünyanın geosiyasi nizamına ciddi təhlükələr yaradır. Hətta vəziyyət o səviyyəyə çatıb ki, yaranmış situasiyada dünyanı xilas etmək üçün ABŞ-Rusiya-Çin əməkdaşlığının səmərəli formasını axtarıb tapmaqla, qlobal miqyasda qüvvələrin geosiyasi balansını yaratmağa nail olmağı təklif edirlər.

Çünki dərk olunur ki, müsəlman ölkələrin reaksiyası ədalətsizliyə qarşı güclü etirazdan qaynaqlanır və onun nəticələri uzaqlara gedə bilər. Amerikalı analitik konkret olaraq bir fikri ifadə edir: "...bu reaksiya...çoxlu sayda müsəlmanı ətraf dünyaya qarşı birləşdirir" (bax: əvvəlki mənbəyə).

Burada Z.Bjezinski bir qeyri-dəqiqliyə yol verir. Məsələ burasındadır ki, müsəlman ölkələri, ümumiyyətlə, "ətraf dünyaya qarşı" birləşmirlər, onlar zülmkarlara, istismarçılara, onların yurd-yuvalarını dağıdanlara, torpaqlarını bombalayıb xarabalığa çevirənlərə və təcavüzkar dövlətlərə havadarlıq edənlərə qarşı birləşirlər! Hesab edirik ki, bu, kiməsə qarşı olan süni davranış deyil, özünümüdafiə aktıdır.

Belə görünür ki, son zamanlar müsəlman ölkələrin gücü bir yerə qoyub, İslamı, müsəlman mədəniyyətini, dövlətçiliyi, ölkələrin ərazilərini qorumaq qərarı alması bir sıra dairələri çox narahat edir. Onlar səmimiyyətlə bəd əməllərdən çəkinib, ədalətli siyasət yeritmək əvəzinə, müsəlman olmayan böyük dövlətlərin müttəfiq olub, dünyaya yenə ağalıq etməsi haqqında düşünürlər. Z.Bjezinskinin təklifləri də məhz bu düşüncəyə əsaslanır.

Budur, o yazır: "Vahid əsasa malik bu beş reallıq bizə onu deyir ki, qüvvələrin qlobal balansını dəyişmək üzrə təşəbbüsü ABŞ öz üzərinə götürməlidir ki, müsəlman aləmində yaranmış və bəzən onun sərhədlərindən kənara çıxan zorakılığın dünya nizamını pozmadan qarşısını almaq mümkün olsun. Biz bu yeni arxitekturanı yuxarıda sadalanan bütün beş reallığı nəzərə alaraq ümumi cizgilərdə təsvir edə bilərik" (bax: əvvəlki mənbəyə). Deməli, ABŞ-ın liderliyi ilə dünyanın supergücləri müsəlman ölkələrindəki zorakılığın (bunu kimlərin yaratdığı deyilmir) digər regionlara yayılmaması üçün birləşməlidirlər. Kimlərə qarşı? Əlbəttə, müsəlmanlara qarşı. Onlar elə qüvvələr balansını əmələ gətirməyi təklif edirlər ki, müsəlman ölkələrinə siyasi, iqtisadi, hərbi və mədəni nəzarəti sərt çərçivələrə salsınlar və yekunda onları idarə etsinlər. Tanınmış analitik bu məqsədə çatmaq üçün konkret tezislərini ifadə edir.

Beş tezis: müsəlmanların oyanışı, yoxsa ədalətin bərpası?

Birincisi, əgər Amerika bu və ya digər dərəcədə Rusiya və Çinin də iştirak etdiyi koalisiya yarada bilsə, Yaxın Şərqdəki zorakılığa qarşı səmərəli dayana bilər. Ancaq belə bir koalisiyanın yaranması üçün Rusiyanı "öz qonşularına qarşı güc tətbiq etməkdən çəkindirmək" gərəkdir. Çini isə inandırmaq lazımdır ki, Yaxın Şərqdə baş verən zorakılıqlara münasibətdə passiv mövqedə qalmaq eqoist davranışdır və sonu hamı üçün problemlər yarada bilər. O cümlədən Pekinin siyasi və iqtisadi maraqlarına ciddi zərbələr dəyə bilər.

Nəzəri baxımdan müsbət təsir bağışlayan şərtdir. Lakin nə Rusiya, nə də Çin Z.Bjezinskinin təsvir etdiyi mənada öz siyasətlərindən əl çəkməzlər. Məsələn, Rusiyaya qonşularına qarşı hərbi güc tətbiq etməyi qadağan etmək nə deməkdir? Moskva bu sualın qarşılığında soruşur: bəs ABŞ və Avropa ölkələrinin Rusiyanın qonşuluğunda olan ölkələrə siyasi və hərbi təzyiq etməsi nə deməkdir?

Kreml öz təhlükəsizliyini qorumaq və dünyadakı mövqeyini saxlamaq naminə bu addımları atdığını ifadə edir. Müəyyən məqamlarda Moskva haqlıdır. Nədənsə imtina qarşılıqlı olmalıdır. Yəni heç bir böyük dövlət müstəqil ölkələrə təsir etməməlidir. Bu səbəbdən liderlik iddiasında olan və bunu hər kəsin bildiyi şəraitdə Vaşinqtonun Rusiyanı sakitləşdirmək cəhdi səmərəsiz olacaq. Suriya məsələsində bu, bir daha sübut olundu.

Çinə gəldikdə isə, Pekin heç bir halda ABŞ-ın siyasi məqsədlərinə xidmət edən hansısa birliyə daxil olmaz. Üstəlik, Cənubi Çin dənizində kifayət qədər gərgin vəziyyət yaranıb. Bunu nəzərə alaraq, Pekin Yaxın Şərqdə mübarizə aparan Rusiya, İran və Qərb ölkələrinin heç birinin yanında dayanmaz. Əksinə, Çin iqtisadi və enerji layihələri ilə həmin regionda kifayət qədər fəaldır. Hətta Afrika və Cənubi Amerika istiqamətində belə Pekinin ciddi addımlar atdığı məlumdur.

Bu səbəblərdən Z.Bjezinskinin Rusiya və Çin qarşısında yuxarıda qeyd olunan şərtləri qoyması düşündürücüdür. İkinci şərt də bu kontekstdə maraqlı təsir bağışlayır və birinci ilə əlaqəli görünür. Amerikalı analitikə görə, Rusiya tarixində ilk dəfə olaraq həqiqi mənada milli dövlət qurmaq şansı əldə edib. Lakin bu, ciddiyə alınmır. Buna baxmayaraq, Rusiya Avropa tərkibində aparıcı və güclü milli dövlət olmağa çalışmalıdır. Əks halda, Çinin ərazi-demoqrafik təzyiqlərinə qarşı durmaq Kreml üçün çox çətin ola bilər. Pekin keçmişdə "qeyri-bərabər" şərtlər daxilində imzalanmış müqavilələri birtərəfli qaydada ləğv edə bilər (bax: əvvəlki mənbəyə).

Biz yuxarıda məsələnin bu tərəfini müəyyən qədər təhlil etmişik. Burada onu vurğulayaq ki, Rusiyanı birləşən Avropanın tərkibində görmək reallığı əks etdirmir. Bu ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, vahid Avropa ideyası iflasa uğrayıb. Bundan başqa, Kremlin özünün Avropa ilə bağlı geosiyasi strategiyası mövcuddur. Burada Avropa İttifaqının Rusiyanın maraqlarına xidmət edən bir hala gətirilməsi, konkret desək, "arxa bağça" rolunu oynaması istənilir. "Arxa bağça" dedikdə, Moskva Avropa ölkələrinin yeni texnologiyalarının və mütəxəssislərinin siyasətdən kənar Rusiyaya gətirilməsini nəzərdə tutur. Üstəlik, Avropa innovasiya xarakterli təhsil üsullarını ruslara təmənnasız verməlidirlər.

Bu məqamlarla yanaşı, Rusiya çətin ki, Amerikanın Çin siyasətinə ortaq olmağa razı olsun. Təsadüfi deyil ki, bir sıra ekspertlər Kremlin üzünü Asiyaya çevirdiyindən bəhs edirlər (bax: Александр Лукин. Поворот России к Азии: миф или реальность? // "Международная жизнь", 2016, №4, c.90-107).

Bu zaman Moskva və Pekin müttəfiq olmağa deyil, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığa üstünlük verirlər. Yəni hər hansı blok yaratmırlar, hansısa güclərə qarşı durmaq fikirləri yoxdur. Bu mənada Rusiya ilə Çin rəqib deyillər, lakin müttəfiq də deyillər.

Təbii ki, bu format Z.Bjezinskinin yuxarıda təsvir etdiyimiz geosiyasi modelinə sığmır. Onda onun reallığından danışmaq riskli görünür. Amerikan analitik nəzəri model kimi nələrisə təklif edə bilər. Həmin fikirlərin reallaşması kifayət qədər qeyri-real görünür. Üçüncü şərtə də eyni məntiqlə yanaşmaq lazım gəlir. Belə ki, Z.Bjezinski Çinin inkişaf dinamikasının siyasi tələskənliyə aparıb çıxarmasının təhlükəli olduğunu vurğulayır. Analitik yazır: "Çin üçün yaxın gələcəkdə ən perspektivli siyasət ABŞ-ın başlıca tərəfdaşı olmaqdır..." (bax: əvvəlki mənbəyə).

Məqsəd aydındır - Çinin Amerika ilə tərəfdaş olmasından kənar istənilən siyasi kursu "tələskənlik" sayılacaq və əks zərbələr endiriləcək. Yeganə düzgün çıxış yolu, qısa desək, Vaşinqtonun yanında durmaqdır.

Dördüncü şərt müsəlman ölkələri ilə bağlıdır. ABŞ, Rusiya və Çin Yaxın Şərqdəki silahlı qruplara təzyiq etməlidirlər və onlara anlatmalıdırlar ki, zəbt etdikləri ərazidə heç bir imtiyaz sahibi deyillər. Yəni bu cür məsələləri supergüclər həll etməlidirlər. Müsəlmanların silahlı qrupları isə onların əmrlərini yerinə yetirməlidirlər. Z.Bjezinski onu da vurğulayır ki, ABŞ, Rusiya və Çin İran, Türkiyə, İsrail və Misir kimi dövlətçilik ənənəsi olan ölkələrlə əməkdaşlıq etməlidirlər.

Nəhayət, beşinci məqam daha maraqlıdır. Z.Bjezinski vurğulayır ki, uzun müddətdir ayrı-ayrı ölkələrə qarşı törədilən fitnə-fəsadlar yaddaşlarda dərin iz buraxıb. XIX əsrdə müxtəlif müharibələr və məcburi köçürmələr nəticəsində 100 mindən çox insan həlak olub. 1857-1867-ci illərdə Hindistanda ingilislər 12 milyona yaxın dinc insanı qətlə yetiriblər. Konqoda 1890-1910-cu illər arasında belçikalı istismarçılar 10-15 milyon adam öldürüblər. Vyetnamda isə 1955-1975-ci illər arasında 3 milyona yaxın insan qətlə yetirilib (bax: əvvəlki mənbəyə).

Z.Bjezinski bu məlumatlardan sonra konkret olaraq müsəlmanlara qarşı olan haqsızlıqlardan bəhs edir. Belə ki, 1864-1867-ci illər arasında Rusiya çərkəzlərin 90%-ni sürgün edib, 300 mindən 1,5 milyona qədər insan isə ya aclıqdan ölüb, ya da qətlə yetirilib. 1916-1918-ci illərdə çar Rusiyası Mərkəzi Asiya müsəlmanlarını Çinə sürgün edərkən 300 min insan həlak olub. İndoneziyada 1835-1845-ci illər arası hollandlar 300 min müsəlmanı öldürüblər. 1830-1845-ci illərdə fransızların vəhşilikləri nəticəsində Əlcəzairdə 1,5 milyon insan həyatla vidalaşıb. Liviyadan italyanlar müsəlmanları hərbi düşərgələrə göndəriblər ki, onların 500 minə qədəri həlak olub. Əfqanıstanda sovet qoşunları 1979-1989-cu illərdə 1 milyona yaxın adamı məhv edib, amerikanlar isə 26 min əfqanı qətlə yetirib. İraqda ABŞ və onun müttəfiqləri 165 min dinc vətəndaşı məhv ediblər (bax: əvvəlki mənbəyə).

Əlbəttə, bunlar dəhşətli rəqəmlərdir. Lakin, nədənsə, tanınmış analitik erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində törətdiyi vəhşiliklərdən bəhs etməyib. Ermənilərin Xocalıda həyata keçirdikləri vəhşilikləri dünyanın heç bir yerində, heç bir xalq, heç bir din mənsubu etməyib. Onlar insanları sadəcə öldürməyib, onların meyitlərini təhqir edib, bədən əzalarını kəsiblər. Minlərlə azərbaycanlı-müsəlmanı xüsusi amansızlıqla qətlə yetiriblər. Ermənilər qoca, qadın, uşaq demədən hər bir canlı müsəlmana qarşı olduqca qəddar davranıblar. Ancaq böyük dövlətlər bu haqsızlığa göz yummaqda davam edirlər. Onlar bu barədə danışmaq belə istəmirlər.

Beləliklə, yuxarıda təqdim edilən rəqəmlər göstərir ki, müsəlman cəmiyyətlərinin ədalətsizliyə qarşı etirazlarının tam əsası vardır. Belə bir şəraitdə dünyanın supergüclərinin ilk işi müsəlmanları qətlə yetirənləri cəzalandırmaq olmalıdır. Tarixi ədalət bərpa edilməlidir. Yalnız bundan sonra hansısa geosiyasi konfiqurasiyadan danışmaq mümkündür. Ədalət təmin edilməyincə, ən yaxşı nəzəri ideya belə masa üzərində qalacaq. O cümlədən Z.Bjezinskinin yuxarıda təhlil etməyə çalışdığımız geosiyasi modeli, yeni dünya arxitekturası yalnız ideya olaraq maraq doğuracaq. Ancaq təəssüf ki, belədir!

Milli.Az