Polis rəisi və ailəsinin qətlinə görə daha bir nəfər tutuldu

4 May 2016 12:06

Rusiyada Samara vilayətinin Sızran rayonunun keçmiş polis rəisi, istefada olan polkovnik Andrey Qoşt və onun ailə üzvlərinin ölümündə şübhəli bilinərək axtarışa verilən dördüncü şəxs saxlanılıb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu Daxili İşlər Nazirlyinin Samara vilayəti üzrə Baş İdarəsinin rəisi Serqey Solodovnikov deyib. Onun sözlərinə görə, şübhəli şəxs Tacikistandan Əfqanıstana keçən zaman sərhəddə saxlanılıb: 

"Saxlanılan şəxs qətlin baş verdiyi gün vilayətdən gedib. Ehtimal edilir ki, həmin şəxs qatilləri keçmiş rəisin evinə gətirib", - deyə o əlavə edib. 

Lakin S. Solodovnikov saxlanılan şəxsin adını açıqlamayıb. 

Qeyd edək ki, aprelin 24-də Sızran rayonunun İvaşevka qəsəbəsində yerləşən mənzildə ikisi kişi, dördü qadın olmaqla, 6 nəfərin meyidi tapılıb. Öldürülənlərdən biri Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt, digərləri isə onun ailə üzvləri olub. Ölümünə qədər A.Qoşt DİN-in Samara vilayəti üzrə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Hadisəni törətməkdə şübhəli bilinən 3 Azərbaycan vətəndaşı - Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğlu həbs edilib. Məhkəmə onların barəsində iki aylıq müddətinə həbs qəti imkan tədbiri seçib.

Milli.Az