Mənə inanın, xeyir taparsınız
3 Aprel 2011 15:11
Rüşvətxor və süründürməçi məmurlar ifşa edildikcə, belə demək olarsa, sular durulmağa doğru gedir. Ümidvarıq ki, bu sahədə illərlə düyünə çevrilən başqa problemlər də tez-gec həllini tapacaq.
Son aylar ölkəmizdə xoşagəlməz hallara - xüsusilə rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə aparılması sadə vətəndaşlarımızı sevindirir. Rüşvətxor və süründürməçi məmurlar ifşa edildikcə, belə demək olarsa, sular durulmağa doğru gedir. Ümidvarıq ki, bu sahədə illərlə düyünə çevrilən başqa problemlər də tez-gec həllini tapacaq. Təbii ki, bu işdə əsas yük dövlət qurumlarının üzərinə düşür. Bəs rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədə ölkə vətəndaşları nə etməlidirlər? Son günlər bu sual məni çox düşündürür...
Yaxşısı budur, əvvəlcə, son dövrlər xalqın formalaşdırdığı bir lətifəni söyləyim.
"Belə işləmək heç bizə də sərf eləmir ki..."
Cavan bir sürücü öz həmkarına deyir: - Dayı, o gün Yol Patrul Xidmətinin əməkdaşları kəmər taxmadığım üçün məni saxlamışdılar. 15 manat cərimə elədilər. Yerindəcə pulumu alıb, qəbz verdilər.
- Doğrudan?!
- Dayı canı. Nə qədər elədim, 10 manat ciblərinə basım ki, məsələni yüngül "həll edək", razılaşmadılar.
- Onda belə işləmək heç sərf eləmir ki...
- Niyə?
- Çünki əvvəl 40 manatlıq cəriməni 20 manata həll edirdik. Bəs bundan sonra neyləyəcəyik?...
Korrupsioner vətəndaş olmayaq
Məndən olsa deyərdim ki, ey sürücü qardaşlar, gəlin nəqliyyat vasitələrimizi qayda-qanunla sürək. Keçidlərdə vətəndaşlara yol verək. Səbirsizlik edib, "protiv" gedib, qarşıdan gələn maşınların qabağını kəsib, "probka" yaratmayaq. Qaydanı da pozanda cərimə nə qədər edirsə, onu dövlətin büdcəsinə ödəyək.
Ey sürücü olmaq üçün oturub bircə ay imtahana hazırlaşmaq istəməyənlər! İnanın, onsuz da əvvəllər sürücülük vəsiqəsini yalnız dövlət rüsumu ilə almaq mümkün idi. Tanıdığım insanların çoxu sürücülük vəsiqələrini öz ağıllarını və iradələrini ortaya qoyaraq, birinci dəfə olmasa da, ikinci, üçüncü... onuncu dəfə test imtahanından keçməklə alıblar. Niyə axı siz də bircə ay özünüzü əziyyətə salmaq istəmirsiniz?
Ey daşınmaz əmlakının hüququnu əldə etmək istəyənlər! Evi tikməzdən əvvəl onun sənədlərini hazırlayaq, ondan sonra binanı inşa etdirək və oraya qeydiyyata da rahatca düşə bilək. Daşınmaz əmlak mövzusu çox əhəmiyyətli məsələdir. Torpaq və ya ev əldə etməzdən əvvəl aldanmamaq üçün yaxın bildiyimiz hüquqşünaslarla məsləhətləşək və ya Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 193 nömrəli "qaynar xətt"i ilə əlaqə saxlayaq. İnanın, lazımlı proseduranı orada əyləşən dövlət qulluqçuları sizə səbirlə izah edəcəklər.
Ey maddi vəziyyəti həqiqətən yaxşı olmayıb, dövlətdən sosial müavinət almaq istəyənlər! Bu, sizin haqqınızdırsa, o zaman müavinət kartınızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəzi işçilərinə verib, ilk 3-5 aylıq halal pulu onlara verməyin. Yox, əgər bu sizin haqqınız deyilsə, heç əyri yola getməyin. Çünki bu pullarda 9 milyon insanımızın haqqı var!
Ey xaricdən ölkəmizə avtomobil gətirmək istəyənlər! Bundan sonra sizin nəqliyyat vasitənizin gömrük rüsumunu başqası yox, siz özünüz də rahatca hesablaya biləcəksiniz. Bunun üçün, sadəcə olaraq, internetə girib, customs.gov.az və ya rusum.az saytlarından yararlana bilərsiniz. Gömrük postları və ya idarələrində haqsız olaraq incidiləndə və ya süründürməçiliyə məruz qalanda isə birbaşa Dövlət Gömrük Komitəsinin internet səhifəsindən həmin qurumun rəhbəri Aydın Əliyevlə əlaqə saxlayıb, öz şikayətlərinizi çatdıra bilərsiniz!
Ey əlində sərmayəsi olan sahibkarlarımız! İnanın, hələ korrupsiya ilə mübarizənin qızğın olmayan dövründə Azər adlı bir dostum bir il vergi işçiləri ilə mübarizə apararaq, həm yerli, həm də apelyasiya məhkəməsində onlara qalib gəlmişdi. Bunun üçün çox əziyyət çəkdi. Bircə şeyə heyifsilənirdi ki, yan-yörəsində işləyən obyekt sahiblərinin heç biri risk eləyib haqsızlıqla mübarizədə ona dəstək olmadılar. İndi isə ölkəmizdə elə şərait yaradılıb ki, qayda-qanunla alış-veriş edib, vergini dövlət büdcəsinə ödədikdən sonra heç kim sənə "gözün üstə qaşın var" deyə bilməz!
Siyahını genişlətmək, söhbəti uzatmaq da olar. Amma vurğulamaq istəyirəm ki, korrupsiya ilə mübarizə tək dövlətin işi deyil. Biz vətəndaşlar da öz hüquqlarımızı bilib, onu qorumalıyıq. Əks halda, biz də olarıq korrupsioner vətəndaş! Öz əməllərimizlə dövlətə dəstək olmalıyıq ki, Azərbaycanımız qibtə etdiyimiz ölkələrin səviyyəsinə çatsın... Söylədiklərimi bir də ağlınızdan keçirin və saf-çürük edin. Mənə inansanız, xeyir taparsınız. Çünki düz yolla gedən heç vaxt büdrəməz.
"Zaman Azərbaycan"